Vaqif Mustafayevin ad günü… - YUBİLEY

Vaqif Behbud oğlu Mustafayev 28 avqust 1953-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissorluq bölməsini bitirib. Eldar Ryazanov kimi görkəmli rejissorun tələbəsi olub. Kinoda uğurlarına gorə Çarli Çaplin adına"Qızıl Əsa" mükafatına layiq görülüb. Oberhauzen Beynəlxalq Kinofestivalının 4 mükafatını, İstanbul Beynəlxalq Kinofestivalının əsas mükafatçılarından biri olub.Sorento-Neapol Beynəlxalq Kinofestivalının laureatı olaraq dünyaya səs salıb. "Yaramaz" filmi 1989-cu ildə İtaliyanın Vittoriya de Sika mükafatına layiq görülüb. Vaqif Mustafayev Avropa Kino, Televiziya və Radio Akademiyasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidentidir. Rejissora "Kino və televiziya sənətinin inkişafına verdiyi töhfəyə görə" diplom və mükafatı Rusiya Kino İncəsənəti və Kino Elmi Akademiyasının prezidenti Vladimir Naumov, Rusiya Dövlət Film Fondunun prezidenti Nikolay Borodoçov və Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin təntənəli şəkildə təqdim ediblər. Vaqif Mustafayev Azərbaycanın Ümummilli lideri Heydər Əliyev haqqında 12 sənədli filmin müəllifidir.General (film,1996), Birinci (film,1999),Moskva. Kreml (film, 1999),
Lider (film, 1999), Tale (film, 2000), Əsl məhəbbət haqqında (film, 2001),
Bir həsədin tarixi (film, 2002), Professional (film, 2004), Patriot (film, 2004),
Xüsusi təyinat (film, 2008), Dövlət (film, 2011), Ata yolu (film, 2013)
V.Mustafayev: "Ata yolu" ekran əsəri Heydər Əliyevə həsr olunmuş on iki filmdən sonuncusudur. Ulu Öndərə söz vermişdim ki, on iki film olacaqdır və sözümə əməl etdim. Bu, mənim sənət borcum idi və onu yerinə yetirdim.
"Mənim üçün ən böyük mükafat - Dahi lider Heydər Əliyev və hazırkı prezidentimiz İlham Əliyev tərəfindən mənim əməyimin qiymətləndirilməsidir - deyən Vaqif Mustafayev ilhamlı sabahlara daha inamla addımlayaraq neçə-neçə mükafatlara imza atacağına ümidliklə əmindir. Çünki, o, öz gücünə və dövlətin dəstəyinə inanır, hər zaman həmin dəstəyin əhatəsindədir.
Əsl kinematoqrafçı olduğundan ekranın dilini mükəmməl bilir və adi hadisələrə böyük ictimai məna verməyi bacarır. Ekran həlli verdiyi ən kiçik süjetlər belə cəmiyyəti düşündürür. "Yaramaz" filmi kinomuzda inqilaba səbəb oldu. Çünki Vaqif Mustafayevə qədər heç kəs, heç bir rejissor belə açıq danışmağa cürət etməmişdi. Korrupsiya, rüşvətxorluq kimi məsələləri ekranın açıq müzakirə obyektinə çevirmək cürət tələb edirdi. Bunun üçün qorxubilməzlik tələb olunurdu. Filmin prototipləri filmə baxdıqdan sonra böyük narahatçılıqlar keçirirdilər. Çünki onlar özlərini, əməllərini ekrandan izləyirdilər.
Heydər Əliyev şəxsiyyəti ilk dəfə Vaqif Mustafayevin filmlərində əhatəli şəkildə tamaşaçılara çatdırılırdı. Çox çətin və həddindən artıq məsuliyyətli bir iş idi. Rejissorun öz istedadına inamı, təcrübəsi, kamilliyi filmləri daha da maraqlı və məzmunlu etdi. Həmin filmlərlə o, xalqına öz rəhbərini olduğu kimi təqdim edə bildi. Filmlərdə nadir faktlara müraciət edərək Ulu öndər Heydər Əliyev dühasının ucalığını, əlçatmazlığını xalqa təqdim etdi. Uzun axtarışlar, ciddi, səviyyəli görüşlər, yüksək vəzifəli dövlət rəhbərləri ilə təmasda olmaq özü yüksək siyasi səriştə tələb edirdi. Elə ona görədir ki, Vaqif Mustafayev Mixail Qorbaçovun iç üzünü Heydər Əliyev şəxsiyyətinin fonunda cılız, gücsüz və aciz göstərərək öz qisasını alır. Tərəfləri qarşı-qarşıya qoyaraq yalnız Heydər Əliyevin haqlı olduğunu sübuta yetirərək yalanları ifşa edir. Bununla da Vaqif Mustafayev Heydər Əliyevin uzaqgörənliyini öz rejissor traktovkasında ekran vasitəsi ilə tamaşaçıya çatdırır. Bu filmlər Heydər Əliyev haqqında həm dərslik vəsaiti, həm də Ulu öndərin özəl həyatı haqqında bənzərsiz ekran əsəridir.

Axar söz və ya yaş üstünə yaş gələndə uğur yol yoldaşı olur

Sənətinin dahisi, insanlığın ali zirvəsi, ziyalı və pedaqoq fenomeni olan qəhrəmanımın, çox sevdiyim, qürur duyduğum şəxsiyyətin doğum gününə ərməğan etdiyim bu yazı minlərin qəlbindən süzülən duyğuların bir parçasıdır. Çalışdım ki, bir məktəb, canlı əfsanə olan qəhrəmanım haqda yazanda sözlərə qısqanclıq etməyim, haqqı yazım, qələmim xəsislik etməsin. Sevə-sevə baxdığımız "Həyatın qaynar xətti", "Etiraf", "Sevimli şou", "Azərlotoreya" verilişlərinin böyük tamaşaçı sevgisi qazanmasında Vaqif Mustafayevin əməyini xüsusi qeyd etmək lazımdır. Xalqa doğma olan, onları maraqlandıran problemlər, sosial yönümlü mövzular, illərdən süzülüb gələn mahnıların musiqili ifaçıları tamaşaçılara zövq verməkdə davam edirlər.
Ömrünü Vətəni, Dövləti onun dövlətçiliyi, milliliyi üçün şam kimi əridən Vaqif müəllimə uğurlar arzulayır və deyirik:
60 yaşınız  mübarək!  Çox yaşayın,  Vaqif müəllim! Yaşayın ki, kinomuz, efirimiz yaşasın! Siz bizə və Azərbaycanımıza həmişə lazımsınız!
 

Alim Nəbioğlu
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31