Mehmanxana sistemində çalışan şəxslər üçün təlim-tədris kursları təşkil edilir
28 Oktyabr 2013 16:27 MədəniyyətAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın turizm sektorunda çalışan mütəxəssislər üçün ənənəvi olaraq təşkil olunan təlim-tədris kurslarının növbəti mərhələsi 22-30 oktyabr 2013-cü il tarixində "İdarəçilərin təlimçi olaraq hazırlanması", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" ixtisasları üzrə Bakı şəhərində fəaliyyət göstərən 3 və 4 ulduzlu mehmanxana sistemində çalışan işçilər üçün keçirilir.
Kurslarda Türkiyədən dəvət olunmuş müvafiq ixtisaslar üzrə müəllimlər tədris aparır. Kurslar ilkin olaraq Azərbaycan Turizm İnstitutunda başlamışdır və oktyabr ayının 31-də Bakı Turizm Peşə Məktəbində (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi 17)dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq.
Qeyd edək ki, Türkiyə tərəfindən 2001-ci ildən keçirilən bu təlim proqramlarına Azərbaycandan 1 326 nəfər cəlb olunub. Bu istiqamətdə təlimlər paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcək. "OLAYLAR" İA.