Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada təşkil olunan çoxsaylı mədəni tədbirlər Azərbaycan mədəniyyətinin dost ölkədə tanınmasında əvəzolunmaz rol oynayır

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo ilə görüşmüşdür. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ə.Qarayev Ciampaolo Kutillonu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş, ona gələcək işlərində uğurlar arzulamış və bu əməkdaşlığın Azərbaycan-İtaliya münasibətlərinə yeni töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir. Görüşdə ölkələrimiz arasında mədəniyyət və turizm sahəsindəki mövcud münasibətlər müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır. Nazir qeyd etmişdir ki, son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə dünya mədəniyyətinin beşiklərindən biri sayılan İtaliyada təşkil olunmuş çoxsaylı mədəni tədbirlər qədim və zəngin tarixə malik Azərbaycan mədəniyyətinin dost ölkədə tanınmasında əvəzolunmaz rol oynayır. Bununla yanaşı, Azərbaycan İtaliya münasibətlərinin çoxəsrlik tarixə malik olması iki xalq arasında sıx əməkdaşlığın formalaşmasına təsir etmişdir. Turizm sahəsinə də böyük ümidlərin bəslənildiyini qeyd edən nazir, İtaliya şirkətlərinin Azərbaycana cəlb olunması üçün bu sahədə turizm şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xüsusi tələbat olduğunu vurğulamışdır.
Səfir öz növbəsində qeyd olunan xoş sözlərə görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu vurğulamışdır. O, həmçinin diqqəti mədəniyyət və turizm sahələrində həyata keçirilən geniş potensiala malik layihələrin sayının gələcəkdə daha da artırılması zəruriliyinə cəlb etmişdir.
Görüşdə ölkələrimiz arasında müvafiq sahələrdə ikitərəfli əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31