“Azərbaycan - odlar yurdu” başlıqlı material YUNESKO-nun rəsmi nəşrində dərc olunub
17 Sentyabr 2013 14:32 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, "Azərbaycan - odlar yurdu" başlıqlı material Birləşmiş Millətlərin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Ümumdünya İrs Mərkəzinin rəsmi nəşri olan "World Heritage Review" jurnalının ardıcıl olaraq 2013-cü il üzrə 2-ci və 3-cü rüblük saylarının arxa üz qabığında nəşr edilib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, dərginin arxa üz qabığı üçün qurulan kompozisiyada ölkəmizin Odlar yurdu qismində qədim və müasir simvolları hesab olunan "Atəşgah məbədi" və "Bakı Alov qüllələri" kompleksi iri planda əks edilən, YUNESKO-nun Ümumdünya İrsinin ilkin siyahısında yer alan "Atəşgah məbədi" haqda ətraflı məlumat təqdim edilib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının PFD şirkəti arasında əldə olunan razılaşmaya əsasən əməkdaşlığın yaxın müddətdə daha da iri miqyasda inkişafı nəzərdə tutulub. ( "OLAYLAR" İA)