V Qəbələ Beynəlxalq Musiqi Festivalı böyük müvəffəqiyyətlə başa çatıb

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb

Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, möhtəşəm incəsənət bayramının bağlanış mərasimində festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək on dörd gün ərzində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə əsl musiqi bayramının yaşandığını vurğulayıb. Belə gözəl bayramı Azərbaycanımıza bəxş edən, bu möhtəşəm tədbirin Qəbələdə keçirilməsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub. Qəbələ Beynəlxalq Musiqi Festivalının xalqlar arasında dostluq və mədəniyyət əlaqələrinin inkişafında xüsusi rolunu diqqətə çatdıran natiqlər Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu incəsənət bayramının həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitə olduğunu qeyd edib. Diqqətə çatdırılmışdır ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə Beynəlxalq musiqi festivallarının keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Festival çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib. Bu müddətdə Azərbaycan dinləyicilərini və tamaşaçılarını, Qəbələ əhalisini öz uğurlu, gözəl ifaları ilə məftun etmiş sənətkarlara, 12-dən artıq ölkəni təmsil edən dünya şöhrətli musiqiçilərə, Azərbaycanın tanınmış ifaçılarına minnətdarlıq edən natiqlər festivalı möcüzəli layihə adlandırmış və müxtəlif ölkələrdən gələn sənətkarların yerli və xarici tamaşaçıları valeh etdiyini xüsusi vurğulayıb. Onlar əmin olduqlarını bildirmişlər ki, bu festival ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına yeni təkan verəcək. Tədbirin həm də Azərbaycan təbiətinin, qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilib. Bu möhtəşəm tədbir ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamlarına qayğısı, diqqəti sayəsində mümkün olduğu qeyd edilib. Məhz dövlətimizin başçısının yeritdiyi siyasət belə möhtəşəm tədbirin keçirilməsinə imkan verib. Sonra açıq havada davam edən musiqi axşamında "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı təqdim edilib. ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonskinin dirijorluğu ilə baş tutan konsertdə məşhur rusiyalı pianoçu Boris Berezovski, nüfuzlu "Reine Elizabeth Concours" müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin çıxış edibr. Musiqiçilər bəstəkar Dmitri Şostakoviçin "Bayram uvertürası"nı, Edvard Qriqin fortepiano və orkestr üçün konsertini təqdim edib. Festivalın yekun konserti yerli əhali və xarici ölkələrdən gəlmiş turistlər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31