Heydər Əliyev Mərkəzində təqdimat keçiriləcək

Noyabrın 1-dən 15-dək Azərbaycanda ilk dəfə olaraq məktəblilər  arasında "Eco Picture Diary 2013" ("Eko Rəsm Gündəliyi 2013") beynəlxalq müsabiqəsi keçiriləcək. "OLAYLAR"-ın Heydər Əliyev Mərkəzinə istinadən verdiyi xəbərə görə, müsabiqənin milli mərhələsi IDEA (International Dialogue for Environmental Action) tərəfindən, YUNESKO-nun himayəsi altında, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin (PMCIS) dəstəyi ilə təşkil olunur. Azərbaycanın ilk dəfə qoşulduğu bu müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edəcək. Müsabiqənin noyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək təqdimat mərasimində 314 ümumtəhsil məktəbi, noyabrın 2-də Gəncə şəhərində təşkil ediləcək konfransda isə 49 ümumtəhsil məktəbi təmsil olunacaq. "Eco Picture Diary 2013" ("Eko Rəsm Gündəliyi 2013") müsabiqəsinin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, flora və faunaya qayğının aşılanmasıdır. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşmasına xidmət edir. İDEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və  Təbii Sərvətlər Nazirliyi, YUNESKO, PMCİS, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti final mərhələsinə vəsiqə qazanan 20 iştirakçı arasından bir nəfər milli qalibi müəyyən edəcək. Müsabiqənin qalibi 1 dekabr 2013-cü il tarixinədək elan olunacaq. Milli qalibin "Eko Gündəliyi" layihənin beynəlxalq münsiflər heyətinə göndəriləcək. Bütün ölkələrin milli qalibləri arasından seçiləcək 6 ən yaxşı finalçı 2013-cü ilin dekabrında Parisdə beynəlxalq müsabiqənin nəticələrinin elan olunması mərasimində iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31