Gənc Türk Yazarlar Birliyinin yeni kitabı işıq üzü görüb

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Türk Dünyasında Ədəbiyyat... Ədəbiyyat(ımız)da Türk Dünyası..." adlı layihə çərçivəsində yeni nəşri işıq üzü görüb. "Türk Dünyasında Ədəbiyyat" adlanan kitabda Əkbər Qoşalının (Azərbaycan), dos.dr. Rıdvan Canımın (Türkiyə) və Mehmet Doğanın (Türkiyə) məruzələri yer alır. Məruzələr Azərbaycan yazıçılarının "Ədəbiyyatımız və Türk Dünyası" adlı hesabat yığıncağında (Yazıçıların XIII Qurultayı qarşısında Bakıda - AYB-nin "NATAVAN Klubu"nda), Türkcənin X Şeir Şölənində (2013-cü ildə Bişkəkdə - Manas Universitetində), yenə həmin Şöləndə - Qırğız Dövlət Filarmoniyasında) oxunub. Sözügedən məruzələrlə yanaşı araşdırmaçı-jurnalist Əfsanə Bayramqızının hazırladığı "Türksoylu xalqların Elektron Media Kataloqu"ndan ədəbiyyatla (mədəni irslə) bağlı bölümlər də kitaba daxil edilib. Naşirlər kitabın türkologiya, filologiya, ümumən Ədəbiyyat və Türk Dünyası mövzusunda araşdırma aparan, bu yöndə əsərlərlə maraqlanan oxucular üçün maraqlı vəsait olacağına inanırlar. "QHT Nəşriyyatı"nda çap edilən Kitabın tərtib və ümumi redaktəsi Əkbər Qoşalıya, redaktorluğu Rəsmiyyə Sabirlə Şəmsəddin Kuzəçiyə aiddir. Kitabın məsləhətçiləri isə  prof.dr. Nizami Cəfərov və Arif Əmrahoğludur. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31