“Nə qədər meymun kimi atlanıb-düşmək olar?” - Əli Mirəliyev

“Deyirəm ay bala, sənin heç orta məktəb savadın var?”

Bir müddət öncə Milli Teleradio Şurası telekanallarda aparıcıların nitqi ilə bağlı apardığı monitorinqlərin nəticəsini yekunlaşdıraraq çoxsaylı qüsurların olduğunu söylədi.
Mövzu ilə əlaqədar Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli aparıcının dilində olan nöqsanların cəmiyyətdəki qüsurlarla bağlı ola bildiyini deyir: "Aparıcının dilinin nöqsanlı olmasının səbəblərini cəmiyyətdə axtarmaq lazımdır. İlk öncə buna görə cəmiyyətdə düşüncə sərbəstliyi olmalıdır. Konkret olaraq televiziyadan söhbət gedirsə burda bir sıra amilləri nəzərdən keçirmək lazımdır. Verilişin prodüsseri, yaradıcı heyəti, proqram biçimi, hədəf auditoriyası və onların anlaya biləcəkləri dil məsələsi var. Bu amilləri nəzərə alaraq aparıcı istər-istəməz danışığında düzəlişlər etməlidir. Bu məsələdə isə aparıcının peşəkarlığı mühüm rol oynayır. Aparıcının sərbəstliyinin də mühüm rolu var. Özünə nəzarət, senzura faktarının üzə çıxması nəticə etibarı ilə belə sonuclanır". Z.Məmmədli telekanallarda aparıcıların nitqi ilə bağlı aparılan monitorinqlər zamanı təkcə dilçilərin deyil, digər peşə sahiblərinin də fikirlərinin öyrənilməsinin önəmli olduğunu vurğulayır: "Telekanallarda aparıcıların dili ilə bağlı monitorinqləri niyə cəmiyyətin digər fərdlərinə deyil, dilçilərə həvalə edirlər? Dilçi dil haqda son sözü deyən adam deyil. Son sözü bu dildə danışanlar deməlidir, istər mühəndis olsun, istər süpürgəçi, istərsə də digər peşələrin sahibi". Aparılan monitorinqlərin lazımi effekt verməsi üçün önəmli tələblərə riayət edilməsini söyləyən ekspert səbəblər, problemlər göstərilmədən mass-mediada bu cür nöqsanların aradan qaldırılmasının mümkün olmayacağını deyir: "Milli Teleradio Şurasının monitorinqində incə bir məqama da diqqət yetirmək lazımdır. Elektron mediaya yardım fondu dövlət qurumu tərəfindən yaradılıb. Ayrılmış bu vəsaitlər ciddi monitorinq aparmağa əsas verə bilərmi? Monitorinq üçün bir sıra tələblərə riayət edilməlidir. Əsas səbəblər göstərilmədən mass-mediada dil mühitini yaxşılaşdırmaq olmaz". Media ekspertləri ilə yanaşı cəmiyyətin digər peşə sahibləri də məsələyə biganə yanaşa bilməz. Tənqidçi, müğənni Əli Mirəliyev də mütəmadi olaraq izlədiyi telekanallarda dil qüsurlarından danışaraq bəzi kişi aparıcıların özlərini əks cinsin nümayəndəsi kimi təqdimetmə istəyinə münasibət bildirib: "Nitq qüsuru ola bilər. Məsələn bizim həyətdə bir qadın var idi, heç z hərifini deyə bilmirdi. Bu gün efirdə nitqində qüsur olan aparıcılar üstünlük təşkil edir. Öncələr nitqində qüsur olan diktorlar üzərində işləyərək bu nöqsanı aradan qaldırmağa çalışırdılar. Bədii Şura da bu işlə məşğul olurdu. Aparıcı efirə çıxmazdan öncə onun nitqi, danışığı, intonasiyası yoxlanılırdı. Aparıcı bir adamın ölüm xəbəri haqda informasiya çatdırarkən sözləri uzadaraq deyir ki, bu gün bir adam öldiii, ya maşın dəydii. Deyirəm ay bala, sənin heç orta məktəb savadın var? Orta məktəbdə sizə öyrətməyiblər ki, cümlə bitəndə vurğu hara düşür? Aparıcılar adi bir sözü belə düzgün intonasiya ilə səsləndirmirlər. Adamları var deyə aparıcı olurlar. Bir milyon qaçqınımız var, torpaqlarımız işğal altındadır. Müğənni naz-qəmzə ilə danışan kişi aparıcılarının üçüncü cinsin təmsilçisi olduğunu deyərək onların efir üçün zərərli olduğunu söyləyib: "Onları necə kişi adlandırmaq olar? Saçı uzun efirə çıxan aparıcının kişi, ya qadın olmasını belə müəyyənləşdirmək çətindir. Danışığında da qadına məxsus əlamətlər, intonasiya var. Elə bil bunların kişilikdən xəbərləri yoxdur. Tamam başqa aləmdən gəliblər. Dodaqları rəngli, qulaqları sırğalı, qaşları alınmış, əlləri manikürli kişi olar? Biz avropalı deyilik, azərbaycanlıyıq. Hara baxırsınız? Belələrini niyə efirə buraxırsınız? Axı bizim gənclər onlara baxır. Sabah onlar da belə edəcək. Belə bir vəziyyətdə hansı vətənpərpərlikdən danışmaq olar? Vətənpərvərlikdən danışarkən ən azı gərək əsgər gedəsən. Əsgər getməyə-getməyə sən vətənpərvərlikdən necə dəm vura bilərsən? Bir stilist var, mavidir. Azərbaycan bayrağını sinəsinə vurub gəzir. İmkanım olsa gedib onun valideynindən soruşardım ki, sən bunu kişi kimi doğmusan, ona kişi demək olar? Kişi necə nərmə-nazik, incə-mincə danışa bilər. Hərəkətlərinə də baxanda görürsən ki, bu qadındır. Kişi geyimi geyməklə deyil ki. Məgər qeyrətli-namuslu kişi yoxdur ki, siz bu bayrağı sinənizdə gəzdirirsiniz? Bu bayraq göyə qalxarmı heç...o bayrağı ki, sən qaldırırsan. Ağsaqqallarımız, ağbirçəklərimizin hamısı kordur. Rəhim Şou verlişi var. Nə qədər meymun kimi atlanıb-düşmək olar? "Besdi, besdü" nə deməkdir ki. Bunu düzəməlli deyə bilməzsən ki. İllərdir ki, mən bu cür halların baş verəməməsi üçün bədii şuranın yaranmasının vacib olduğunu demişəm".

Bu cür aparıcıların Azərbaycan mədəniyyətinə ləkə olduğunu deyən Əli Mirəliyev dəyişikliklər olmasa vəziyyətin daha da acınacaqlı olacağını proqnoz edir: "Tarixə qara hərflərlə yazılanlar heç vaxt özlərini təsdiqləyə bilməyəcəklər. Onlar bizim mədəniyyətimizə qara ləkədir. Beləcə başımızı ucalda da bilməyəcəyik. Telekanallar mənim bu fikirlərim ətrafında düşünməlidir. Gah türkcə danışırıq, gah rusca. Bu işi bacaranları önə çəkmək lazımdır. İllər ötdükcə daha ədəbsiz aparıcılar peyda olur. Dəyişikliklər olmasa biz batacağıq...düzdür, onsuz da batmışıq. 20 faiz torpağımız işğal altındadır, biz onsuz da biabır olmuşuq".
 

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31