I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi çərçivəsində KİV üçün mətbuat konfransı keçiriləcək
30 Oktyabr 2013 17:00 Mədəniyyət1 oktyabr-5 noyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi çərçivəsində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçiriləcək.
Konfransda müsabiqənin Beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının Baş katibi Mişel Barmakinin, münsiflər heyətinin üzvləri Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri Elbay Qasımzadənin, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtasın, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri Tomas Vonier və Hayder Alinin, eləcə də MDB-yə üzv dövlətlərin Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının prezidenti və Qazaxıstan Memarlar İttifaqının prezidenti Akmurza Rustambekovun iştirakı nəzərdə tutulmuşdur.
Mətbuat konfransında müsabiqənin məqsəd və vəzifələri, müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlər və layihənin növbəti illərdə davamı ilə bağlı məlumat veriləcək və kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılacaq. Konfrans 31 oktyabr 2013-cü il tarixdə, saat 16:30-da "Four Seasons Hotel Baku" mehmanxanasının "Çahargah" zalında olacaq. Media nümayəndələrinin qeydiyyatı saat 16:20-dək aparılacaq.
Müsabiqə günlərində media mənsublarının iştirakı nəzərdə tutulan tədbirlər:
1) 31.11.2013, saat 16:30-17:00, Mətbuat konfransı, "Four Seasons Hotel Baku" mehmanxanasının "Çahargah" zalı.
Bütün KİV dəvətlidi.
2) 01.11.2013, saat 10:00, Sərgi iştirakçılarının Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət etməsi.
Bütün KİV dəvətlidir.
3) 01.11.2013, saat 11:00, Ölkəmizə səfər edəcək jüri üzvlərinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının Katibliyinin üzvlərinin mədəniyyət və turizm naziri tərəfindən qəbulu.
Protokol əsasında.
4) 01.11.2013, saat 12:00-13:00, Sərginin açılışı.
Bütün KİV dəvətlidi.
5) 02.11.2013, saat 09:30-12:30, jüri üzvlərinin toplantısı (müsabiqənin nəticələrinin müəyyən olması), Bakı Biznes Mərkəzi.
Bütün KİV dəvətlidir.
6) 03.11.2013, saat 19:00, Müsabiqənin təntənəli mükafatlandırma mərasimi, "Four Seasons Hotel Baku" mehmanxanası.
I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramı açıqlanıb
20-24 noyabr 2013-cü il tarixində Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivala ümumilikdə 38 ölkədən 140 rejissor 215 film təqdim edib.
Festivalın təşkilat komitəsi müsabiqə proqramını açıqlayıb. "Ölkə, region, şəhər" kateqoriyasında 15, "Mədəniyyət, ənənə" kateqoriyasında 16, "Ekstremal turizm" kateqoriyasında 9, "Ekoloji turizm" kateqoriyasında 13, "Reklam filmləri" kateqoriyasında 10, "TV filmləri" kateqoriyasında 15 film olmaqla ümumilikdə 78 film müsabiqə proqramına daxil edilib.
31 ölkədən (ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Bosniya və Hersoqovina, Böyük Britaniya, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Xorvatiya, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Monteneqro, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukrayna, Yunanıstan) 74 rejissorun filminin iştirak etdiyi müsabiqə proqramında 14 azərbaycanlı rejissorun da filmi yer alıb.
Filmlər 20-23 noyabr tarixində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi mükafatlandırmaq üçün müəyyən edəcək. I yerə layiq görülən filmlərə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə layiq görülən filmlərə Gümüş mükafat - diplom və mükafat, III yerə layiq görülən filmlərə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro pul təqdim ediləcək.
Qeyd edək ki, noyabrin 20-də keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcək. Həmin gün Nizami Kino Mərkəzində açılış filmi olaraq məşhur fransız aktyoru Jerar Depardyenin iştirakı ilə Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" filmi nümayiş olunacaq. Festivalın bağlanış mərasimi isə noyabrın 23-də nəzərdə tutulur. Festivala xaricdən 45 qonaq dəvət edilib. Bu qonaqlardan bir hissəsi müsabiqədə iştirak edən filmlərin rejissorları, bəziləri isə dünyanın müxtəlif yerlərində keçirilən turizm filmləri festivallarının direktorlarıdır.
Qeyd edək ki, festival direktorlarının müsabiqə proqramında nümayiş edilən filmlərdən öz festivallarının proqramı üçün seçim aparacağı da istisna edilmir. Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival həmin filmlərə beynəlxalq auditoriya qazandırmaq üçün onlara dəstək göstərir. Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi sponsoru Garant Holding, sponsoru Nar Mobile, rəsmi tərəfdaşı "JW Marriot Absheron Baku" hoteli, informasiya dəstəkçiləri İctimai Televiziya, APA Holdinq və day.az saytıdır.