Gənc qiraətçilər tamaşaçıları heyrətləndirə bildilər

Bu həftə Azərbaycan Dövlət  Mahnı Teatrının səhnəsi  möhtəşəm bir axşama sahiblik etdi. Müstəqil Azərbaycanın  istedadlı  gəncləri ecazkar çıxışları ilə zala toplaşanları heyrətləndirməyi bacardılar.
         Söhbət Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin həyata keçirdiyi "Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqəsi" qaliblərinin nümunəvi çıxışları əsasında hazırlanaraq geniş ictimaiyyət qarşısında nümayiş etdirilən "Vətəni sevməyən insan olmaz..." adlı musiqili-ədəbi axşamdan gedir. Azərbaycanın qəhrəmanlıq tarixi ilə bədii söz sənəti tarixini xronoloji ardıcıllıqla əks etdirən bu maraqlı tədbirdə, axşamın müəllifləri həm də tarixi yanlışlıqlara  toxunaraq, onlardan düzgün dərs çıxarmaq və gələcək həyatımızda bu dərslərdən yararlanmaq kimi məsuliyyətin vacibliyini  də  önə çəkməyə çalışmışlar.
         Tədbir özünəməxsus, orijinal ssenari əsasında hazırlanmışdı. Azərbaycanın klassik qiraət ustası Aydın Qaradağlının ifasında Abbas Səhətin "Vətən" şeiri, ardınca mügənni Tacir Şahmalının, sözləri həmin şeirdən götürülmüş məhşur "Bayatı- şiraz" muğamının ifasından sonra müsabiqənin qalibi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinin məzunu Pərvanə Quliyevanın ifasında  vətənin tərənnümünə həsr olunmuş xalq bayatıları və ekranda Azərbaycan mənzərələrinin əks etdirilməsi axşamın maraqlı keçəcəyinə ilk təəssurat yaratdı. Bundan sonra Ulu Öndər, muasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin canlı olaraq Səməd Vurğunun "Azərbaycan" şeirindən bir bənd söyləməsi və şeirin ardının müsabiqənin ən kiçik yaşlı qalibləri Əzizəxanım və Minayənin ifasında, Azərbaycan mənzərələrinin ekranda canlandırılması fonunda ifaları, Ağdam rayonunun "Qarabağ Bülbülləri" ansanblının ifasında "Heyratı" muğamının səslənməsi axşamın tamaşaçılarında xoş təəssüratı  daha da artırdı.
         Respublikanın əməkdar artisti, tanınmış diktor Eldost Bayramlının Azərbaycanın tarixi keçmişinə həsr olunmuş çıxışı da maraqla qarşılandı. Məhz həmin çıxışdan sonra İmadəddin Nəsimi, Məhəmməd Fizuli, Aşıq Ələsgər, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vəhabzadə, Xəlil Rza Ulutürk kimi klassik söz ustadlarının, eləcə də şair Qabilin, Zəlimxan Yaqubun, Qusarçaylının, Tofiq Bayramın və digər çağdaş şairlərin müxtəlif vəzn və janrlarda yazılmış şeirlərini müsabiqə qalibləri əsil qiraətçi məharətilə ifa etdilər. Müsabiqə qalibləri Pərvin Ərzənaliyevanın ifasında Ulu Öndər Heydər Əliyevə, Zaur Zeynalovun ifasında ölkə başçısı İlham Əliyevə, həmçinin Qarabağ mövzusuna həsr olunmuş klip - ifalar tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılandı.
         Maraqlı keçən axşamın sonuna yaxın çıxış edən layihə rəhbəri, AHB sədri Təhmasib Novruzov, müsabiqənin münsiflər heyətinin sədri Buludxan Xəlilov müsabiqə və yekun tədbirlə bağlı təəsuratlarını bölüşdülər. Sonra müsabiqədə qalib çıxmış 22 gənc qiraətçi diplomlarla təltif edildi. Gənc ifaçı Emin Xəzəroğlu Müslum Maqamayevin "Azərbaycan" mahnısının coşqulu ifası ilə bütün zalı ayağa qaldırdı.
         Tədbirdə  Azərbaycan Respublikası Prezident Adminstrasiyası İctimai-Siyasi
şöbəsinin məsul işçisi Rasim Mirzəyev,Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının məsul əməkdaşları, Azərbaycanın görkəmli ziyalıları, elm, mədəniyyət xadimləri iştrak edirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31