Latviyada muğamın sədaları göylərə ucalıb
22 Oktyabr 2013 12:42 MədəniyyətOktyabrın 16-da Latviyanın paytaxtı Riqada yerləşən musiqi akademiyasının binasında Azərbaycan muğamı səsləndirilib. 1 saat 10 dəq ərzində konsert proqramı ilə çıxış edən Azərbaycanın xalq artisti Mənsum İbrahimovu "Qarabağ" qrupunun musiqiçiləri - əməkdar artist, tarzən Elçin Həşimov, əməkdar artist, kamança ifaşısı Elnur Əhmədov, Kamran Kərimov və Coşqun Sadıqov müşaiyət ediblər. Səfər zamanı onlar Latviyanın prezidenti Andris Berzinşlə də görüşüblər.
Prezident Berzinş konsertə tamaşa edənlərin arasında olub. Xalq artisti təəssüratlarını belə bölüşür: "Konsert, Azərbaycanın müstəqillik gününə və İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsi şərəfinə təşkil olundu. Ölkə prezidenti, Latviya seyminin deputatları, dövlət və hökumət nümayəndələri, bir çox hörmətli qonaqlar bu konsertdə iştirak edirdilər. Biz sonluğu təbii ki, yenə də "Qarabağ şikəstəsi" ilə bitirdik və məni ən çox təsirləndirən Latviya prezidentinin bu ifaya reaksiyası oldu. Konsertdən sonra görüşdə o bizə dedi ki, "Qarabağ şikəstəsi"nin sözlərini mən başa düşməsəm də, bir şeyi anladım ki, bu kosmik musiqidir. Hətta sonradan bizə xəbər verdilər ki, konsertin sabahı günü, Özbəkistan prezidenti İslam Kərimovu qəbul edən Latviya prezidenti ona muğamdan danışıb. Şəxsən mən belə qəbul edirəm ki, bu Azərbaycan muğamına, dövlətinə, ölkənin birinci şəxsinə olan münasibətdir. Azərbaycan tərəfindən ölkəmizin Latviyadakı səfiri Elman Zeynalov da çıxış etdi. Mən əlbəttə ki, Milli Konservatoriyanın Rektoru, Professor Siyavuş Kəriminin, Diaspora Komitəsinin adından çıxış edən İlham Məmmədovun da adlarını vurğulamalıyam. Bir daha hər birinə minnətdaram".
Qeyd edək ki, heyətin xarici ölkədəki konsertinin təşkilatçılığını "EMco" kompaniyası və "Ocaq" Azərbaycan cəmiyyəti həyata keçirib. ("OLAYLAR" İA)