Gürcüstanda Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib
25 Oktyabr 2013 16:48 Mədəniyyət2013-cü ilin YUNESKO tərəfindən Seyid Yəhya Şirvani (Bakuvi) ili elan edilməsi ilə əlaqədar Seyid Yəhya Bakuvi irsinin tanıdılması və təbliği istiqamətində Gürcüstanda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki AtaHoldinq Mərkəzində Seyid Yəhya Bakuvinin 550 illik yubileyinə həsr edilən tədbir keçirilib. Tədbirdə Seyid Yəhya əş-Şirvani əl-Bakuvi irsinin Gürcüstanda yaşayan soydaşlarımıza daha yaxından tanıdılması məqsədilə Dr. Mehmet Rıhtım tərəfindən Azərbaycan dilində hazırlanıb oxucuların ixtiyarına verilən "Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl Əsrar" ("Sufiliyin sirləri") adlı kitabın təqdimatı keçirilib.
Tədbiri Marneulidəki Azərbaycanlıların Mədəniyyət Nərkəzinin sədri Fazil Həsənov açaraq tədbirdə iştirak edən qonaqları soydaşlarımıza təqdim edib. Sonra millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva çıxış edərək 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edildiyi barədə məlumat verib və Seyid Yəhyanın qəbrinin Bakıda, İşərişəhərdəki Şirvanşahlar sarayının yanında dəfn edildiyini və onun türbəsi də olduğunu bildirib: "Bakuvi Azərbaycanın o qədər böyük şəxsiyyətidir ki, UNESCO 2013-cü ili dünyada onun adı ilə "Bakuvi ili" elan edib. Osmanlı sultanlarının səksən faizi Bakuvi yolunun davamçıları olub. Azərbaycanda da Şirvanşahlar özlərini Bakuvi davamçıları olaraq görüblər. Bakuvi Azərbaycan tarixinin böyük mədəniyyətinin şox önəmli bir hissəsidir. Seyid Yəhya Bakuvi Xəlvətilik cərəyanının əsaslarını qoyan bir insan olub. O, insanın mənəvi sağlamlığını, şəxsiyyət kimi formalaşmasının modelini yazan insan olub".
Millət vəkili Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ilk türk qadını kimi UNESCO-nun xoşməramlı səfiri olduğunu və onun xeyirxah təşəbbüsü ilə bu təşkilatda Qobustanın, Novruz bayramının, aşıq musiqisinin, muğamımızın adı təsdiqləndiyini və indi də Çövkan oyununun təsdiq edilməsində böyük işlər görüldüyünü bildirib. "Məhz buna görə də bu ilin Seyid Yəhya Bakuvi kimi böyük şairi, dünya şöhrətli alimi ilk növbədə biz azərbaycanlılar tanımalıyıq. Düşünürəm ki, Bakuvinin əsərlərini oxuyan və bu kitablardan otuz faiz ibrət götürən gənclərimiz zərərli insan ola bilməz," deyə Qənirə Paşayeva bildirib.
Q. Paşayeva din pərdəsi altında öz gizli maraqlarını həyata keçirən zərərli təriqətlərin olduğunu da bildirib: "Bu kitabı oxuyanda bəzi bölgələrdə olan radikal cərəyanların zərərli olduğunu başa düşəcəksiniz. İslamda mərhəmət, sevgi, xoşbəxtlik var. Bakuvi kitabında İslam dinindən, Quran ayələrindən, Məhəmməd Peyğəmbərin hədislərindən və Sufi alimlərinin əsərlərindən yararlanıb. Mən hesab edirəm ki, gənclərimiz bu əsəri oxumalı, ibrət götürməlidirlər". Millət vəkili Qənirə Paşayeva keçirilən tədbirin mənalı bir tədbir olduğunu və bu əsərlərin Gürcüstanda yaşayan soydaşlarımıza çatdırılmasının vacib olduğunu bildirib: "Seyid Yəhya Bakuvi yaradıcılığının bəhrəsi olan əsərlər barədə İstanbul Universitetinin kitabxanasında zəngin məlumat olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu mövzuda Azərbaycanda və dünyada bir çox tədbirlər keçirildiyini qeyd edib: "Borçalıda da belə bir tədbirin keçirilməsi vacib idi. Bakuvini öyrənmək tariximizin bir parçasını öyrənməkdir. Düşünürəm ki, Bakuvi haqqında digər millətlərə də məlumat vermək lazımdır. Bir gürcü oxucusu Bakuvini oxuyarsa bu əsərlər ona zənginlik verər. Bakuvi dünyaya sevgi yayan insan olub. Düşünürəm ki, soydaşlarımız gürcü oxucuları arasında Bakuvini geniş təbliğ edəcəklər".
Tədbirdə Qənirə Paşayeva Seyid Yəhya Şirvani irsinin Gürcüstanda yaşayan soydaşlarımız və gənc nəsillərə daha yaxından tanıdılması məqsədilə "Şəfa əl Əsrar" kitabı Gürcüstandakı Azərbaycan məktəbləri ilə yanaşı, kitabxanalara, mədəniyyət evlərinə hədiyyə olunacağını bildirib.
Tədbirdə AYB-nin Aran bölməsinin sədri, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri Sərvaz Hüseynoğlu, Şairə Gülayə Rzayeva, müğənni Elza Seyidcahan, vokalçı İlham Əsgəroğlu və başqaları çıxış edərək böyük alimlərin Azərbaycan tarixində və ədəbiyyatında görkəmli yer tutan Seyid Yəhya Bakuvi yaradıcılığı haqqında ürək sözlərini bildiriblər.
Tədbir iştirakçılarının hər birinə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən "Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl Əsrar" kitabı hədiyyə olunub və Gürcüstandakı məktəblərə, kitabxanalara, mədəniyyət evlərinə, qeyri-hökumət təşkilatlarına təqdim olunması üçün Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinə də bağışlanıb. OLAYLAR