Muzeydə Beynəlxalq Elmi Konfrans keçiriləcək
29 Oktyabr 2013 12:10 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyində 29-30 oktyabr 2013-cü ildə "Maddi Mədəniyyət Abidələrinin Bərpası, Konservasiyası və Mühafizəsi Problemləri " Beynəlxalq Elmi konfransı keçiriləcək. Bir sıra xarici qonaqlarında iştirakının gözlənildiyi konfransın 29 oktyabr 10:00-da təşkil olunub. Konfrans günü Milli Azərbaycan Tarixi Muzeyində "Mis süfrə qabları" sərgisinin açılışı olacaq. Sərgidə Muzeyin Etnoqrafiya Fondundan XVIII -XIX əsrlərə aid 25 adda 160-dan artıq eksponat nümayiş olunur. XIX-XX əsrlərdə ənənəvi olaraq istifadə olunan misgərlik alətləri- kəlbətinlər, zindan və çəkiclər, qayçılar, körük, həmçinin "misgər emalatxanası" maketi Azərbaycanda misgərlik sənətinin xüsusiyyətlərindən məlumat verir. Sərpuş, qapaq, xeyrə, səfər samovarı, badyan, sini, qablama, nimçə, məcməyi, kasa, şərbətxor, sini, camlar, armudu stəkan, çaynik, çıraq, qazan, qəhvədan, aftafa- ləyən, çömçə, şərbətilər, güləndan və zərəndazlar Azərbaycan ustalarının misgərlik sənətində qazandıqları yüksək nailiyyətləri əyani olaraq nümayiş etdirir. Azərbaycanda düzəldilmiş qablarla bərabər sərgidə Avropa və Rusiyada düzəldilmiş, XIX əsrdən başlayaraq Azərbaycanda istifadə olunmuş badələr, samovarlar da sərgi izləyicilərinin diqqətinə təqdim olunacaq. Həmçinin burada gənc rəssam Günay Yusifovanın mis qablarla bir neçə natürmortu tamaşaçıların diqqətinə təqdim olunacaq. Sərgidə qurulan məlumat panellərində Azərbaycan və ingilis dillərində Azərbaycan mis süfrə qabları haqqında məlumat verilir. Sərgi Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə hazırlanıb. Sərginin müəllifi Muzeyin Etnoqrafiya Fondunun müdiri, t.ü.f.d. Gülzadə Abdulovadır. Sərginin dizayn və tərtibatı t.ü.f.d. Səbuhi Əhmədov tərəfindən verilmiş, texniki-tərtibat işlərinə rəhbərlik Əli Məhərrəmov tərəfindən həyata keçirilmişdir. Sərginin kompyuter dizaynı Emin Dadaşov hazırlanıb. Sərgiyə giriş pulsuzdur. Sərgi öz işini 29 dekabr 2013-cü il tarixinədək davam etdirəcək. "OLAYLAR" İA.