Rövşən İsax: “Çalışacağıq ki...faciəli sonluqla bitməsin, ata övladını bədbəxt görməsin...”
Sentyabrda yeni serialın çəkilişləri başlanacaq
16 Avqust 2013 13:58 MədəniyyətTanınmış rejissor Rövşən İsax sentyabrda çəkilişləri başlayacaq serialı haqda "OLAYLAR"a məlumat verib: "Yeni serialın çəkilişlərini sentyabrda başlayacağıq. "Sonuncu Fəsil" adlanan ekran əsərinin sujet xətti ailə dramı üzərində qurulub. "Pərvanələrin Rəqsi"ndə rol alan Xalq artisti Ramiz Novruz, İlqar Cahangir, Şövqi Hüseynov, Şəbnəm Hüseynova, Rauf Daşdəmirov da fərqli obrazlarla çıxış edəcək. Bundan başqa tanınmış aktyorlardan Hicran Nəsirova, İlham Hüseynov, Gültac Əlili, Günel İmanova, Kəmalə Piriyeva, Anar Seyfullayev də əsas rolları ifa edəcək. Hələ ki bəzi rollar var ki, onları canlandıracaq aktyorları dəqiqləşdirməmişik". Bəstəkarı Nailə Mirməmmədli olacaq serialın ssenari müəlliflərindən biri də rejissor özüdür: "Ssenari müəllifləri mənimlə yanaşı Əyyub Qiyas və Vüqar Əmirovdu". Böyük ehtimalla 80 bölümdən ibarət olacaq serialın əsas çəkilişləri Bakıda olacaq: "Əsas çəkilişlərimiz Bakıda olacaq. "Pərvanələrin Rəqsi"ndə olduğumu kimi başqa bölgələrdə də qısa çəkilişlərimiz gözlənilir". R.İsax serialın əsas mövzusunun ailə dramı olduğunu, milli-mentalitetin yaratdığı faciələrdən ibarət olduğunu söyləyir: "Əsas qabardılan problem Azərbaycan reallığına uyğun, mentalitetimizdən irəli gələn bəzi qadağaların yaratdığı fəsadlardı. Çalışacağıq ki, öncəki serialda olduğu kimi bədbəxt sonluqla bitməsin, ata övladını bədbəxt görməsin". Serialın çəkilişlərinin ləngiməsinin əsas səbəbi isə rejissorun səhhətində yaranan problemdir: "Ekran əsərinin efirdə nə vaxt yayımlanacağı dəqiqləşməyib. Bunu ATV-nin rəhbərliyi ilə dəqiqləşdirəcəyik. Əslində ATV rəhbərliyi serialın artıq sentyabrdan yayımını təşkil etmək istəyirdi. Amma səhhətimdəki problemlərlə əlaqədar olaraq bir az işlərimiz gecikdi. Şükürlər olsun ki, elə də ciddi problemim yoxdur. Gözümdə bir balaca problemim olduğu üçün əməliyyat etdirdim. Həkim bir ay komputerdən, televizordan, yazı, kitab oxumaqdan uzaq olmağı tövsiyə etdi. Mümkün qədər çox yatmaq, gündə gəzməmək məsləhət görüldüyü üçün bir az gərgin iş rejimindən uzaqlaşdım. "Pərvanələrin Rəqsi" serialında gərgin çalışmışdıq. Ona görə də bir az problem yaşadım".
Nigar Məhərrəm