Məşhur aktrisa: "Mənə "Allahsız" dedilər, hər gün "oğlun ölsün!" söyləyirdilər" - MÜSAHİBƏ
2 Sentyabr 2013 17:18 MədəniyyətTürkiyənin ən məşhur aktrisalarından biri, tanınmış aktyor Halit Ergencin xanımı Bergüzar Korel indi onu "Sultan Süleymanın xanımı" kimi də tanıdıqlarını vurğulayıb.
Buna rəğmən aktrisa məhz özü kimi qalmaq və tanınmaq istədiyini deyir.
Milli.Az B.Korelin Hürriyet-ə verdiyi müsahibəsini müəyyən ixtisarlarla təqdim edir:
- 31 yaşınız tamam oldu. Həyatınızın hansı dönəmindəsiniz?
- Elə hey eşidirdim ki, "yaşın 30-a çatan kimi hər şey başqa cür olacaq". Gerçəkdən də, nələrsə dəyişir. "İndiki ağlım olsaydı" sözlərini daha tez-tez deməyə başlayırsan.
Yaşamımda küyə düşdüyüm, hisslərə qapıldğım dövrlər olub. Amma indi öz maraqlarımı unutmuram, istədiklərimi nəzərə alıram. Bir qədər yavaşlamışam. Çünki gəncliyimdə çox intensiv həyat yaşadım. O yaşlarda tanındım, ərə getdim. 27 yaşımda ana oldum. İndi bir qədər nəfəs dərib şükr etmək zamanıdır.
- Ana olandan sonra "yumşalmağa" başladınız?
- Eynən elə. Əvvəlcə qadın kimi yox, gənc oğlan kimi düşünürdüm. Hamiləliklə birlikdə rahatlanmağa başladım. Əli anadan olandan sonra güzgüdəki görüntümü çox sevirəm.
- İdmanla fəal məşğul olursunuz. Olmaya "Bergüzar, özünə fikir ver" mesajları aldınız?
- Hə, elədir. Gerçəkdən də, idmanımın yaşla əlaqəsi var. 25 yaşım olanda mənə "İdmanla məşğul ol!" deyənlərə "Bu yaşdan sonra vücudumda nə dəyişər ki?" deyirdim. Mövqeyimi Burcu Kuş pozdu. O məşqçi ilə çalışıram.
- Deyəsən, hələ uşaqlıq illərində aktrisa olmaq istəyibsiniz...
- Qətiyyən. Uşaqlıqda əsla aktrisa olmaq istəmədim. Sonra da yaxşı aktrisa kimi tanınmağa can atmadım. Ana olandan sonra anladım ki, bütün bunlar genetik məsələlərdir. Atam, anam, evimizə gələn qonaqlar, ab-hava - aktrisa olmağım üçün yetərincə təkan vardı.
- "Karadayı" serialı karyeranızın hansı dönəmidir?
- Etiraf edim ki, "Karadayı"ya qədər ümidsizdim. Gerçəkdən də, hər şeydə problem olduğunu düşünürdüm. Çoxlu tənqid olunurdum.
Bu serialda isə özümü tapdım. Əslində, bu günədək çalışdığım heç bir çəkiliş qrupunda problem yaranmadım. Fəqət, rejissordan çox şey asılıdır. Rejissor adamı rəzil də edər, vəzir də. İndiyədək məni tənqid edənlər indi məndən üzr istəyirlər.
- "Tamam, artıq özümü isbatladım" deməyi düşünürsünüzmü?
- Artıq demişəm. Nə də olsa, Tanju Korelin qızıyam, ambisiyalarımla yanaşı, inadım da var. Təbii, pis və sərt söz eşidəndə yenə ürəyim bərk döyünür, nəfəsim daralır. Fəqət, dərhal özümə deyirəm ki, hər kəs məni sevmək, məni anlamaq məcburiyyətində deyil.
- Çox gözəl qadınsınız, amma soyuqqanlı, sərt insan təsiri bağışlayırsınız.
- Xoş niyyətimdən sui-istifadə olunmasını sevmirəm. Mənim üçün hər kəs "siz"dir. Ədalətsiz davranış, kiminsə hüququnun pozulduğunu görəndə sərtləşirəm.
Aktrisalığımla analığımı qarışdırmıram. Mən anayam, tənqidləri qəbul edirəm. Amma necə ana olmağımla bağlı tənqidləri əsla qəbul etmirəm. Oğlum ən həssas yerimdir. Həyatdakı hər şeydən, hətta özümdən artıq düşündüyüm canın ağrımasına dözə bilmərəm.
- Əriniz Halit Ergenc necə atadır?
- Biz ailəyik və xoşbəxtəm ki, yanımda məni anlayam ərim, Halit var. Uşağımızın hər problemini birgə yaşayırıq. Hamilə olanda 9 ay boyunca Halitsiz tək bir müayinəyə getmədim.
- Yəqin Əli atasını çox sevir.
- Çox... Atasına bənzəməyə çalışır. Halit də onunla dostdur, amma ciddi nüfuzu var. Hirslənəndə səsindən hətta mən də qorxuram.
- Gezi Parkı aksiyalarında ən sərt tənqidlərə məruz qalan adamlardan biri də siz oldunuz.
- Elədir. Ərim də hücumlara məruz qaldı. Twitter-də hər gün onlarla insan "Oğlun ölsün" yazırdı. Halbuki mən, insanların öz fikirlərini azad ifadə etmək hüquqlarını müdafiə edirdim. Aksiyalara da ideoloji və ya siyasi məqamlara görə yox, sadə vətəndaş kimi qatılmışdım.
Müsəlmanam, türk qadınıyam. Amma dinsiz, allahsız, terrorçu olmaqda suçlandım. Heç bir ideologiyaya tapınmamışam. Mən insanam, anayam.