Almanlar Azərbaycan musiqisinə heyran qaldı
14 Avqust 2013 16:26 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin artistləri Almaniyadan avqustun 7-dən 12-nə kimi davam edən qastrol səfərlərindən qayıdıb. Bu haqda "OLAYLAR"a teatrın mətbuat xidmətindən məlumat verilib. Əsas heyət bu ölkənin Avropada ən mötəbər musiqi festivallarından olan Bavariya opera sənəti festivalında iştirak edib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestri avqustun 11-də festivalın Qrand-Final konsetində iştirak etmək şərəfinə layiq görülüb. Konsertdə dünya şöhrətli məşhur vokalçılar - Sonia Ciani (Böyük Britaniya), Fulvio Oberto (İtaliya), Anna Brul (İspaniya), Sieglinde Zehetbauer (Avstriya), Duccio Dal Monte (Almaniya), Julia Stein (Finlyandiya), Florin Marele (İtalia), Sarah Zhai (Çin), Max An (Cənubi Koreya), Adrian Marcan (Rumıniya) və b. çıxış ediblər. Konsertin proqramına isə Qərbi Avropanın məşhur bəstəkarları C.Verdi, C.Puççini, C.Rossini, P.Çaykovski, Ş.Quno, J.Bize, A.Boyto, F.Çilea, J.Offenbax, R.Leonkovallo, G.Donisetti, V.Motsart, J.Massne və b. populyar əsərləri daxil edilmişdi. Qala-konserti Bavariya opera sənəti festivalının baş dirijoru və bədii rəhbəri Korneliya fon Kerssenbrofk idarə edib. Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə ifa edilən nömrələr arasında isə Azərbaycan bəstəkarları Q.Qarayev, F.Əmirov və M.Musayevin musiqisi də var idi. Konsertin sonunda simfonik orkestr Q.Qarayevin "Yeddi gözəl" baletindən vals ifa edərkən zaldakı bütün tamaşaçılar ayağa qalxaraq musiqiçilərimizi alqışladılar. Zaldan "bravo orkestr", "bravo Azərbaycan" sədaları eşidilirdi. Festivalın gedişini işıqlandıran qəzetlərdən bir çoxu: "Münxener Merkur", "Oberbayerişes Folksblat", "Züddoyçe Gaytunq" öz materiallarında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin ifaçılıq səviyyəsi haqqında yüksək fikirlər söylədilər. Qala-konsertdən sonra Bavariya opera festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk bu haqda fikirlərini bölüşüb: "Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin professional səviyyəsinə bələd olduğumuzdan artıq altıncı ildir ki, onu festivala dəvət edirik. Azərbaycanlı musiqiçilərin istedadı, onların fədakarlığı və ilhamla çıxış etmələri məni heyran edir. Orkestrdə hökm sürən nizam-intizam və yüksək təşkilatçılığı xüsusilə qeyd etmək istəyirəm. Simfonik orkestrin qala-konsertdəki çıxışı fantastik oldu. Mən və festivalın direktoru Lüdviq Bauman dəfələrlə Azərbaycanda olmuşuq. Bu ölkəni, onun qonaqpərvər və istiqanlı xalqını çox sevirik. Fəxr edirik ki, Azərbaycanla dostluq edirik. Nə qədər ki biz varıq hər il Azərbaycan Opera və Balet Teatrının möhtəşəm simfonik orkestrini bu festivala dəvət etməkdən böyük şərəf duyacağıq. Bizim böyük dostumuz, Azərbaycan Opera və Balet Teatrının direktoru Akif Məlikova xüsusi təşəkkürlərimi yetirmək istərdim, çünki məhz onun vasitəsilə biz sizin gözəl ölkəniz və möhtəşəm musiqi sənətinizlə tanış olmuşuq. Həmçinin Azərbaycanın Mədəniyyət və Turizm naziri, hörmətli Əbülfəs Qarayevə bizim layihəyə dəstək verdiyinə və Azərbaycan mədəniyyətinin xaricdə təbliğinə böyük diqqətinə görə çox minnətdarıq". Qeyd edək ki bu il həmin festivalda dünyanın 36 ölkəsindən - Avropa və Asiyanın müxtəlif ölkələrindən dirijor, rejissor və vokal sənəti ulduzları iştirak edib. Festival çərçivəsində bütün konsert və tamaşalar anşlaqla keçmiş, Almaniya və Avropanın digər ölkələrində KİV və televiziya kompaniyaları vasitəsilə geniş işıqlandırılıb.