Universitetdə görüş...
22 Oktyabr 2013 18:42 MədəniyyətBu gün Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin "Bura Vətəndir" məclisi, Azərbaycan İctimai- Siyasi Univerisiteti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, "Kalmıkiya Respublikasında Azərbaycan Konqresi" qeyri hökümət təşkilatının sədri Sabir Quliyev və xanımı Elmira Quliyeva ilə görüş keçirilmişdir. Azərbaycan İctimai-Siyasi Universitetində baş tutan görüşü giriş sözü ilə açan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova qonaqları tədbir iştirakçılarına təqdim etmişdir. Daha sonra çıxış edən teatrın direktoru, Əməkdar Artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dünya teatr məkanına inteqrasiya etməsində qastrol səfərlərinin əhəmiyyətini diqqətə çatdırmışdır: "Yaradığı dövrdən bu yana Azərbaycanın hüdudlarından kənarda qastrol səfərləri ilə çıxış edən teatrımız 2006-cı ildən günümüzədək intensiv olaraq bir sıra xarici ölkələrə qastrol səfərləri etmişdir. Məqsədimiz Azərbaycan teatrını dünyaya tanıtmaq, dünya teatrları ilə Azərbaycan teatrının təcrübəsini bölüşməkdir. XXI əsrin dünya teatrları inkişaf edir və 141 yaşlı Azərbaycan teatrı bu inkişafdan geri qalmır. Bu inkişafa isə ən böyük dəstək dövlət başçısı İlham Əliyevin teatr sahəsi üzrə imzaladığı sərəncamlardır". Professor, universitetin prorektoru İfrat Əliyeva çıxış edərək teatrın məram və ideyalarını dəstəklədiyini bildirmiş, Azərbaycanın hüdudlarından kənarda yaşayan həmvətnələrimizə uğurlar arzu etmişdir.
Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, "Kalmıkiya Respublikasında Azərbaycan Konqresi" qeyri hökümət təşkilatının sədri Sabir Quliyev Kalmıkiayada yaşayan Azərbaycanlılar adından Azərbaycan xalqını İlham Əliyevin prezident seçkilərində səs çoxluğu ilə növbəti dəfə ölkə başçısı seçilməyi münasibətilə təbrik etmişdir. Konqres haqqında məlumat verən sədrin sözlərinə görə, bu vəzifəyə 2006-cı ildən gəlmişdir: "Cəmiyyətimizdə hər il müxtəlif əhəmiyyətli iclaslar və tədbirlər həyata keçirilir. Azərbaycanın milli bayramları ilə yanaşı, Kalmıkiyanın da milli bayramlarını qeyd edilir".
Teatrın qastrol səfəri çərçivəsində nümayiş olunan tamaşalar haqqında danışan Sabir Quliyev və xanımı Elmira Quliyeva əslində bu qədər peşəkar şəkildə hazırlanmış və istedadlı aktyor ifası ilə tamamlanmış tamaşalar gözləmədiklərini bildirmişlər.
Sonda tədbirin aparıcısı və ssenari müəllifi Səriyyə İsmayılova hər kəsə öz minnətdarlığını bildirmişdir. OLAYLAR