“Sənətə fahişəlik məqsədilə gələnlər var” - BİZİM QONAQ
Sənəti olmayanlar qalmaqala əl atırlar
29 Oktyabr 2013 16:02 Mədəniyyət"Bizim Qonaq" layihəsinin budəfəki həmsöhbəti gənc müğənni Rövşən Civişovdu. Həmsöhbətimizlə sevgi və sənət dünyasından söz açdıq.
-Çox dinamik ifaçı kimi tanıdığımız Rövşən Civişovla daha yaxından tanış olaq.
-Səmimi göründüyüm qədər də qürurlu insanam. Bir çoxlarından fərqli olaraq uğurlarım artdıqca başım əsmir, sadəliyimi hər zaman qoruyuram. Çünki mən böyük səhnələr görmüşəm. Amma indi təzə çıxanlardan biri mahnı yazdıran kimi qudurur. Onların gördüyü budur. İnsanın sadəliyi də onun geni ilə bağlıdı. Hər zaman özümə hörmət qoymuşam, nəyəsə görə kiməsə yaltaqlanmamışam. Əqidəm buna yol verməz. Ətrafımda çoxlu dostlarım var. Amma kimsə yalandan özünü dost kimi göstərib mənə xəyanət edərsə gərək ki, Allaha yalvara. Yatmış şirəm, qəzəbim tutanda təsəvvür olunmaz dərəcədə dəhşətli oluram. Özləri də bilmədən onlara gözlənilməz anda dəhşətli zərbələr vururam. Çalışıram ki, ayağımın altını qazan belə insanlardan uzaq olum. İnsanlara çox yaxşı bələdəm. İlk baxışdan özümü çox sadə təqdim edib, hamının üzünə gülürəm ki, görüm qarşımdakı mənim sadəliyimdən sui-istifadə edəcəkmi? Biri ilə dost olmamışdan öncə onun yetərincə sınaqdan keçirirəm. Onun sınaqdan necə çıxmasını görüb qərar verirəm. Çox şən, həm də ünsiyyətcil olduğum üçün dostlarım məni çox sevir. Onlarla birgə hər zaman xoş vaxt keçiririk.
-Musiqiyə sevginiz yəqin ki, kökünüzə bağlanır. Nəslinizdə yetişən sənətkarlar olubmu?
-Ulu babalarımın da gözəl səsi olub, aralarında xanəndə, mərsiyə oxuyan da olub. Musiqi duyumu bizim nəslimizdə var. Qardaşımın da çox gözəl səsi var. Hazırda Almaniyada təhsil alır. 12 yaşımdan etibarən oxumağa başlamışam. Öncələr Qazaxda yaşayarkən 5 müsabiqədə iştirak etmişdim, hamısının da qalibi oldum. 1999-cu ildən etibarən Mədəniyyət Nazirliyinin dəvəti ilə Bakıya gəldim. Daha sonra sənətimlə əlaqədar Bakıda təhsil aldım. O vaxtlar görkəmli müğənnimiz Zeynəb Xanlarova ilə rəhmətlik Səlim Babayev maddi cəhətdən kömək edərək, bütün sıxıntılarımı aradan qaldırdı. Bu sənətə Zeynəb xanımın təşəbbüsü ilə gəlmişəm, buna görə ona ömrüm boyu minnətdaram. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Muğam sinfində müəllimim mərhum sənətkarımız İslam Rzayev idi. 4 il onun tələbəsi oldum, bu illər ərzində muğam və xalq mahnılarımızın sirrlərini öyrəndim. Heç yadımdan çıxmaz, İslam müəllim mənim ifamda "Zərif gülüşlüm" mahnısını eşidəndə çox kövrəlirdi. Muğam şöbəsi ilə yanaşı estrada bölməsi üzrə də təhsil aldım. Bu sahədə mənə Vaqif Gərayzadə yardımçı oldu.
-Uşaqlıq illərindən də söz açaq. Uşaqlığınız müharibə illərinə təsadüf edir. O illəri necə xatırlayırsınız?
-Uşaqlığım müharibə illərinə təsadüf etdiyi üçün, bütün ailələrdə olduğu kimi bizdə də sıxıntılar yaşanırdı. Təbii ki bir müddətdən sonra hər şey həllini tapdı. Atam Tiflisdə işləyirdi deyə, mənə gözəl geyimlər alırdı. Uşaqlığım yaxşı keçib. Uşaq vaxtı özüm üçün konsert verərdim. 7-8 qonşu uşağını yığıb atamın köhnə geyimlərini cıraraq səhnə geyimləri düzəldərdim. Uşaqlıqdan düşünürdüm ki, Allah məni məhz bu sənət üçün yaradıb. Uşaq yaşlarından bu sənətə meylim olub. Düzdü, əvvəllər atam mənim müğənni olmağımı istəmirdi. Atamdan gizlin tədbirlərə qaçırdım. Sonradan istedadımı görüb, müğənni olmağıma icazə verdi...Məktəb illərim də çox maraqlı keçib. Məktəbin son illərini Bakıda oxumuşam, amma təhsilimin böyük hissəsini rayonda aldığım üçün o xatirələr mənim üçün daha əvəzolunmazdı. Tələbə yoldaşlarımı da unutmamışam. Hərdən olub ki, onları düşünüb ağlamışam. Həmişə yenidən o illərə qayıtmaq istəmişəm, artıq hər biri ailə-uşaq sahibidi, onlar üçün çox darıxmışam. Öz tələbə yoldaşım olan iki qızı sevirdim. Evdəkilər məni onların yanından ayıra bilmirdi.
-Ayağınızdan dartanlar da yəqin az olmayıb...
-Həmişə istedadlı insanların ayağından dartıblar. Mənim də ayağımdan dartanlar çox olub, amma heç birinə əhəmiyyət verməmişəm. Hərdən yolumu bağlamaq istəyənlər də olub. İstedadım bir çoxlarının gözünü kor edib. Həyatda əsas devizim "İrəli!"di. Paxılları gördüyüm işlərlə yandırmağı çox sevirəm. Paxıllıq edərlər də, səs məndə, yaraşıq məndə. İnşallah bu dediklərimlə hər şeyi sübut edəcəyəm.
-Artıq neçə ildir ki, sənətdəsiniz. Bu illər ərzində nələr dəyişdi?
-Bakıya gəldikdən sonra çox əziyyətlər çəkdim. 1999-cu ildən etibarən özüm bişirib, özüm qab-qacaqları yuyuram. İldə bir dəfə valideynlərimin üzünü görmək üçün rayona gedirəm. Bu cür çətinliklərin qabağında sənətlə də məşğul olmuşam. 15 ildir ki, bu əzab-əziyyəti çəkirəm. Dişimlə didə-didə, dırnağımla cırmaqlaya-cırmaqlaya sənətdə qalmışam. Şükürlər olsun ki, indi mənə dəstək olan köməkçilərim var.
-Etiraf edək ki, bu sənətdə hər kəs bir işlə məşğuldu. Kimisi səsi oldu-olmadı əsas məqsədi pul qazanmaqdı, kimisinin məqsədi açıq-saçıq şəkildə özünü reklam etdirməkdi. Açıq-saçıqlığa münasibətiniz necədir?
-Düşünürəm ki, sənətə fahişəlik məqsədi ilə gələnlər bu sənəti fahişəxanaya çeviriblər. Gedib əvvəlki işləri ilə məşğul olsunlar. İncəsənət müqəddəs bir sənətdi, rədd olsun sənəti olmayanlar. Onlara əvvəlki işləri daha çox uğur gətirər məncə.
-Qalmaqala münasibətiniz necədir?
- Yersiz qalmaqalları sevmirəm. Bu yola daha çox sənəti olmayanlar əl atırlar. Bir həftə yaxşıca yıxılıb-süründükdən sonra tamaşaçının da gözündən düşürlər. Səbəbsiz yerə yaranmayan qalmaqal, söz-söhbətlər də var. İnsan məcburən hansısa haqsızlığa dözməyib danışır. Qalmaqal yaradan müğənni gərək ilk öncə sənətinə də baxsın, düşünsün ki, bu sənət onu qalmaqalların müqabilində belə xalqın gözündə qoruyub saxlayacaqmı.
-Sevgidən danışaq. Nələr var?
-Heç sevməmişəm. Cüzi sevgi, dostluq münasibətləri olub, amma ən böyük sevgimi sənətimə həsr etmişəm. Həmişə qorxmuşam ki, birdən kimisə qəlbən sevərəm, bu zaman sənətimə sevgim azalar. İllərdir ki, sənətim üçün çəkdiyim əziyyəti sevgimə qurban verirəm. Bu yaxınlarda məclislərin birində bir qız görmüşdüm, hələ də onu yaddan çıxarda bilmirəm. Görək axırı necə olacaq. Sevsəm dəlicəsinə sevəcəyəm. Əvvəl də bir müğənni xanımla eşq macəramız olub. Adını çəkməyəcəyəm. Amma nə qədər sevsəm də sənət mənim üçün hər şeydən öndədir.
-Olubmu ki, sevginiz cavabsız qalsın?
-Sevgim heç vaxt cavabsız qalmayıb. Kimə əl uzatsam sevgimə sevgi ilə cavab verib. Qızlar hər zaman məni seçdiyi üçün yanımdakı oğlanların məni qısqanc baxışlarla süzdüyünü də görmüşəm. Həm də xanımlara qarşı çox diqqətliyəm.
-Xanımların sizdən gözləntiləri nədir?
-Xanımlar məndən daha çox nəvaziş və diqqət görmək istəyirlər. İstəyirlər ki, bütün günü onlar haqda düşünüm, bu çox normaldı. Zərif cinsin nümayəndələrinə qarşı hər zaman diqqətlə yanaşmışam. Çalışmışam ki, onların xətrilərinə dəyməyim...Onlar da məni çox sevirlər. Qıvrım saçlarımı çox bəyənirlər, hətta saçlarımı kəsdirəndə məndən küsürlər də.
-Bir xanıma sevginizi necə bəyan edirsiniz?
-Xanımlara sevgimi xüsusi jestlərlə edirəm. Sadəcə quru-quru səni sevirəm deməyə nə var ki. Xanımlara çox diqqətli yanaşmaq lazımdı.
Nigar Məhərrəm