Pen Klubun yeni saytı açıldı

Azərbaycan Yazıçılar Birliyində Pen Klub-un yeni saytının açılması və Bakıda keçirilən III Beynəlxalq Kitab Festivalı münasibətilə tədbir olub. Tədbiri giriş sözü ilə açan yazıçı, Pen Klubun prezidenti Çingiz Abdullayev görüş haqda danışıb: "Bu yaxınlarda Milli Kitabxananın yaranmasının 125 illiyi qeyd olunacaq. III Beynəlxalq Kitab Sərgisinin keçirilməsi də məhz bu günlə bağlıdı". Çingiz Abdullayev Pen Klubun yaxınlarda fəaliyyətə başlayacaq rəsmi saytı haqda da məlumat verib: "Yaxınlarda yeni saytımız fəaliyyətə başlayacaq. Bu işdə bizə baş nazirlə yanaşı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Maliyyə və Rabitə nazirlikləri də dəstək olub. Bu layihələr vasitəsi ilə yerli yazıçılarımızın əsərləri əcnəbi dillərdə də oxuna biləcək. Əlbəttə ki, bu yolla Xocalı və Qarabağ həqiqətlərini dünyaya çatdıra biləcəyik. Bu gün elektron xidmətlərin inkişafı sayəsində oxucular istədikləri yazıçılarınn əsərlərini oxuya bilirlər. Bu gün müasir Pen Klubların olmasını istəyirik". Daha sonra çıxış edən Pen Klubun vitse prezidenti Natiq Rəsulzadə Pen Klubun dünya tarixindəki rolundan və inkişaf prosesindən danışıb: "İlk Pen Klub 1921-ci ildə yaranıb.Azərbaycanda fəaliyyət göstərən Pen Klubun ən böyük nailiyyəti İranda saxlanılan iki gənc şairin buraxılması ilə bağlı müraciət etməyimizdi. Hazırda 101 ölkədə Pen Klub fəaliyyət göstərir. Bu məsələ ilə bağlı bir neçə ölkənin Pen Klubuna da müraciət etdik". Vitse prezident ayın 25-də start veriləcək "Ustad siniflər" layihəsi haqda da məlumat verib: "Bu layihə ilə biz istedadlı gənclər yetişdirəcəyik. Elə gənc yazarlar var ki, istedadları olsa da qabağa gedə bilmirlər. Layihədə qalib olan yazıları litres.ru saytına da yollayacağıq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31