“Bizim Üzeyir bəy kitayca yazmayıb” - AKTUAL
“Azərbaycanlılar “kitayski” oxuyur deyə ermənilər də bizim mahnıları ifa etməyə başlayıb”
13 Sentyabr 2013 16:30 MədəniyyətBir neçə gün öncə mediada Azərbaycan restoranlarından birində erməni müğənnisi Bokanın mahnılarının ifa olunması haqda belə bir məlumat yayıldı: "Bakının mərkəzindəki "Xan bağı" restoranında günün günorta çağı erməni mahnıları səsləndirilir. Ötən gün müştərilərdən biri restoran sahibinə etiraz edib və "Xan bağı"nı tərk edib. O, Modern.az-a üz tutaraq bildirib ki, restoranda erməni müğənnisi Bokanın rus dilində ifa etdiyi mahnılar səsləndirilir. Buna müştərilər etiraz etsələr də, mahnı səsləndirilməkdə davam edib."Xan bağı" restoranının administratoru ilə əlaqə saxlayıb məsələyə münasibət öyrəndik. Restoran rəhbərliyi dili dolaşa-dolaşa restoranda yalnız canlı ifalar səsləndirildiyini söylədi. "Bizdə ancaq canlı müsiqilər səsləndirilir. Həm də restoranımızda musiqilər gecə yarısında başlanılır. İfaçılarımız isə Rö..(Röya demək istəyirdi-red) Ağdamdan muğam ifaçılarıdır. Ona görə də deyilənlər yalnışdır. Lap gəlib özünüz də yoxlaya bilərsiniz".Məsələ ilə qarabağlı deputatların da fikirlərini öyrəndik. Millət vəkili Flora Qasımova ermənilərin bizim mahnıları oğurlayıb oxuduqları halda Azərbaycanda erməni mahnılarının səsləndirilməsinə təəccüb etdiyini söylədi. Deputat mahnını səsləndirənlərdən çox onu dinləyənlərə kəskin etirazını bildirdi."Niyə müştərilər gedib öz etirazlarını bildirməyiblər? Bizim musiqilərə nə gəlib ki, biz erməni mahnısı oxuduruq? Halbuki, ermənilər bizim mahnıları oğurlayıb oxuyurlar. Mənim bu məsələyə münasibətim çox pisdir. Niyə bu mahnını eşidənlər dərhal öz etirazlarını bildirib, mahnını kəsdirmiyiblər? Həm də "Xan bağı"-.bu, Xankəndi yaxınlığında bir kənd adıdır. Natəvan xanım həmin kəndi Məhəmməd ağaya bağışlamışdı. İndi adı "Xan bağı"ı olan bir restoranda erməni mahnısının ifa olunmasına inanmıram. Amma ona da acığım tutur ki, müştərilər yerindəcə öz etirazlarını bildirib müsiqini kəsdirməyiblər".Millət vəkili Aqil Abbas Bokanın heç bir şəxsi mahnısının olmadığını, onun Azərbaycan mahnıları ifa etdiyini dedi. Onun sözlərinə görə, Bokanın indi oxuduğu mahnılar qabaqlar Bakıda "qedeş" mahnıları kimi oxunurdu. "Boka kimdir? Onun mahnısı var? Boka Azərbaycan mahnılarını ifa edib. Ermənilər də onu qarğa balasını tərifləyən kimi məşhurlaşdırıblar. Boka bakılıların mahnısını oxuyub. Həmin mahnılar 70-ci illərdə Bakıda oxunulanda heç Boka yox idi. Onun oxuduğu mahnılara "qedeş" mahnıları deyilirdi. İndi onun bir növünü Eyyub Yaqubov oxuyur". Deputatın sözlərinə görə, restoranda səsləndirilən mahnılar erməni mahnısı yox, Azərbaycan mahnısıdır. "Həmin mahnılar bizim mahnılardır. Boka onu oxuyur deyə, biz həmin mahnıları oxutmamalıyıq?. Həmin restoran qarabağlılarındır. Onlar bunu belə qoymazlar"-deyə millət vəkili bildirib". Məsələyə incəsənət xadimlərinin də münasibətini öyrənməyə çalışdıq. Müğənni Əli Mirəliyev mövzuya keçməzdən öncə Azərbaycan efirinin bugünki mənzərəsindən söz açaraq səslənən mahnıların mənşəyinin bilinməməsindən gileyini gizlətməyib: "Efirdə səslənən ifaların böyük əksəriyyəti elə erməni mahnılarıdı. "Ağabala çaykoviski" bu nə mahnıdı. Azərbaycandakı ermənilər o vaxtlar belə oxuyub, bunları Bakı mahnıları adlandırırdı. Buna necə baxmaq olar? Yunan, kürd musiqisindən tutmuş digər dövlətlərin də musiqi janrlarına müraciət edirlər. Muğamı inkişaf etdiriblər, sağ olsunlar. Amma mahnı janrını çox bərbad kökə salıblar. Azərbaycanda tamamilə başqa bir musiqi janrı yaranıb. Neçə ildir ki, mən bunu deyirəm. Amma səsimə səs verən yoxdu. Bu cür janrlar musiqimizi yalnız uçuruma apara bilər. Həmin musiqilər Üzeyir Hacibəyovun yaratdığı janra heç yaxın da dura bilmir. Heç xalq mahnıları da həmişə düzəməlli ifa edilmir. Dambadurub salıb özlərini müğənni adlandırırlar".
Estrada janrı adı altında səslənən bu mahnılarını janrının belə müəyyən olunmadığını deyən Əli Mirəliyev bu janrdakı özbaşınalıqdan söz açıb: "Elə mahnılar ifa edirlər ki, onun janrını belə müəyyən etmək olmur. İllərdi təbil çalaraq musiqimizin başına duranları mövcud vəziyyətdən xəbərdar etməyə çalışıram. Eşitmirsiz ki bunlar Üzeyir Hacibəyovun musiqisi deyil? Hamı yalandan musiqimizin əla olduğunu deyir. Musiqinin anası ölüb. Azər Zeynalov, Abbas Bağırov musiqini olduğu kimi çatdıra bilir. Brilliantı, Nazpərisi, Aygün Kazımovası Xalq artistidir deyə necə istəyirlər o cür də ifa edirlər. Əvvəllər bədii şura var idi. Onlar hər şeyə nəzarət edirdi. Bu gün kim harda və necə səs yazdırır, heç bilinmir. Ən baxımlı verilişlərə pul verib efirə çıxırlar. Vəssalam. Efirdə "Klip Saatı" adlı veriliş yayımlanır. Baxın görün bu verilişdə bir Azərbaycan mahnısı var? Bütün ifalar biabırçı vəziyyətdədi. Azərbaycan dilinin sahibi Azərbaycan xalqıdı. Ey mənim xalqım, telekanalların rəhbərliyi gec-tez buna görə başınızı cəngələ salacaqsınız. Tərkibinizdə bir qurum yaradaraq efirə gedən mahnıların mənşəyi ilə maraqlanın. Görün bu mahnılardan Azərbaycan iyi gəlirmi?"
Vaxtı ilə Türkiyədə əcnəbi musiqiyə müraciətin geniş vüsət aldığını deyən müğənni hazırda Azərbaycanın da bu ənənədən yararlandığını deyir. Ə. Mirəliyev estrada janrındakı bu özbaşınalığı həm də bədii şuarının olmaması ilə izah edir: "Türklər də bizim kimi başqa xalqların musiqilərinə müraciət edir. Bunlar heç türk mahnısı da deyil. Türk mahnısını ifa edib Zeki Müren, Adnan Şənsəs. İndiki müğənnilər türkcə yox, kürd mahnıları ifa edirlər. Sözləri türk, musiqisi isə bir başqa dildə olan belə mahnılar Azərbaycanla yanaşı, Türkiyə efirini də doldurur. Azərbaycan da Türkiyənin oyununu oynayır. O vaxt ölkəmizdə bədii şura var idi deyə belə addım atmaq olmazdı...Uşaq var e atası olsa da kimliyi bilinmir. Mahnının mənşəyi olmalıdı. Üzeyir Hacibəyov o vaxt nə qədər bənzərsiz əsərlər yaratdı. Üzeyirdən sonra Qara Qarayev, Niyazilər, Fikrət Əmirovlar gəldi. Klassik mahnılardan sonra estrada janrlarına müraciət etdilər. 3-4 dəqiqədən ibarət belə mahnılara qulaq asanda bilirdin ki Azərbaycan mahnısı dinləyirsən. Şövkəti, Tükəzbanı, Bülbülü, Gülağası, Akif İslamzadəsi və mən oxudum. Biz o bulaqdan su içdik. Bunların isə bulağı yoxdu, özlərindən su vururlar. O kəslərə ki xalq artistləri adı verilib, onları ancaq özfəaliyyətdən qaçan müğənnilər adlandırmaq olar. Ədalət xalq artistidi. Erməni musiqisi bu ifaların yanında nədi ki?"
Bu gün texnikanın köməkliyi müğənnilərin lazım olan effekti aldığını deyən Ə.Mirəliyev canlı yayımda onların heç nə ifa edə bilmədiyini söyləyir: "Bizim Üzeyir bəy kitayca yazmayıb. Azərbaycanca oxumaq üçün mütləq muğamı bilməlisən, səsin bu janra uyğun olmalıdı. Üzeyirin musiqisini hər adam ifa edə bilməz, Elza Seyidcahan bunu bacarmaz. İnternet vasitəsi ilə meymunu da oxutdurmaq olar. Sabah texnikanın köməkliyi ilə hər kəs oxuya biləcək. Amma belə olmaz axı. Canlı efirdə belələri heç nə ifa edə də bilməyəcək, elə Elza Seyidcahan da. Bunun üçün ilk növbədə səsin və istedadın olmalıdı". Ə.Mirəliyev bir aralar erməni mahnısı ifa etdiyi söylənilən Elton haqda da fikirlərini bölüşərək onun tərəfindən belə bir addımın atılmadığını söyləyir: "Eltonun ifasında heç vaxt erməni mahnısı eşitməmişəm. Elton gözəl müğənnidi. Elə bunların arasında ən istedadlısıdı. Erməni kimdi ki onu mahnısını ifa edək? Bunlar erməni yox, Azərbaycan mahnılarıdı. Azərbaycanlılar "kitayski" oxuyur deyə ermənilər də bizim mahnıları ifa etməyə başlayıb. Musiqisi Azərbaycana məxsus olan mahnının sözlərini öz dillərinə tərcümə edərək oxuyurlar. Elton da, mən də Azərbaycan mahnısı oxumuşuq. Erməninin musiqisi yoxdu. Erməni adında millət yoxdur ki, onun mahnısı da ola. Amma Azərbaycan xalqı var, mahnısı da. Bu gün ermənilərin bizim mahnılarımızı ifa etmələrinin səbəbi bizim öz mahnılarımızı təhrif etməmizdi. Akif İslamzadə "Sarı Gəlin"i oxuyanda niyə ermənilər demədi ki, bu bizim mahnımızdı? Amma indi "Sarı Gəlin"i öz adlarına çıxardırlar. Baxıb gördülər ki, Sevda Ələkbərzadə "Sarı Gəlin"i elədi qara gəlin. Uşağı özbaşına qoyarsan ya halvaçıya gedər, ya zurnaçıya. Bu da eyni şeydi. Mahnımız başlı başına qalıb. Ermənilər mahnımıza da, torpağımıza da sahib çıxırlar. Mahnımızı da, torpağımızı da əlimizdən vermişik". Müğənni bir neçə gün bundan öncə Bakı restoranlarının birində erməni müğənninin solo ifası məsələsinə də münasibət bildirərək belə deyib: "Restoranlarda səsləndirilən bu mahnılar erməni yox, Azərbaycan mahnısıdı. Evlərdə də bu dəqiqə ermən dilində danışırlar. Üzeyir Hacibəyovun musiqiləri, onun qurduğu yol, tikdiyi bina dağılıb. Zaman, tarix bunu bizə bağışlamayacaq. Ağsaqqallarımız Arif Babayev, Əlibaba Məmmədov mənim səsimə səs vermir. Çünki onlar musiqi janrını bilmir, bunu mən bilirəm. Mirzə Babayev, Şövkət Ələkbərova, Rübabə Muradova hamısı ölüb, gedib dərdimi kimə deyim? Kanallar özləri üçün bazar açıblar. Bu yolla ancaq uçuruma gedə bilərik. Artıq uçurumun bir addımlığındayıq. Dilimiz də əldən gedib, musiqimiz də. Bir xalqın məhv olması üçün onun musiqisi ilə dilini əlindən almaq kiayət edər".
Bəstəkar Elnarə Dadaşova isə qıcıq yaratmaq üçün bunun çox yaxşı bir üsul olduğunu deyərək gileyini gizlətmir: "Erməni getsin öz ölkəsində oxusun da. Belələrinə niyə şərait yaradılır, bunu deyə bilmərəm. Hər halda qıcıqlandırmaq üçün yaxşı vasitədir. İnsanların əsəbi ilə oynamaq üçün kimsə yaxşı bir vasitə seçib. Belə bir vəziyyətdə, xalqın itirilən torpağına həsrət qaldığı bir dönəmdə əlbətdə ki qarşılanmaz bir şeydi. Mən o erməni müğənnisini deyil, onun üçün şərait yaradanları qınayıram. Təbii ki, onun üçün şərait yaradılıb ki, o da bunu edib. Özbaşına heç nə olmur ki".
Bəstəkar Gövhər Həsənzadə isə əslində yayılan bu iddiaya inanmadığını deyərək hüquq-mühafizə orqanları tərəfindən məsələnin lazımi səviyyədə araşdırılmasına ehtiyac duyduğunu söyləyir: "Məclis sahibi özü də bu məsələni diqqətdə saxlamalıdı. Ümumiyyətlə erməni dilində mahnı ifa edəcək müğənniləri baykot etmək lazımdı. Əgər ev yiyəsi bu cür hallara göz yumursa, deməli ona da xoşdu. Restoran müdirləri də maddi maraqlarından daha çox milli qürurlarını üstün tutmalıdı. Heç bir qurum kənardan restoranın fəaliyyətinə nəzarət yetirməməlidi. Əgər həqiqətən belə bir şey olubsa, o müğənnini restorandan uzaqlaşdırmaq lazımdı. Əslinə qalsa mən buna inanmıram. Bəlkə də kiminsə restoran sahibliyi ilə ədavəti var deyə belə addım atıb. Ona görə düşünürəm ki, məsələni dərindən araşdırmaq lazımdı. Bunun üçün hüquq-mühafizə orqanlarının işçilərini də işə cəlb etmək lazımdı. Yayılan bu məlumat inandırıcı deyil. Bu haqda söz-söhbətlərin gəzməsi başqa, bunun sübut olunması başqa. Bizim rəyimizi öyrənməzdən öncə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdı. Bizim erməni müğənnisinə münasibət bildirməyimiz dügün deyil. Erməni haqda mən nə deyə bilərəm ki. Mənim üçün erməni müğənnisinin Azərbaycan restoranında mahnı ifa etməsi qəbulolunmazdı. İstəməzdim ki, Azərbaycanda ermənilər üçün belə bir şərait yaradılsın. "Xan Bağı" restoranının rəhbərliyinə də yazığım gəlir ki, adları bu məsələdə hallanıb".
Xalq artisti Mübariz Tağıyev isə ilk olaraq bizdən eşitdiyi bu xəbərdən şoka düşdüyün gizlətmədi. Danışmağa belə söz tapa bilməyən müğənni bunun biabırçılıq adlandırıb: "Başa düşə bilmirəm ki, bu müğənnini Azərbaycana kim buraxıb. Mən hələ də şokdayam. Bu nə cür Azərbaycan gələ bildi ki, indi də restoranda konsert verib. Çox iyrənc haldı. Hansı Azərbaycan müğənnisi İrəvanda konsert verib ki. Kim bunu dəvət edib? Mən başa düşə bilmirəm. Hələ ki bu haqda heç nə danışa bilmirəm. Əgər belə bir səhvə yol veriblərsə, çox təəssüflər. Buna şərait yaradan heç azərbaycanlı ola bilməz...Bunun üçün tədbir görmək lazım deyil. Bir balaca bu haqda ciddi-ciddi düşünmək lazımdı. O özbaşına gələ bilməz ki, kimsə onu dəvət edib də. Ar olsun o müğənnini Azərbaycana dəvət edənə".
Nigar Məhərrəm