Xınalığa gələn turistlərin sayı azalıb

Quba rayonundan 57 km uzaqlıqda yerləşən yaşayış məntəqəsi həm əcnəbi, həm də yerli turistlərin ən çox üz tutduğu məkanlardandır. İlin istənilən fəslində Xınalıqda turist görmək mümkündür. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalığın tarixi, təbiəti və ərazidəki insanların yaşam tərzi turistləri daha çox cəlb edir.
Ötən illərlə müqayisədə bu il yay fəslində havanın qeyri-sabit keçməsi Xınalığa gələn turistlərin sayına da təsir göstərib. Belə ki, cari ilin 8 ayında yaşayış məntəqəsini 2000 nəfər ziyarət edib. Onlara müvafiq marşrutlar üzrə xidmətlər göstərilib.
"Xınalıq" Dövlət tarix mədəniyyət və etnoqrafiya qoruğunda aparılan qazıntı işləri zamanı 87 adda 10 mindən artıq eksponat aşkarlanıb. 2012-ci ildən etibarən Mədəniyyət və turizm nazirinin müvafiq əmri ilə qoruğa giriş ödənişlə həyata keçirilir.
Qoruğun yaradılmasında əsas məqsəd Xınalığın unikal görünüşü və tarixi abidələrinin mühafizəsi ilə yanaşı, etnoqarafiyasını, dilini və mədəniyyətini qoruyub saxlamaqdır. Qoruğda 160 tarixi yaşayış evi və 30-a yaxın dini-tarixi abidə mühafizə olunur. 2011-ci ildə Mədəniyyət və Turizm Naziriliyinin xətti ilə Xınalığın görünüşünün qorunması məsədi ilə 100-ə yaxın yaşayış evinin dam örtüyü dəyişdirilib. Hazırda qurum tərəfindən IX-X əsrlərə aid "Əbu Müslüm" cümə məscidində restavrasiya işləri aparılır. Proses bu ayın sonlarında başa çatacaq. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31