Bizim Qonaq - “Hamı özünü yalandan artistliyə qoymaq istəyir”

Anar Heybətov: “Bu gün bir çox ifaçılar var ki, mikrofonu əlimə alsam, onlardan da yaxşı oxuyaram...”

Artıq bir neçə ildir ki ölkə başçısının fərmanına müvafiq olaraq serialların çəkilməsi üçün maddi yardım ayrılır. Fərmana müvafiq olaraq tamaşaçıya təqdim edilən ilk seriallar böyük kütlə tərəfindən qəbul edildi. Amma son bir il, ya bir neçə ay ərzində çəkilən yeni serialların tamaşaçı kütləsi tərəfindən qəbul edilmədiyini görə bilərik. Bunun səbəbi aktyorların rollarını lazımi səviyyədə canlandırmaması, bəzi hallarda isə çox bəsit obrazların təqdim edilməsidir. Təəssüflər olsun ki, mahnı müsabiqələrinin yaranması ilə müğənni olmaq istəyənlərin sayı artdığı kimi bu gün serial sahəsinə diqqətin ayrılması nəticəsində də aktyor olmaq istəyənlərin də sayı artıb. İstedadlı və istedadsız olmasından asılı olmayaraq bir çoxları seriallara çəkilərək həm qazanc, həm də populyarlıq əldə etmək istəyir. Bir çox hallarda bu yolla aktyor olmaq istəyənlər bu sənəti təlxəkliklə də səhv salır. Bəs görəsən peşəkar aktyor olmaq üçün nə tələb olunur? Ümumiyyətlə aktyorluq fakültəsini bitirməyənlərin bu sahədə çalışması necə, qəbulediləndirmi? Mövzu ilə bağlı Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru "Pərvanələrin Rəqsi"ndə Kamran obrazı ilə tanıdığımız Anar Heybətov və Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynovla söhbətləşdik. Tərəflər fərqli fikirlər irəli sürdü.

-Anar bəy, öncəki müsahibələrdə də bu problemə toxunmuşduq. Sizi ən çox qıcıqlandıran məsələlərdən biri də aktyorluq fakültəsini bitirməyən şəxslərin bu sahədə fəaliyyət göstərməsidir...

-Belələri arasında istedadlılara çox az hallarda təsadüf edilir. Aktyorluq çox incə sənətdir. Peşəkar olmayan birisi rolunu öyrənib kamera önünə keçə bilməz. Rejissoru tam qane etmək üçün aktyorun obraza uyğun görünüşü ilə yanaşı istedadının olması da başlıca amillərdən biridir. Son zamanlar telekanallarda yayımlanan seriallarda tanınmayan simaları tez-tez görə bilərik. Elə səhnələr var ki, burda rol alan aktyorlardan heç biri tanınmış sima deyil. Sonradan bizə məlum olur ki, hər hansı rolu canlandıran şəxs ya rejissorun, ya da ki ona yaxın olan şəxslərdən kiminsə yaxınıdır. Aktyor olmayan şəxslərin film və seriallara çəkilməsi nəticə etibarı ilə keyfiyyətsiz məhsul ortaya çıxarır. Tamaşaçılar "bizdə serial yoxdur" deyəndə buna görə onları qınamaq olmaz. Çünki onları aldatmaq mümkün deyil. Zamanla müxtəlif ölkələrin seriallarını yerli və əcnəbi telekanallarda izləyən tamaşaçı nəyin yaxşı, ya pis olduğunu ayırd edə bilir.

-İndi hamı artist olmaq istəyir. Niyə birdən-birə bu sahəyə maraq artdı?

- Xalqımızın istedadına heç kəsin şübhəsi ola bilməz. Bir aralar mahnı müsabiqələri təşkil edilirdi. Xeyli sayda iştirakçı belə müsabiqələrə axışaraq bacarığını göstərirdi. Birdən ayıldım ki, respublikada hamı oxuyandır. Televizorda yaşından asılı olmayaraq bu cür müsabiqələrə nə qədər adamın axışdığını görürdüm. O zamanlar hamı oxuyurdu. Artıq iki ilə yaxındır ki, serialların çəkilişi üçün maddi yardım ayrılıb. Buna görə indi hamı artist olmaq istəyir. Ya da ki hamı özünü yalandan artistliyə qoymaq istəyir. Sosial şəbəkədə dostluğumda olan şəxslər də mənə artist olmaq istədiklərini deyirlər. Hətta məni seriala çəkin deyənlər də olub. Baxıb görürəm ki, bizdə nə öndədirsə camaat bacardı-bacarmadı ona doğru qaçır. Bu yaxşı cəhət deyil.

-Bəs, rejissorlar niyə bu cür şəxslərə, aktyorluqdan xəbəri olmayanlara rol verir?

-Rejissorların bu aktyorlara rol verməsinin səbəbini anlamıram. Onlar bu yolla yalnız Azərbaycan incəsənətinə xəyanət edirlər. Yəqin bu rejissorlar özləri də populyar deyil.

-Ümumiyyətlə demək olarmı ki, son dövrdə peşəkar olmayan bu cür aktyorların sayı artıb?

-Yox belə deməzdim. Peşəkar aktyorların da sayı az deyil. Biz hər şeyi tamaşaçıların ixtiyarına buraxırıq və onların zövqünə inanırıq. Aktyor gərək ki, rolu yaşayaraq tamaşaçıya çatdıra. Əgər bunu bacarmazsa ondan nəsə gözləmək olmaz. Tamaşaçılar da hər zaman rolunu canlandıra bilməyən aktyorların peşəkarlıq səviyyəsinin olmamasından gileylənərək iradlarını bildirir.

-Peşəkarlıq əsas amillərdən biri hesab olunur. Elə çəkildiyiniz "Pərvanələrin Rəqsi" serialının da bu qədər uğur qazanmasını yəqin ki peşəkarlıq amili ilə bağlamaq olar...

-"Pərvanələrin Rəqsi" serialının bu qədər reytinqli olmasının əsas səbəblərindən biri də peşəkarların bu işə cəlb olunması olub. Bu da əlbəttə ki Rövşən İsaxın uğurudur. Aktyor seçimi düzgün olmasaydı, bu qədər uğur da qazana bilməyəcəkdik.

-Belələri arasında bəyənmədikləriniz çoxdur. Tanıdığımız hansı aktyorun adını çəkə bilərsiniz?

-Peşəkar olmayan belə aktyorları heç tanımaq da istəmirəm. Onların adını bilmək də mənə lazım deyil. Elməddinlə Fərda o zamanlar iştirakçısı olduqları Şən Hazırcavablar Klubunda heç olmasa nəsə öyrənib, nədənsə xəbərləri var. Pis-yaxşı nəsə eləmək istəyirlər. Bəzən bu aktyorların yaratdığı hansısa rollar xoşuma gəlib. Bununla yanaşı yenə də onları aktyor kimi qəbul etmirəm. Tamaşaçı kimi Elməddin və Fərdaya baxanda gülə də bilmirəm...Amma inanmıram ki, gələcəkdə hansısa  rejissor Elməddin və Fərdanı böyük bir filmə çəkə, ya onlardan böyük aktyor kimi istifadə edə. Onlar nə edirlərsə ancaq özləri üçün.

-Peşənizə çox bağlı olan birisisiniz. Həm də kifayət qədər sevilən və tamaşaçı kütləsi tərəfindən qəbul edilən aktyorsunuz. Bir başqa peşənin sahibi olsaydınız bu sənəti sevdiyiniz üçün aktyor olmaq istəyərdinizmi?

-Papaqçı, ya çəkməçi olsaydım çalışardım ki o sahədə seçilim. Yəqin ki, istedadım belə olsaydı aktyor olmaq istəməzdim. Məncə hər kəs öz işini görsə yaxşıdır. Bülbül adına orta ixtisas məktəbinin xalq çalğı alətləri şöbəsini bitirmişəm. O illərdə mənimlə birgə oxuyanlar arasında bu gün tanınan və tanınmayanları da var. Amma məndə belə istək olmayıb. Hərdənbir evdə özüm üçün zümzümə edib oxuyuram. Ya tarı götürüb nəsə çalıram. Amma bu o demək deyil ki, mikrofonu əlimə alıb oxumalıyam. Bu gün bir çox ifaçılar var ki, mikrofonu əlimə alsam, onlardan da yaxşı oxuyaram...Peşəmi çox sevdiyim üçün aktyorluq sahəsində uğur qazanmağı düşünürəm.

-Ümumiyyətlə bu gün Azərbaycanda serial bazarının olmasından danışmaq da yəqin tez olar...

-Serialla bağlı bazar haqda danışmaq hələ tezdi. Bir neçə sevilən serialın olması bizdə bu sahədə bazarın olması anlamını daşımır. Düşünürəm ki, yaxın gələcəkdə bu sahədə durum dəyişər. Hər hansı seriala çəkilərkən əldə edəcəyimiz qonorardan daha çox bu sahənin inkişafını düşünürük. Məqsədimiz də budur. Bu işlər qaydasında gedərsə, gələcəkdə serial bazarımız da formalaşarsa o zaman peşəkarla, qeyri-peşəkara qoyulan qiyməti də görə bilərik.

Digər müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov isə həmkarının fikri ilə razılaşmadığını deyir

-Sizcə necə, aktyor olmayan birisi filmə, ya seriala çəkilə bilərmi?

- Bu gün aktyorluq sənətində təhsili olmayan şəxslər teatrda yoxdur. Amma film və seriallarda bu cür şəxsləri görə bilərik. Ola bilər ki, birinin çox gözəl istedadı və bacarığı var. Amma aktyorluq fakültəsini bitirməyib. Bu zaman niyə də aktyor kimi film və seriallara çəkilməsin. Öncələr də bu ənənə olub. Mən buna pis baxmıram. Aktyorluq sənəti diplom almaqla əldə edilən bir şey deyil. Düzdür, təhsil də önəmlidir. Amma bizim işimiz sırf bununla bağlı ola bilməz. Bacarıq, istedad da olmalıdır. Bəzən diplomu olan, uzun illər aktyor kimi çalışan biri rolunu elə bərbad canlandırır ki, onun aktyor fakültəsini bitirməsinə belə inanmaq olmaz. .

-Bəs, istedadı olmayan şəxslərin  serial və kino aləminə axınının səbəbini nə ilə izah etmək olar?

-Onların gəlir əldə etmək üçün bu yola üz tutduğunu düşünmürəm.Yəqin ki, tanınmaq üçün asan yol tapdıqlarını düşünür. Aktyor olmayan birisi bu sənətə yiyələnmək istəyirsə gərək sənətin incəliklərini öyrənsin.

-Bəzən bu cür aktyorlar bu sənətin çox asan bir peşə olduğunu düşünür...Sizcə necə?

-Bəli, bu gün aktyor olmaq istəyənlər bu sənətin çox asan olmasını ortaya qoyublar. Məni ən çox qıcıqlandıran da elə budur. Bəzən aktyorların yaratdıqları obraza tamaşa edəndə düşünürsən ki, bunu mən də edə bilərəm. Bütün bunlar da o səviyyədə film və serialların, tamaşaların, aktyor oyunlarının yaranması ilə əlaqədardı. Tamaşaçı geyinib-keçinmək, bəzənib-düzənməklə "burda nə var ki, mən də aktyor ola bilərəm" deyə düşünürsə deməli aktyorlar yaratdıqları obrazla onlarda belə təəssürat formalaşdırıb. Ona görə tamaşaçını qınaya bilmərik. Onlar elə düşünürlər ki aktyorluq çox sadə və asan bir sənətdir. Bu sənət böyük güc, istedad tələb edən bir sahədir.

-Özünüz bir tamaşaçı kimi necə bu aktyorların rolunu izləyirsinizmi?

-Pis-yaxşı bu sahədə bütün zəhmətkeşlərin əməyini qiymətləndirirəm. Pis-yaxşı olmağından asılı olmayaraq. Nəticə bizlik deyil. O tamaşaçının öhdəsinə buraxılan bir şeydi. Hər kəs zəhmət çəkir. Ortalıqda zəhmət və gedən ömür var. Mən şəxsi fikrimi deyə bilmərəm, çünki bu serial və filimlərə baxmıram.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31