Rihanna 3-cü geyim kolleksiyasını təqdim etdi
Bu kolleksiya da "River Island" brendi üçün hazırlanıb
11 Sentyabr 2013 13:37 MədəniyyətBarbadoslu gözəlçə Rihanna, deyəsən, özündə əsl modelyer istedadı kəşf edib və bu işindən geri qalmaq niyyətində deyil. Belə ki, müğənni Londonda sayca 3-cü geyim kolleksiyasını təqdim edib. Bu kolleksiya da Britaniyanın məşhur "River Island" geyim brendi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
"Mən qarışıq bir şeylər yaratmaq istədim. İstəyirdim elə geyimlər hazırlayım ki, onlar insanların qarderobunda həmişəlik olsun. İnsanlar bu paltarları dəfələrlə və hər dəfə də müxtəlif üslubda geyinə bilsinlər. Çünki özüm də geyimlərimin belə olmasını istəyirəm. İstəyirəm, sevdiyim paltarları çox geyinim, səhnədə belə, həmişə yalnız öz paltarlarımda olum" - deyə, Rihanna bildirib.
2013-2014-cü il payız-qış kolleksiyası ümumilikdə 80 geyim parçası olmaqla, iki hissədən ibarətdir. Birinci hissə sabahdan dünya premyerasından sonra satışa çıxarılacaq. Bura, əsasən, payız mövsümundə dəbdə olan rənglərdə idman üslublu geyimlər daxildir. İkinci hissənin paltarları isə qış aylarında satışa çıxarılacaq.