Dünya Gənc Türk Yazarlar Birliyindən yeni nəşrlər
23 Sentyabr 2013 14:41 MədəniyyətDünya Gənc Türk Yazarlar Birliyi Təsisçilər Şurasının üzvü, şair-araşdırmaçı, filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimlinin "Sevgimdən tanıyacaqlar" adlı yeni şeirlər kitabı Türkiyənin İzmir şəhərində "KİBATEK Yayınları" tərəfindən nəşr edilib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, Təranə Turan Rəhimlinin yeni kitabı da "KİBATEK Yayınları"nın Türkiyə-Azərbaycan ədəbi ilişkilərinə yeni töhfəsidir. Təranə Turan Rəhimlinin "Sevgimdən tanıyacaqlar" kitabında şairin müxtəlif illərdə türkçülük, təbiət, vətən, sevgi, müharibə, siyasi və digər mövzularda yazdığı şeirlər yer alıb. Məlumata görə, həmçinin Təranə Turan Rəhimlinin "Sənə yazmadığım şeir" adlı yeni şeirlər kitabı da Ankara şəhərində nəşr edilib. Təranə Turan Rəhimlinin "Sənə yazmadığım şeir" kitabı şairin sevgi şeirlərinin toplandığı "Gözlərindən bir yabançı baxır", Vətən, Türkçülük mövzusunda şeirləri özündə toplayan "Türkün nağılı", ictimai motivli şeirləri çevrələyən "Aynadakı mən deyiləm" adlı üç fəsildən ibarətdir. Kitabın son səhifələrində şairin özkeçmişi verilib.