Çıxılmazlıq
12 Sentyabr 2013 16:59 MədəniyyətÇıxılmazlıq - gerçək imkanların tükənməsi, bitməsidir, insanın gerçəkliyə yenilməsidir, azadlığın itirilməsidir.
***
Cıxılmazlıq - çıxılmaz sayılandan asılılıqdır, onun basqısından usanmaq, bezməkdir.
***
Asılılığın olduğu hər sayaq durumlar, çevrələr, çağlar - çıxılmazlıqdır: asılılığa düşən - çıxılmazlığa düşür.
***
Gerçəklik sınırını, ölçüsünü ötməyən hər şey - çıxılmazlıq yaradır.
***
Mütləqliyə uyğun olmayan hər şey - çıxılmazlıq yaradır.
***
Gerçək yaşam insanı hər an çıxılmazlığa salır, onu özündən asılı etməyə çalışır: insan çıxılmazlıqdan çıxa bilir - ruhani varlıq olduğu üçün gerçəkliyi ötür.
***
İnam çıxılmazlıq tanımır - insan inamsızlıqdan çıxılmazlığa düşür.
***
İdrak çıxılmazlıq tanımır - insan idraksızlıqdan çıxılmazlığa düşür.
***
Mənəviyyat çıxılmazlıq tanımır - insan mənəviyyatsızlıqdan çıxılmazlığa düşür.
***
İradə çıxılmazlıq tanımır - insan iradəsizlikdən çıxılmazlığa düşür.
***
Kamil - çıxılmazlıq tanımır - gerçəkliyi ötür, çıxılmazlıqdan çıxır.
***
5 Ata ayı 35-ci il.
(5.9.2013).