“Acıtan Yürek” filminin çəkilişlərini nə yubadır?-TƏZADLI FİKİRLƏR
Aktyor: “Öncə çəkilişlərin 21-nə palnlaşdırıldığı söylənmişdi”
30 Avqust 2013 16:31 Mədəniyyətİcraçı direktor: "Filminin avqustun 21-də çəkilişlərinin başlaması haqda bizim tərəfimizdən heç bir informasiya verilməyib"
"Acıtan Yürek" filminin layihə direktoru, eyni zamanda da ssenari müəllifi Günel Abdullayeva yayılan söz-söhbətlərə son qoydu: " "Acıtan Yürek" filminin avqustun 21-də çəkilişlərinin başlaması haqda bizim tərəfimizdən heç bir informasiya verilməyib. Artıq çəkilişlə əlaqədar olaraq Bakı, Qəbələ və İzmirdə pavilyonlar qurulub".
Filmin çəkilişi üçün artıq 15 aktyorun müəyyənləşdiyini deyən G.Abdullayeva filmin tərkibi haqda da danışıb: " "Acıtan Yürek"də çəkilən simaların əksəriyyəti tanınmayan şəxslərdi. Əsas məqsədimiz də tanınmayan simaları üzə çıxartmaqdan ibarətdi". Çəkilişlə bağlı heç bir problemin olmadığını deyən icraçı direktor məkanların seçildiyini söyləyərək mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib: "Artıq pavilyonları quraraq məkanları dəqiqləşdirmişik. Bəzi media orqanlarında 6 aydır ki kastinq təşkil etdiyimiz haqda həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Biz iki aydır ki bu işə start vermişik. Bu müddət ərzində aktyor, geyim seçimi ilə yanaşı bir sıra işlərimizi də planlaşdırmışıq".
Rejissor Cansu Kevdar İrmakın da bu yaxınlarda Bakıda olduğunu söyləyən ssenari müəllifi Qəbələ və İzmir çəkilişlərinə onun rəhbərlik edəcəyini deyir: "Cansu xanım filmin çəkilişi ilə əlaqədar Bakı və Qəbələdə də olub. Bakı istisna olmaqla Qəbələ və İzmir çəkilşlərinə Cansu Kevdar rəhbərlik edəcək". Türkiyəli rejissorun çəkilişlə əlaqədar olaraq Azərbaycan mediasına açıqlama vermək istəmədiyini vurğulayan G.Abdullayeva bu haqda belə deyib: "Cansu xanım çəkilişlə əlaqədar ölkəmizə təşrif buyursa da bu haqda mediaya açıqlama vermək istəməyib. Yalnız bir kanala Cansu xanım bu haqda açıqlama verib". Ssenarist sevilən aktrisa Məryəm Üzərli ilə yanaşı şoumen Acun İlicalının da Bakı səfərindən danışıb: "Məryəm Üzərli və Acunun Bakıya gəlişi müqavilə olduğu üçün biz bu haqda heç bir məlumat verə bilmərik. Filmin sauntrekini Türkiyənin məşhur müğənnisi Nilufər ifa edib. Bu yaxınlarda o da Bakıda qonaq olmuşdu. Sadəcə olaraq biz onun mediaya açıqlama verməsini istəmədik.
Filmdə əsas rollardan birini canlandıracaq "Plyus-minus" verlişinin müxbiri Tural Ozan da bu haqda danışaraq canlandıracağı obraz bağlı məlumat verib: "Türkiyəli rejissor bir neçə gün öncə ölkəmizə gələrək əsas prosesləri diqqətdən keçirib. Alper obrazını canlandıracağam. Tərəf müqabillərimdən biri rəqqasə Oksanadır. O mənim keçmiş sevgilim rolunda çıxış edəcək. Digər tərəf müqabilim isə tanınmış şəxs deyil. Tərəf müqabilim Şəhla adlı xanım Dilək obrazını canlandıracaq. Artıq filmdə rol alacaq digər aktyorlarla da görüşmüşük. Bu yaxınlarda çəkiliş tarixi bəlli olacaq". Film çəkiliş.lərinin gecikməsi haqda danışan T.Ozan öncə çəkilişlərin avqustun 21-ə təyin olunduğunu deyib: "Mən də bu məsələ ilə maraqlandım. Öncə çəkilişlərin 21-nə palnlaşdırıldığı söylənmişdi. Hər bir detallara fikir verilir. Buna görə bəzi gecikmələr olur". Tural Ozan filmin hər iki dildə yayımlanacağını vurğulayıb.
Qeyd edək ki, iki ölkənin işbirliyi olan 90 dəqiqəlik "Acıtan Yürek" filminin əsas məqsədi Azərbaycan turizmini canlandırmaqdır.