Əcnəbilər muğamımızı çox sevir - XANƏNDƏ

Xanəndə İlkin Əhmədov yeni yaradıcılıq fəaliyyəti, səfərləri haqda "OLAYLAR"a danışdı: "Artıq neçə ildir ki Azərbaycan Dövlət Opera və Balet Teatrında yeni baş rollar ifa edirəm. Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pilləsini bitirib müəllim kimi də fəlaliyyətə başlamışam. Bu yaxınlarda yeni diskim də işıq üzü görəcək. Niyaməddin Musayevdən icazəsini aldığım "Deyin hardadı" mahnısını da bu diskə əlavə etmişəm. Yeni diskimdə xalq mahnıları, muğamlarla yanaşı bəstəkar mahnıları da yer alacaq. Diskin əsas fərqliliyi bəstəkar mahnılarının üstünlük təşkil etməsindədir. Muğam sevənlər rəngarəngliyi ilə seçilən həmin albomda Məmmədbağır Bağırovun, Məhəbbət Kazımovun repertuarına daxil olan ifalarımı da dinləyə biləcək". İ.Əhmədov ötən gün Qəbələdə Türkdilli ölkələrin zirvə toplantısı ilə əlaqədar təşkil olunan möhtəşəm konsert haqda təəssüratlarını bölüşüb: "Qəbələdə təşkil olunan dünənki konsert çox möhtəşəm formada təşkil olundu. Qəbələdə ötən ayın 24-dən etibarən hər il olduğu kimi musiqi festivalı keçirilir. Ötən gün artıq beşinci belə festival təşkil olundu. Musiqi festivalı ərəfəsində Qəbələyə müxtəlif ölkələrdən qonaqlar gəldi. Açıq havada baş tutan görüşdə turistlər də üstünlük təşkil edirdi. Xarici sənətçilər də ölkəmizə festivalla əlaqədar dəvət olunmuşdu. Lakin dünənki konsertin tələblərinə görə heç bir əcnəbi ifa olmamalı idi. Türk dilli ölkələrin prezident və nümayəndələrinin iştirakı ilə baş tutan möhtəşəm görüşdə bizim dəyərli sənətçilərimiz müxtəlif beş türk dövlətinin mahnısını ifa etdi. Konsertdə mənimlə yanaşı çıxış edən müğənnilər arasında Azər Zeynalov, Abbas Bağırov, Samir Cəfərov, Opera və Balet Teatrında birgə çalışdığım Elnarə Babyeva da var idi. Konsertin aparıcı simalarından biri Qara Qarayev adına kamera orkestrının dirijoru, Xalq artsiti Teymur Göyçəyev idi. Mənim ifamda muğam sevənlər Cahangir Cahangirovun "Bana-bana gəl" mahnısını dinlədilər". Xanəndə ölkə muğamının təbliği məqsədi ilə payız aylarında yenidən Fransaya qastrol səfərinə yola düşəcək: "Muğamımızın təbliği məqsədi ilə payızda yenidən Fransaya səfərimiz gözlənilir. Bundan başqa Amerika və digər ölkələrə də səfərimiz planlaşdırılır. Avropanın müxtəlif ölkələrində mədəniyyət günləri də təşkil olunacaq". İlkin Əhmədov qəsbkar qonşularımızın media orqanlarında muğamımızın xarici ölkələrdə təbliği ilə əlaqədar yazılan fikirlərə də münasibət bildirib: "Bəzən qəsbkar qonşumuz bu cür konsertləri fərqli formada işıqlandıraraq xarici ölkələrdə təşkil olunan görüşlərdə yalnız azərbaycanlı muğam sevənlərin olduğunu yazır. Bu tamamilə səhv məlumatdır. Xarici ölkənin hər hansı şəhərində 800-1000-ə yaxın azərbaycanlının yaşaması heç də inandırıcı fakt deyil. Xarici ölkələrin Azərbaycan muğamı ilə bağlı konsertlərin təşkilində özlərinin də səyləri az deyil. Ötən il İtaliyadan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təklif gəlmişdi ki, ölkəmizin muğamları və milli rəqslərinin nümayişi məqsədilə konsert təşkil olunsun. Konsert salonlarında bir boş yer belə yox idi. Azərbaycan milli musiqisini, xüsusilə də muğamını əcnəbilər çox sevir. Muğamımızın sözləri başa düşülməsə də onun avazı əcnəbilərə xoş gəlir. Mən bunu dünyanın 19 ölkəsini gəzmiş biri kimi deyirəm". Xanəndə  yaxın gələcəkdə konsert verməyəcəyinin səbəbini isə belə izah edib: "Bu yaxınlarda hələ ki konsert verməyi düşünmürəm. Əlbəttə ki, bunun səbəbi işlərin çox olması, xarici ölkələrə səfərlərimizlə əlaqədardı. Fevral ayından etibarən 7-8 dəfə Fransanın bir çox şəhərində oldum. Bu cür tədbirlər ölkənin birinci xanımı Mehriban Əliyevanın "Azərbaycan İncəsənətinin Dünya Mədəniyyətində Tanıtımı" layihəsinin tərkib hissəsidir. Bu tanıtım layihəsində Azərbaycan muğamının təbliğinə də böyük yer ayrılır. Mən də bu layihənin təbliğatçılarından biri kimi müxtəlif ölkələrdə təşkil olunan görüşlərdə iştirak etdim. Tez-tez qastrol səfərlərinin olması, dövlət tədbirlərində iştirakla əlaqədar olaraq konsert üçün hələ də vaxt ayıra bilmirəm. Yaxın gələcəkdə belə bir planı reallaşdıracağam. Qəbələdə söz verdiyim konsertə gəlincə isə bu nazirliyimizin və Heydər Əliyev Fondunun köməyi sayəsində baş tutacaq. Amma bunun yaxın gələcəkdə olacağını düşünmürəm".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31