Ukraynalı balet ulduzları “Don Kixot” baletinin tamaşasında iştirak edəcək
1 Noyabr 2013 13:22 MədəniyyətNoyabrın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun "Don Kixot" baletinin tamaşası keçiriləcək. Tamaşada əsas rollarda Ukrayna Milli Operasının aparıcı solistləri - Ukraynanın Əməkdar Artisti Tatyana Lyozova (Kitri) və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Andey Qura (Bazil) çıxış edəcək. Ukrayna operasının əsas solistlərindən biri olan Tatyana Lyozova hazırda truppanın ən populyar və istedadlı artistlərindən biridi. T.Lyozova vətəni Ukraynada çıxış etməklə yanaşı, bir çox xarici ölkələrdə - Almaniya, Fransa, İsveçrə, İspaniya, Portugaliya, İtaliya, Böyük Britaniya, Yunanıstan, Kipr, ABŞ, Yaponiya, Çin, Meksika və Qvatemalada böyük uğurla keçən qastrol səfərlərində olub.
Xarici KİV-lər T.Lyozovanın çıxışlarını hər zaman yüksək qiymətləndirir, onun yüksək texnikaya və artistizmə, çox baxımlı xarici görkəmə və nadir plastikaya malik olduğunu qeyd edirlər. Tənqidçilər isə onu müasir dövrün klassik balet sənətinin həqiqi ulduzu kimi qiymətləndirir. "OLAYLAR" İA.