Qəbələdə ilk mürəbbə festivalı keçirilib
26 Avqust 2013 14:43 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, son illər bir çox mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən Qəbələ şəhəri daha bir ilkə imza atıb. Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi Qəbələdə mürəbbə festivalını izləyənlər sırasında Hindistan, Misir və Pakistanın ölkəmizdəki səfirləri, mədəniyyət və incəsənət xadimləri, üç mindən çox yerli və xarici turistlər olub. Qonaqlar öncə müxtəlif rayonların şirniyyatçıları tərəfindən hazırlanan süfrələrə yaxınlaşaraq samovar çayı ilə müxtəlif çeşiddə olan mürəbbələrin dadına baxıblar. Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən birinci Qəbələ mürəbbə festivalında Azərbaycanın bir sıra şəhər və rayonundan, o cümlədən Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarının hər birindən 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak edib. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Bakı, Qəbələ və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları da təşkil edilib. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan iştirakçılar 3 nominasiya üzrə qalib elan olunmuş, onlara pul mükafatı və qiymətli hədiyyələr verilib. Festival maraqlı konsert proqramı ilə davam etdirilib.