İlhamə Quliyeva telefonu qapatdı

“Məşhurluq - bu şöhrəti dəyişdirilən qəpik kimidir” _Viktor Hüqo

Populyar ulduz Britney Spirsin yarımçıq yediyi "Bakirə Məryəm formalı sendviç" Amerikanın məşhur "Golden Palace" kazinosunda 500 dollara satılıb. Müğənninin keçmiş əri Kevin Federlayının yediyi qarğıdalının hərrac qiyməti isə 20 dollar olub. Spirsin London mehmanxanalarının birində çeynədiyi saqqız isə "e-Bay"da 263 dollara  satıldı. Alan şəxs saqqızı çərçivəyə salıb yataq otağının divarından asıb. Digər populyar ulduz Maykl Ceksonun 1 ədəd alt paltarı 1 milyon dollara müştəri tapıb. Həmin geyim "Dünyada ən bahalı alt paltarı" kimi tarixə düşüb. İngiltərənin paytaxtı Londondakı "Kristies" muzey evində hərraca çıxarılan aktrisa Ancelina Colinin fotosu da 150 min dollara özünə müştəri əldə edib. Ani ölümüylə musiqi dünyasını sarsıdan ingilis müğənnisi Ami Vinehousun "Back to Black" albomunun üz qabığındakı şəkli çəkdirərkən əynində olan paltarının qiyməti isə hərracda 67.300 dollar olub. Vəfat etmiş məşhur müğənni Uitni Hyustonun da məşhur "Cangüdən" filmində geydiyi paltar və sırğalar da hərraca çıxarılıb. "Beverli Hills"də keçirilən "Hollivud Əfsanələri" hərracında satışa çıxarılan əşyalar arasında 1000-2000 dollarlıq qara məxmər paltar və digər geyimlər də var idi - belələrinin sayı çoxdur, bunu mövzuya giriş üçün ümumi baxış da adlandırmaq olar. Amma indiyədək elə bir vaxt olmayıb ki, hərracda satışa çıxarılan insani eksponatların künc-bucağında azərbaycanlı müğənniyə, yaxud digər sənət adamına məxsus olan əşyalar tapılsın. Mətbuatımızın belə bir şakəri var, düz, ya kələ-kötür, amma var, həmin silsilədən olan məlumatlar qəzetlərin manşet başlığıdır. Amma beləsini, yəni hərracı biz də istəmirik, amma olsa pis olmaz. Hər halda yoxdur. Olmaq ehtimalı hələlik sıfırın altındadır, yəqin ki, elə orada qalacaq. Utanacaq, qızaracaq və amma, ancaq, lakin üzə çıxmayacaq. Ən azından Avropa, bu da olmasa Türkiyə, Gürcüstan, Rusiya mətbuatında dünya ulduzları sadalananda bizimkiləri də onların gözünə qatsınlar. Hərrac isə sonranın işidir. Bu gün az inandırıcıdır, ümumiyyətlə deyil ki, müğənni Elza Seyidcahanın hər hansı bir məclisdə yarımçıq içdiyi suyu elə stəkanın içərisində dondurub, ən aşağısı 35 manatdan hərraca çıxarsınlar. Heç alan da olmayacaq, nəinki alan, üzünə belə baxmayacaqlar. Çəpəki baxıb, arxaya baş atacaqlar. Məsələn, türkiyəli müğənni Sinan Akçılın yaxınlarda baş tutan Bakı səfəri yerli KİV və cəmiyyət tərəfindən xüsusi coşqu və ajiotajla qarşılandı. Keçək. Bəs bizdə niyə yoxdur? - sualına yerli sənət adamları aydınlıq gətirməyə çalışdılar.

Mübariz Tağıyev (Xalq artisti, müğənni): "Məsələn, Türkiyə şou-biznesi 70-ci illərin sonunda yaranıb. 2013-cü ildir, artıq türk şou-biznesi püxtələşib. Pop, həmçinin çox maraqlıdır ki, orada klassik musiqi inkişafdadır. Dünya praktikasından da məlumdur ki, musiqi sahəsində tanınmaq üçün reklamçılıq baş alıb gedir, bunun isə sonu yoxdur. Azərbaycanın kifayət qədər peşəkar müğənnisi var, ancaq onların reklam olunması yoxdur. Yerli sənət adamlarının reklamsızlığı onların Azərbaycandan kənarda tanınmasına mane olur. İlk növbədə Azərbaycan müğənnilərini başqa səhnələrdə görmək üçün reklam olmalıdır, sərhədlərdən kənara çıxan, səviyyəli kliplər çəkilməlidir. Disklərin, albomların kütləvi şəkildə axışı olmalıdır, bu problem də həll edilməyib. Hal-hazırda bəzi müğənnilərin buraxdığı disklər sərhəddən kənara çıxarılası vəziyyətdə deyil. Kifayət qədər problemlər var, bunların hamısı da reklamla bağlıdır. Digər problem şou-biznesdə peşəkar səhnə ilə bağlıdır. Müğənnilərin çoxu səhnədə püxtələşib, səhnədə pul qazanırlar. Azərbaycan şou-biznesinin istiqaməti toy biznesidir. Səhnə şou-biznesi tamam başqa məfhumdur, o sərhədlərdən kənara çıxmağı bacarmalıdır. İllər keçəcək, müğənnilərimizin çoxu qocalacaq, amma heç vaxt tanınmayacaqlar. Azərbaycandan Türkiyəyə tanınmaq üçün gedən müğənnilər indən sonra heç nə edə bilməyəcəklər".

Oksana Rəsulova (rəqqasə): "Mənə elə gəlir ki, Azərbaycanda elə müğənnilər, sənətçilər, rəqqasələr, digər incəsənət adamları, musiqiçilər, sənətkarlar, bəstəkarlar var ki, onlar dünyanın ən məşhur adları ilə müqayisə edilə bilməz. Onlar əcnəbilərdən daha istedadlı və talantlıdırlar. Məsələn, Türkiyə və digər ölkələrdə sənətçilərin tanınması üçün böyük işlər görürlər. Bir çox ölkələrdə sənətçilərin sərhədlərdən kənarda tanınması üçün çoxlu sayda mütəxəssislər onun görəcəyi bütün işləri həyata keçirirlər. Bununla əlaqədar görülən işləri reklam edib, müxtəlif vasitələrlə yayırlar. Məsələn, Türkiyənin bir çox müğənniləri var ki, öz ölkəsində tanınmaqla yanaşı Azərbaycan, Qazaxıstan, Gürcüstan və digər Avropa ölkələrində populyardırlar. Mustafa Sandal, Tarkan kimi sənətçilər "Hollivud"a kimi gedib çıxıblar, onların Rusiyada nəhəng fanat ordusu var. Bunlar təkcə müğənnilərin yox, onların tanınması üçün iş görən adamların zəhmətidir. Baxmayaraq ki, Tarkanın gözəl səsi, istedadı var, amma reklamdan da çox şey asılıdır. Azərbaycanın elə sənətçiləri var ki, onların səsi Tarkandan, Mustafa Sandaldan da yaxşıdır. Bəlkə də heç yanaşı qoyulub müqayisəedilməzdir. Azərbaycanlı müğənniləri xarici səhnələrə çıxarmaq üçün təşkilatçı insanlar yoxdur. Ona görə də yerli müğənnilərin dünya səhnəsinə çıxmaq şansları azdır. Yaxşı, peşəkar prodüserlər olsaydı, bizim müğənnilər çoxdan Avropa səhnələrini fəth etmişdilər".

Aybəniz Haşımova (Xalq artisti, müğənni): "Bu fikirlə razı deyiləm, Azərbaycanın kifayət qədər tanınmış sənət adamları var. Mənim getdiyim ölkələrdə olduqca yüksək səviyyədə konsertlərim keçib, çox böyük hörmətlə qarşılayıblar. Dəfələrlə Şövkət xanımın xaricdə keçirilən konsertlərində iştirak etmişəm. Neçə illər mən özüm xarici dövlətlərdə solo konsertlər keçirmişəm, hamısını da yüksək səviyyədə yola vermişəm. Bu günə qədər Azərbaycan müğənniləri sərhədlərdən kənarda rəğbətlə qarşılanıblar. İndiki müğənnilərin xarici ölkələrdə keçirilən konsertlərini görməmişəm, görəndən sonra qiymət verə bilərəm. İnanıram ki, bir çox şou-biznes adamlarının başqa dövlətlərdə keçirilən konsertləri də pis təşkil edilmir. Əgər müğənninin istedadı, talantı və Azərbaycanı başqa-başqa yerlədə təmsil etmək qabiliyyəti varsa, niyə də yaxşı qarşılanmasın. Buna şübhə ilə yanaşmaq düzgün deyil".

Ayan Babakişiyeva (müğənni): "Belə düşünürəm, bizim müğənnilərimiz də xarici ölkələrdə kifayət qədər tanınırlar. Yerli müğənnilərimizin əksəriyyəti peşəkar musiqi təhsili alanlardan ibarətdir. Çoxlu sayda ad çəkmək mümkündür. Açıq şəkildə buna misal çəkə bilmərəm, çünki onların sayı kifayət qədərdir. Məsələn mən nəinki xarici ölkələrdə, heç Azərbaycanda konsert vermək fikrində deyiləm. Fikirləşirəm ki, konsert verməyin heç bir əhəmiyyəti yoxdur. Çünki, bununla müğənnilər ancaq özlərini aldadırlar".

Faiq Ağayev (Xalq artisti, müğənni): "Azərbaycan musiqisinin səhnələrdə yaxşı mənada öz sözünü demiş peşəkar sənət adamları var. Lakin dünya şou-biznesi ilə yerli şou-biznesin tələb və infrastrukturu tamam ayrıdır. Əgər azərbaycanlı müğənni öz repertuarını Avropanın tələblərinə uyğunlaşdırsa, o yalnız orada məşhur olacaq. Bizdə onu yalnız adına görə sevəcəklər, sənətinə görə yox. Tamam başqa formatlardır. İnsan artıq öz torpağında, Vətənində sevilmək istəyir, hər şey buna doğru dəyişir. Sırf şou-biznes yox, ümumi Azərbaycan mədəniyyətinin dünya səhnələrində populyar olan kifayət qədər sənətçiləri var. Əzizə Mustafazadə, Alim Qasımov kimi, həmçinin digər muğam, caz, klassik musiqi sahələrinə aid olan insanlarımız əcnəbi auditoriya tərəfindən sevilə-sevilə dinlənilirlər".

Məsələyə münasibət bildirən Azərbaycanın və Dağıstanın xalq artisti, səhnəmizin "primadonna"sı, "türk dünyası və Azərbaycanın sənət kraliçası", "üçtaclı sənət kraliçası", "ABŞ-ın Ümumdünya Sülh Federasiyasının "sülh səfiri"", mahnı oxuyan İlhamə Quliyeva: "Duud, duuud, dduuud....". Belə ki, telefonu üzümüzə bağladı. Mark Zükenberq ("Facebook"un yaradıcısı) demişkən: "No comment!".

Ömər Zamin

P.S: İlhamə xanım, amerikalı aktyor Coni Dip bilirsiniz nə deyirdi, o deyirdi ki: "Qəribə uşaq idim. Əvvəlcə Brüs Li olmaq istəyirdim, sonra Daniel Bun".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31