Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib
11 Oktyabr 2013 17:52 MədəniyyətOktyabrın 11-də Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib. İclasın gündəliyinə uyğun olaraq bir sıra məsələlər, o cümlədən 29 may-1 iyun 2013-cü il tarixində Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, 2012-2013-cü tədris ilinin yekunları və respublika uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması sahəsində qarşıda duran vəzifələr, bu ilin may-iyun aylarında respublikanın bir sıra şəhər və rayonlarındakı mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilən monitorinqin nəticələri, Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsi və tabeliyində olan müəssisələrin fəaliyyəti müzakirə olunub.
İclasda Bakıda Forumun beynəlxalq mərkəzinin yaradılması ilə bağlı lazımi tədbirlərin görülməsi, 2015-ci ilin payızına nəzərdə tutulan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı tədbirlər planının hazırlanması, tədbir çərçivəsində dünya ölkələrinin mədəniyyət və turizm nazirlərinin ikinci görüşünün təşkili, Foruma dair kitab-kataloqun nəşr edilməsi və digər məsələlər müzakirə olunub, müvafiq qərar qəbul edilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə paytaxtdakı mehmanxanalarda monitorinqlər keçirməsi məsələsi də müzakirə olunub. ("OLAYLAR"İA)