Hüseyn Cavidin "Keçmiş günlər"i
və yaxud
29 Oktyabr 2013 15:30 Mədəniyyətetirafın dəyərli nümunəsi, poeziya toplusunun "Post Scriptum"u
"Keçmiş günlər" Hüseyn Cavidin ilk şeirlərinin toplusudur.Toplu çap olunanda H.Cavid əqidə dostları arasında dramaturq kimi tanınırdı, cəmiyyətin sayılıb-seçilən ziyalılarından idi. "Ana" adlandırdığı bir pərdəli dramı onun gələcəkdə yaxşı dramaturq olacağından xəbər verirdi. Oxucular "Ana"dan sonra "Maral"ın pişvazına çıxdılar, onu da sevinclə qarşıladılar. Maral dövrün əzib-alçaltdığı zavallı bir qadın idi. Əsərin ikinci adının "Zavallı qadın" olması da məhz bu qadının yerə-göyə sığmatan faciəsi ilə lgilidir.
Bu sözləri tanıtma və "Keçmiş günlər"ə qayıtmaq üçün söyləməyə məcbur oldum.
"Keçmiş günlər" - əl boyda kitabdır. 1913-cü ildə Tiflisdə çap olunub. Atamın yaşıdıdır. Bəlkə elə həm də buna görə mənə doğma gəlir. Cəmi 24 səhifədir. Bu 24 səhifəyə 13 şeir yerləşdirilmişdir. Mən inanmıram ki, Hüseyn Cavid 31 yaşınadək cəmi -cümlətanı 13 şeir yazsın. Bəlkə də H.Cavid 13 ilə 31--in uyarlığını ( 13-31) yaratmaq istəmişdir. Hər halda rəqəmlərin poeziyası da nə isə deyir.
Kitabdakı şeirlərin düzülüşü- ardıcıllığı belədir:
1. Hübuti-adəm. (Adəmin cənnətdən enməsi-N.N.)
2. Bakuda (Balaxanı neft mədənlərinə gedərkən Məsud ilə Şəfiqə arasında bir müsahibə)
3.Yadi-mazi (Keçmişin yada salınması-N.N.)
4.Otuz yaşında
5.Gecə idi (Gecə idi,hər yeri sarmışdı bir sükut)
6.Bir rəsm qarşısında
7.Elmi - bəşər ( Bir məktub münasibətilə", bəradərimə)
8.Qadın ( Qadın,ey sevgili həmşirə,oyan)
9.Küçük ( kiçik -N.N.) sərsəri
10.Öksüz Ənvər
11.İlk bahar
12. Qız məktəbində
13.Çiçək sevgisi (Ədibi-möhtərəm Əli bəy Hüseynzadəyə-N.N.; səh. 23-24 )
Qeyd ( səh.24)
Bu şeirlərin hamısı "Keçmiş günlər"dəki ardıcıllıqla H.Cavidin 5 cildlik Əsərlərinin birinci cildində toplanmışdır.(Hüseyn Cavid. Əsərləri, 5 cilddə, "Lider-Nəşriyyat, Bakı, 2005).
Bu yazını yazmaqda əsas məqsədim "Keçmiş günlər"in nostalgiyasından,həsrətindən söz açmaq deyil. Görünən kəndə nə bələdçi?
Bu şeirlər haqqında Yaşar Qarayevin dediklərindən yaxşı söz söyləmək,onsuz da, hər oğulun işi deyil.Yaşar Qarayev hələ 1963-cü ildə yazmışdı: "1913-cü ildə H.Cavidin "Keçmiş günlər" adlı ilk şeirlər məcmuəsi nəşr edilir. Bu lirik və romantik şeirlərdə şair müasir ictimai mühiti tənqid edir, köhnələn etiqadlara, din və fıəlsəfəərə qarşı çıxır, eyni zamanda fərdin arzuları ilə cəmiyyətin tələbləri arasındakı ziddiyyətləri açıb göstərməyi bir mütəfəkkir sənətkar,humanist şair kimi qarşıya qoyur".
H.Cavidin "Keçmiş günlər"i kitabı toplunun sonundakı kiçik bir səhvin üzrxahlığına görə də çox maraqlıdır. Bu üzrxahlıq və reklam xarakterli bir neçə kiçik xəbər
Əli bəy Hüseynzadəyə həsr edilmiş şeirin -"Çiçək sevgisi "nin sonuncu 3 misrasından - kitabın poeziyası qurtaran yerdən
Fələk o nazlı mələk nerdə!?
-Şimdi yaryalınız,
Dərin bir uyquya dalmış məzar içində o qız!
****
sonra , kitabın sonuncu səhifəsində- 24-cü səhifəsində yerləşdirmişdir.
Bunu poeziya kitabının " P.S" -i " POST SCRİPTUM" u da adlandırmaq olar.
*** Qeyd ***
"Keçmiş günlər"i şairanə bir nəzərlə gözdən keçirənlər şeirə bənzər dəgərli bir şey bulamazlar. Şu yapraqlar( şeirlər-N.N.) yalnız hekayə və həsbi-hal rərzində qaralanmış bir taqım parçalardır (Şeir parçalarıdır-N.N.).Yazılışına gəlincə:("Ana")dakı ( mülahizəyə ) bir kərə ətri-nəzər edə bilməsi kafi olsa gərək...
H.C.
***
Təb olunduqdan sonra ilk səhifədə "qayğısız" yerinə "ğayğısız" basıldığı kibi bir taqım küçük(kiçik-N.N.) imla xətaları görülməkdədir.Möhtərəm qarelərdən
( oxuculardan -N.N.) təshih v əfv edilməsi acizanə rica olunur.
*** Mayıs 1913
MÜƏLLİFİN BASILMIŞ ƏSƏRLƏRİ:
"Ana" -barmaq üsulu
BASILACAQ ƏSƏRLƏRİ
"Maral"-mənsur
"Bahar şəbnəmləri"- mənzum
"Rəmzi"- mənsur
***
Qələm əhli Hüseyn Cavidin bu dəyərli etirafını- bir imla xətasına görə oxuculardan üzr istəməsini etirafın ən dəyərli nümunəsi kimi dəyərləndirilməlidirlər.
Bu qeydlərdə Hüseyn Cavid tədqiqatçıları və oxucuları üçün daha maraqlı, sətiraltı mənalarla dolu məqamlar da var.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avpora Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi -Metodik Şurasının
Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü.
24.10.2013-cü il.
Ədəbiyyat
1.Hüseyn Cavid.Keçmiş günlər, Tiflis,1913.
2. Hüseyn Cavid.Əsərləri, 5 cilddə, 1-ci cild. "Lider-Nəşriyyat",Bakı,2005.
3. Nəsrəddinov Nazim .Türkiyədə dərs alan Azərbaycan Şekspiri. Ankara,
Haldun Cezayirlioğlu Koleksiyonu, 30 ekim 2012.