Mənsum İbrahimov: "Qəbələ Beynəlxalq Musiqi Festivalından zövq almamaq mümkün deyil"
1 Avqust 2013 19:33 Mədəniyyət"Qəbələ Beynəlxalq Musiqi Festivalından zövq almamaq mümkün deyil. Çünki bu möhtəşəm incəsənət bayramı ildən-ilə daha da təkmilləşib və ötən 5 il ərzində dünyada kifayət qədər tanınıb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı nəticəsində keçirilən bu möhtəşəm festival çərçivəsində bizim muğamlarımızın tanıdılması üçün də geniş imkanlar yaradılıb".
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uğurla davam edən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, görkəmli xanəndə, Xalq Artisti Mənsum İbrahimov AzərTAc-a müsahibəsində deyib.
Mənsum İbrahimov yerli və xarici qonaqların iştirakı ilə keçirilən bu konsert axşamında muğam və xalq mahnılarını təqdim etdiyini bildirib. Qeyd edib ki, biz həm öz tamaşaçılarımıza, həm də xaricdən gələn qonaqlara Azərbaycan muğamının hər zaman zənginliyi ilə insanları heyrətləndirdiyini göstərə bildik. Tamaşaçılar bir daha Azərbaycan muğamlarının dünyada özünəməxsusluğu ilə seçilməsinin şahidi oldular. Muğam axşamında gənc və istedadlı xanəndələr Aytən Məhərrəmova, Arzu Əliyeva, Azərbaycan Milli Konservatoriyasının dosentləri, əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) və digər musiqiçilər iştirak etdilər.
Xalq artisti Mənsum İbrahimov bu musiqi festivalında muğama xüsusi yer verən, bu sahənin geniş təbliği və dünyada tanıdılması üçün daim mühüm işlər görən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.