"Arşın mal alan" ilk dəfə Los-Ancelesdə oynanılacaq

"Arşın mal alan" operettasının 100 illik yubileyi münasibətilə əsər sentyabrın 7-də Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində ilk dəfə nümayiş etdiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, müsəlman dünyasında ilk operetta olan dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsəri indiyədək 60-dan çox ölkədə və onlarla dildə göstərilsə də, ingilis dilində, xüsusən də ABŞ-da belə geniş miqyasda ilk dəfə oynanılır. Operetta dünyanın ən böyük və məşhur opera teatrlarından olan Los-Ancelesin Dorothy Chandler Pavilion opera teatrında səhnəyə qoyulacaq. Qeyd edək ki, tanınmış opera ifaçısı Plaçido Dominqonun rəhbərlik etdiyi nüfuzlu Los Anceles Operası öz tamaşalarını sözügedən opera teatrında nümayiş etdirir. 1970-90-cı illərdə "Oskar" Mükafatının təqdimetmə mərasimləri məhz Dorothy Chandler Pavilion teatrında keçirilib.Operettada bütün rolların ifaçıları amerikalı opera müğənniləridir. Komediyada dialoqlar ingiliscə aparılacaq, mahnılar isə tabloda ingiliscə subtitrlər göstərilməklə Azərbaycan dilində səsləndiriliəcək. Operettanın musiqisini Los-Ancelesdə fəaliyyət göstərən tanınmış orkestr ifa edəcək.Tamaşanın prodüseri 2006-ci ildə "Arşın mal alan" operettasını Vyanada uğurla səhnələşdirən məşhur amerikalı bəstəkar və prodüser Maykl Şnakdır. Qeyd edək ki, Üzeyir Hacıbəyovun 1913-cü ildə qələmə aldığı "Arşın mal alan" operettasının dünya səviyyəsində 100 illik yubileyinin qeyd edilməsi UNESCO Baş Konfransının 36-cı sessiyasında qərara alınıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31