“Bu şəhərdə” Almaniyaya gedəcək
13 Sentyabr 2013 18:06 MədəniyyətHər il Heydər Əliyev adına Respublika Sarayında bir-birindən maraqlı konsertlərlə tamaşaçıların qarşısına gələn "Bu Şəhərdə" heyəti gərgin iş rejimi ilə noyabrın 5,6,7,8,9-u baş tutacaq "İsti Rahət" adlı yeni konsert proqramına hazırlaşır. Konsertlə bağlı ən son məlumatları "Bu Şəhərdə"nin ssenaristi Müşfiq Abbasov "OLAYLAR"la bölüşüb: "Bu dəfəki konsertdə 5 yeni rubrika yer alacaq. "Toy" səhnəciyi həmişəki kimi bu konsertdə də tamaşaçılara təqdim ediləcək. Hələlik ki, konserti beş gün keçirtməyi planlaşdırırıq. Biletlər yaxşı satılsa düşünürəm ki, günlərin sayını artıra bilərik". Konsertə çox qalsa da artıq iki günün biletinin satıldığını deyən M.Abbasov qiymətlərin 10-100 azn arası olduğunu deyir. Daha çox sosial mövzulara toxunulacağını deyən ssenarist parodiyaya bir o qədər də yer ayırmayacaqlarını söyləyib: "Daha çox sosial, ailə-məişət mövzuların işıqlandırılmasına üstünlük verəcəyik. Parodiyaya isə bir o qədər də geniş yer ayrılmayacaq. Ola bilər ki, müğənnilərdən Nadir Qafazadənin parosiyası olsun". Konsertlə bağlı heç bir problemin olmadığını deyən M.Abbasov gecə-gündüz gərgin rejimdə işlədiklərini söyləyib: "Arada səfərlər olduğu üçün məşqlərə bir az gec başladıq. Düşünürəm ki, konsertə qədər məşqləri istənilən səviyyədə yekunlaşdırarıq". M.Abbasov Coşqunun səhhətinin də qaydasında olduğunu deyir: "Coşqunun səhhəti ilə bağlı hər şey qaydasındadı. Vaxtı-vaxtında müayinələrdən keçir. Sadəcə olaraq öncəki konsertlərdə olduğu kimi bu dəfə də təcili yardım briqadası Coşquna nəzarət edəcək. Tamaşaçı bundan xəbərsiz olsa da, hər konsertdən öncə onu müayinədən keçirir, təzyiqini, ürək döyüntüsünü yoxladırıq". Bakı konsertindən sonra Moskvaya yola düşəcəklərini deyən ssenarist "İsti Rahət" adlı eyni proqramı Almaniyada da təqdim edəcəklərini vurğulayıb: "Respublika Sarayında verəcəyimiz konserti yekunlaşdırdıqdan sonra dekabrda eyni proqramla ilk olaraq Moskvaya yola düşəcəyik. Moskvada eyni adlı konserti üç gün, Almaniyada isə bir gün verməyi planlaşdırırıq".