İlham Mirzəyevlə bağlı şok faktlar

“Bizi talayıb, varlanmaq istəyir”

Məşhur teleaparıcı, psixoloq İlham Mirzəyevin dayısı qızının qayınanası Lyudmila Əliyeva mətbuat vasitəsi ilə ölkə prezidentinə müraciət edib.
Lyudmila xanım Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova, Ombudsman Elmira Süleymanovaya teleaparıcı İlham Mirzəyevin əməllərindən şikayət edib. Müraciətdə qeyd olunur ki, oğlu Əliyev Asif "Space" telekanalının aparıcısı İlham Mirzəyev tərəfindən şər və böhtana məruz qalıb.
"Publika.az" Lyudmila Əliyevadan müsahibə alaraq baş verənlərə aydınlıq gətirib.

- Bildiyimizə görə, İlham Mirzəyevlə ikitərəfli qohumsunuz. Necə oldu ki, aranızda birdən-birə belə bir münaqişə yaşandı?

- Düzdür, çox mehriban idik, xeyrimiz-şərimiz bir idi. Ad günlərini də bərabər keçirirdik. Ta İlhamın dayısı qızını oğluma alana qədər. Bir gün gəlib oğluma dedi ki, sənə yaxşı bir qız tapmışam, bəs dayım qızıdır. Oğlum bunu mənə deyəndə, sözün açığı razılıq vermədim.

- Niyə?

- Ortada yaş fərqi vardı. Qız oğlumdan 17 yaş kiçik idi. Həm də mən 7 il idi ki, o ailəni tanıyırdım, istəmirdim ki, onlarla qohum olum. Həm də qızımın baldızı İlhamın həyat yoldaşı olduğuna görə. Fikirləşdim ki, sonradan qohumlararası problem yaşana bilər. Nə gizlədim?.. Ümumiyyətlə, o ailə ilə qohum olmaq istəmirdim. Dedilər ki, ev qızıdı, ağıllıdı.

- Gəlinlə münasibətləriniz necə idi?

- Pis deyildi, əvvəl-əvvəl yaxşı dolanırdıq, sonradan gəlini başdan çıxarmağa başladılar.

- Kimlər?

- İlhamgil. Gəlin başladı telefonla danışmağa, gizlin-gizlin bunun başını yedilər. Qız dəyişdi.

- Münasibətləriniz neçə ay normal oldu?

- 4-5 ay. Sonradan İlham və anası bizə gəldilər və qızı öyrətməyə başladılar. Qız da bu gəliş-gedişlərdən sonra başlayırdı aclığa. Soruşurdum ki, ay bala, niyə yemək yemirsən? Dillənmirdi.

- İlhamın məqsədi nəydi ki? Dayısı qızını boşandırmaq? Hər halda, kim istəyər ki, yaxın qohumunun yuvası dağılsın?

- Yox, elə məqsədi olmayıb, sadəcə, İlham sözünü yeritmək, bizim ailə üzərində ağalıq etmək istəyirdi. Yəni gəlin onların göstərişi ilə oturub-dursun, bizi ələ alsınlar, dediklərini həyata keçirsinlər. Bu da alınmadı.

- Qız indi rəsmən ayrılıbmı oğlunuzdan?

- Yox. Sadəcə evdən çıxıb gedib. Bir neçə dəfə İlhamla anası gəlib dava saldı, başımıza oyunlar açdılar, sözün açığı bu davadan sonra ailəmiz qorxdu. Mən də gəlini çağırıb otuzdurdum qabağımda ki, sən İlhamla Gülarəni seçirsən, yoxsa həyat yoldaşını. Dedi ki, İlhamla Gülarəni.

- İndi harada qalır?

- Atasıgildə.

- Bəs ata-anası bu işə nə deyir?

- Heç nə. Ata-anası da İlhamdır, arxa-dayağı da.

- Oğlunuzla gəlininizin münasibətləri necə idi?

- Pis deyildi, yalan nə deyim.

- İlhamın sizdən indi tələbi nədir ki?

- Bizdən ev tələb edir, 150 min manat pul istəyir. Qıza əvvəlcə nikah müqaviləsi imzalatdılar ki, bizdən pul qoparsın.

- Bəs siz niyə razılıq verdiniz?

- Nə biləydik? Biz oğul evləndirməmişdik ki, sonradan boşansın. Boşanmaq məsələsi heç ağlımıza da gəlmirdi. Nə biləydik onların məqsədi varmış ki, bizi soysunlar, varlansınlar.

- Yaydığınız videoda İlhamın şantajla bağlı səs yazısı da var. Amma İlham bizə açıqlamasında bunun montaj olduğunu deyir...

- Yalan danışır. Onun səsidir. Mən yazmışam.

- Belə çıxır ki, qabaqcadan hazırlığınızı görmüsünüz?

- Yox, bunu yazmağımın səbəbi vardı. Çox gəldi-getdi, bizi qorxutdu. Qızı öyrətdi ki, bunların başına oyun aç, özünü bıçaqla, özünü yandır, arxanda dayanmışam. Mən də qorxduğum üçün dedim ki, oğlum, telefonu at stolun üstünə, səsi düşsün. Bəs neyləyəydik, bizi qorxudurdu, şərləyirdi.

- Deyirsiniz ki, oğlunuzun İlhamı bıçaqlaması xəbəri yalandır...

- Bəli, guya həmin axşam oğlum onu telekanaldan çıxarkən bıçaqlayıb. Həmin axşam oğlum evdə bizimlə bərabər İlhamın "Etibar edin" proqramını izləyirdi. Bu necə ola bilər ki, həmin gecə o bıçaqlansın?.. Özü də mətbuat katibi Rəbiyyə Zərdabinin yanında. Adama deyərlər, ay Rəbiyyə, gecə saat 1-də nə gəzirdin telekanalda. Evin,ərin yoxdur sənin? Həmin qadın oğlumun üzünə durdu ki, İlhamı bıçaqlayanda görmüşəm. Onu da deyim ki, İlham hər verilişində bizə sataşırdı, söz atırdı. Güya 40 yaşında kişi gənc qızla məqsədli şəkildə evlənib və s. Bezmişdik onun bu sözlərindən.

- Axı İlham Mirzəyev ortada ekspertiza rəyinin olduğunu deyir...

- Pul verib yazdırıb də. Bu adamın boğazında heç bir iz də yoxdur.

- Oğlunuz cinayətkar deyilsə, niyə həbsə alınıb?

- Bilmirəm. Oğlum o işi görən idisə, elə gedib başqa yerdə İlhamı bıçaqlayardı də.

- Oğlunuzla İlhamın münasibətləri əvvəl necə olub?

- Qardaş kimi. Sonradan araları yalnız o qızın üstündə dəydi.

- Sizin qızın baldızı İlhamın xanımıdır. Qorxmursunuz ki, bu hadisədən sonra ikitərəfli qohumluqlar dağıla.

- Yox. İlhamın həyat yoldaşını boşamayacaqlar.

- Barışıq barədə düşünürsünüzmü?

- Oğlum istəmir. O da bezib. Deyir, ana, mən nə vaxta qədər belə hegemonluq altında yaşayacağam? Demir ki, mən o gəlinə ev verməyəcəyəm, yox. Verəcək, halallıq üçün. Dəfələrlə İlhama da deyib ki, necə ev istəyirsiniz deyin, alaq verək. İlham dirənib durub ki, mən yaşadığınız evi və 150 min manat tələb edirəm.

- Qızınız nə deyir bəs? Baldızı İlhamın xanımı olan qızınız?

- Heç nə, durub baxır.

- İndi sizin məqsədiniz nədir?

- Məqsədim oğlumun həbsdən çıxarılması. Cinayətkar olmaya-olmaya oğlum niyə həbsə düşməlidir axı? Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova üzümü tutub kömək diləyirəm. Oğlum Əliyev Asif "Space" telekanalının aparıcısı İlham Mirzəyev tərəfindən şər və böhtana məruz qalıb, onun həbsdən çıxarılması üçün bir ana kimi kömək istəyirəm.

- İlham Mirzəyevin oğlunuza şər atması ilə bağlı əlinizdə sübutunuz varmı?

- Bəli. Biz o subutları istintaqa təhvil verəcəyik. Bu gün o sübutlardan danışa bilmirik, çünki İlham xəbər tutarsa, dərhal o sübutları yox etdirəcək. Çox təhlukəli insandır, biz ondan qorxuruq. Oğlumun həmin gecə evdə olduğunu biz sübutlarla ortaya qoyacağıq. Dəfələrlə bizə telefon açaraq qorxudub. O zənglərin yazısı da durur.

- Bu münasibətlər qaydasına düşsə, gəlininizlə barışarsınız?

- Yox, yox... bu barışıq olmayacaq. Oğlum da istəmir, biz də. O ailə onsuz da bu izdivacın axıra qədər davam etməsinə imkan verməyəcək.

- Qız barışmaq istəyir?

- Xəbərim yoxdur. Qız o gedən gedib. Biz əvvəl işi yoluna qoymaq istədik, amma İlham bizdən 150 min manat istədi. Onun məqsədi bizi soyub-talamaq idi, başqa dərdi yoxdur. Mən oğlumu istəyirəm, başqa heç nə. Bu saat mənim oğlum həbsdədir, ana kimi ürəyim qan ağlayır. Özü də günahsız oğlum. Onu tanıyanlar bilir ki, mənim oğlum necə əxlaqlı, tərbiyəli oğlandır. Gəldi, ilişdi bu insanlara.

- Qız cehizini evlərinə aparıb?

- Yox, nə cehizi vardı ki... Bu saat onlar dirənib ki, içi dolu ev qızın mülkiyyətidir. Ay qız, başımıza elə bir oyun açırlar ki, qalmışıq çarəsiz. Belə dərd-sər olar?.. Oğlum onunla evlənmişdi ki, xoşbəxt ailəsi olsun. Boşanmaq heç ağlına da gəlmirdi. Fikirləşirdik ki, ev qızıdır, ağlı başında oturub, həyat yoldaşına qadınlıq edər. Nə biləydik ki, bu işin altında başqa işlər də var.

- Övladı vardı?

- Yox. Doqquz ayın gəlini idi.

- Heç arada ağsaqqallar da gəlib barışıq istəmədilər?

- Yox, elə anası da İlhamın tayıdır. Bir dəfə evimizə gəlib mənə nələr dedi, nələr...

- Bəlkə oğlanın kənarda sevdiyi qadın var?

- Yox, qəti şəkildə. Oğlum elə övlad deyil. Ailəsinə bağlı insan olub. Sadəcə, onu dolanmağa qoymadılar. Öz ailəsi ola-ola qıraq yerdə nə işi vardı ki?.. Ailə deyəndə ki, gəlib balamı pis günə qoydular, adını cinayətkar etdilər. Mən bu ağır ittihama dözə bilmirəm.

- Belə söz-söhbətlər də gəzir ki, İlham magiya ilə məşğul olur. Bunun bir təsiri olmayıb ki, sizcə?

- Nə bilim, vallah... Elə bəlkə də oğlumu magiya yolu ilə yoldan çıxarıb dayısı qızını ərə verdi. Yoxsa o qız hara, oğlum hara? Nə desən, çıxar ondan. Bu saat magiya ilə ev yıxanlar da çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31