"O nəinki bakılılardan, bütün azərbaycanlılardan üzr istəməlidir" VIDEO

Rüstəm Behrudinin Bakı haqqında məqaləsi etirazlara səbəb olub

Yazıçılar Birliyinin üzvü, şair Rüstəm Behrudinin "Hamıya qalib gəlib özünü satan Bakı" adlı məqaləsinə etirazlar durmadan artır. Sadə insanlarla yanaşı ziyalılar da yazıçının bu məqalədə Bakını və bakılıları təhqir etdiyini düşünür. Yazılanlara etirazını bildirən bəstəkar Eldar Mansurov deyir ki, insan bir şəhəri sevməyə bilər, amma onu bu şəkildə hər kəsə çatdırmamalıdır. Eldar Mansurov yazıçının bu hərəkətini nankorluq kimi qiymətləndirir: "Adam su içdiyi qaba tüpürməz. Əgər Bakı şəhəri səninçün doğmadırsa dediyinə görə, o sənə hər şeyi veribsə, həm kədərində, həm xeyrində, həm şərində, nəyə görə sən belə düşünürsən?".

Kinorejjisor Vasif Babayev isə yazılanları daha aqressiv qarşılayır. Deyir hələ indiyə qədər Bakı haqqında deyilən belə sözlər eşitməyib. "Rüstəm Behrudi bu sözləri ilə təkcə Bakını təhqir etməyib. Ona görə də o nəinki bakılılardan, bütün azərbaycanlılardan üzr istəməlidir", - deyə o vurğulayıb.

Xatırladaq ki, yazıçı Rüsəm Behrudi Bakı haqqında məqaləsində etik olmayan kəlmələrdən istifadə edərək Bakı haqqında bunları demişdi: "Nə vaxtsa bu şəhərdə qalmaq üçün salam verməyə, çıxıb getmək üçün vidalaşmağa bir kimsə yoxdur, yazsam da, Bakını həmişə məkrli bir qadın kimi sevdim. O, məni oyunlarına salsa da, aldatsa da, onu sevdim, ona aşiq oldum. Bakı! Bakı! Sevib aşiq olduğum, harda olsam da unuda bilmədiyim şəhərdir. Mən ona bir fahişə qadına aşiq olduğum kimi aşiq oldum. Soyunan çılpaq qadına, sağ-solu fahişələrlə dolu, ən uzun küçəsinə, üzümüzə bağlı ən böyük meydanına Azadlıq adı qoyan Bakı! Bizə qoynunda Azadlıq boyda meydan verən möhtəşəm, Şuşaya gedən yolları can verən, ölən namərd Bakı!"

Məqalədən sonra isə Rüstəm Behrudi bu dediklərinin düzgün başa düşülmədiyini bildirib. O, "Bakını anam, atam, bacım, qardaşım kimi sevdim" deyərək üzr istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31