“Toy gecəsi”ndə ad günü
21 Oktyabr 2013 17:50 MədəniyyətHazırda "Toy gecəsi" bədii televiziya serialının çəkiliş meydançasında növbəti bölümün çəkilişləriylə yanaşı həm də serialın quruluşçu-rejissoru Yaşar Əhmədovun doğum günü qeyd olunur.
"Oscar production" MMC-nin yaradıcısı və rəhbəri olan, bu gün 33 yaşını qeyd edən Yaşar Əhmədov 1980-ci ildə anadan olub. Yaşar Əhmədovun rəhbərliyi altında "Oscar production" MMC tərəfindən bir sıra tammetrajlı bədii televiziya filmləri istehsal edilib. Çəkilən filmlər Lider TV, ANS, Xəzər TV, CTV Regional televiziyası kimi telekanallarda yayımlanıb. Konkret ibrətamiz ideyası olan bu filmlər üzərində peşəkar televiziya və kino xadimləri çalışıb. "Oscar production"un çəkdiyi filmlərə hər zaman kino tənqidçiləri tərəfindən müsbət qiymət verilib. "Oscar production" Kino Şirkətinin yaradıcısı və rəhbəri Yaşar Əhmədov həm də "Bakıfilm"in yaradıcılarından biri olub və onun quruluşçu-rejissoru olduğu "Qaydasız döyüş" teleserialı ANS TV-də nümayiş olunub. Ölkədə ilk dəfə olaraq məhz Y. Əhmədovun quruluşçu-rejissor və prodüserliyi ilə çəkilən "Vətən sağ olsun" sənədli-bədii filmlər silsiləsi Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizin həyat və döyüş yoluna həsr edilib və bu layihə çərçivəsində araya-ərsəyə gələn 28 film "Xəzər" TV, "Lider" TV ilə yanaşı Türkiyə başda olmaqla, demək olar ki, bütün türk dilli dövlətlərin televiziyalarında uğurla yayımlanıb. "Oscar production"un Vaqif Mustafazadənin yaradıcılığından bəhs edən "Yol" musiqili filmi Azərbaycan 1-ci Audiovizual festivalında Mədəniyyət və Turizm Nazirliyinin Xüsusi mükafatına layiq görülüb.
Ötən mövsüm ATV kanalında nümayiş olunan Yaşar Əhmədovun quruluşcu rejissoru olduğu "Məhkumlar" serialı da tamaşaçılar tərəfindən çox böyük maraq və rəğbətlə qarşılanıb.
Bu ilin oktyabrından Azad Azərbaycan Televiziyasında yayımlanan Yaşar Əhmədovun yeni layihəsi olan "Toy gecəsi" bədii televiziya serialı ilk bölümünün nümayişindən sonra izlənmə rekordu qıraraq ölkə televiziyalarının təqdim etdiyi bütün serialları və televiziya məhsullarını reytinq göstəricilərində arxada qoyub. "Oscar production"un rəhbəri, "Toy gecəsi" bədii televiziya serialının quruluşçu reyissoru və Azərbaycanın istedadlı insanlarından biri olan Yaşar Əhmədovu doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, həyatda və yaradıcılıqda uğurlar arzulayırıq. Həmişə zirvələrdə olun, Yaşar müəllim!