Azərbaycanlı pionoçu Afrika uşaqlarının xilası üçün xeyriyyə konserti verib
Gənc pianoçu Nəriman Əmiraslanov Vyananın Motsart Konsert Zalında keçirilmiş “Afrikanın uşaqlarını xilas edək” adlı xeyriyyə konsertində çıxış edib
13 Avqust 2013 18:00 Mədəniyyət"OLAYLAR"ın Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyi məlumata görə nazirliyinin dəstəyi ilə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov 2013-cü il 7 avqust tarixində Avstriyanın Vyana şəhərində Motsart Konsert Zalında keçirilən "Afrikanın uşaqlarını xilas edək" adlı xeyriyyə konsertində iştirak edib. "Panmusica Austria" Musiqi Assosiasiyası tərəfindən təşkil olunmuş konsertdə gənc pianoçu V.A.Motsartın fortepiano və simfonik orkestr üçün A dur konsertini uğurla ifa edib.
Qeyd edək ki, 14 yaşlı Nəriman Əmiraslanov 2011-2013-cü illərdə Almaniya, Avstriya, Estoniya, Fransa, İsveç, İtaliya, Polşada keçirilmiş ondan çox beynəlxalq müsabiqənin laureatı və diplomantı olub, Rusiya Federasiyasının birinci xanımının himayəsi ilə Moskvanın Böyük Kreml sarayında keçirilmiş Gənc klassik musiqi ifaçılarının III Beynəlxalq Festivalında, Vladimir Spivakov Beynəlxalq Xeyriyyə Fondunun dəvətinə əsasən "Moskva dostları qarşılayır" adlı IX Beynəlxalq festivalda uğurla iştirak edib.