Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azrəbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, 18 - 28 sentyabr tarixində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunan V Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu ilki festivalda Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Slovakiya və Litvadan tanınmış dirijor və solistlər, gənc, istedadlı ifaçılar, musiqi kollektivləri - Münhen Yeni Filarmonik Orkestri, BoqdanVarxal adına Slovakiya Dövlət Kamera Orkestri, "Romantik" kvarteti, "Utopik" kvarteti, Peter Rundel, Bricit Pinter, Vilija Poskute və Tomas Daukantas, Svetlana Berejnaya, V.Vorona Viktoriya Çenskaya, Teymuraz Ququşvili, Petry Rakovitse,Varvara Nepomnyaşaya, AŞU, Nikita Volov və Daniel Tağıyev iştirak edəcək. 
Festivalda Azərbaycanın aparıcı kollektivləri və musiqiçiləri ilə yanaşı, gənc nəslin istedadlı nümayəndələri də iştirak edir. Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Buta kamera xoru, Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, dirijorlar Rauf Abdullayev, Teymur Göyçayev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Əyyub Quliyev, Elnarə Kərimova, solistlər Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya, Nəzakət Rimazi, gənc istedadlı ifaçılar Anar İbrahimov, Riad Məmmədov, Cəmilə Qarayusifli, Firuzə .Xancalova və başqaları çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31