İstanbulun Əskəri Muzeyində qorunan Şirvan silahları haqqında məqalə dərc olunub
26 Avqust 2013 17:02 MədəniyyətAzərbaycan Milli Tarix Muzeyindən əldə etdiyimiz məlumata görə, "İrs" beynəlxalq jurnalının türk dilində çap olunan versiyasının növbəti nömrəsində Muzeyin xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri S.Əhmədovun "İstambul Askeri Muzesinde Şirvanşahlara ait silahlar" adlı məqaləsi dərc olunub. Məqalədə orta əsr Azərbaycan silahları haqqında məlumat verilir, eləcə də Azərbaycanın siyasi, iqtisadi və mədəni baxımdan ən inkişaf edən dövlətlərindən olan Şirvanşahlar dövlətində düzəldilmiş silahlar barəsində danışılır. Müxtəlif tarixi səbəblərdən bir sıra Azərbaycan silahları dünyanın müxtəlif ölkələrinə düşmüş, onların bir qismi Türkiyə muzeylərində qorunmaqdadır. Müəllif üzərində şirvanşahların adları olan və yüksək zövq və ustalıqla düzəldilmiş silahları təhlil edir, onların xüsusiyyətlərini araşdırır.