Nəriman Nərimanovun məzarı köçürülə bilər VIDEO

Nəriman Nərimanovun Moskvadakı məzarı köçürülə bilər. Məzarları köçürülənlər arasında Nərimanovla yanaşı, keçmiş SSRİ-nin qəhrəmanları da var.
Moskvanın məhşur Qızıl Meydanında, Kremlin divarları yaxınlığındakı qəbirlərin paytaxt yaxınlığındakı başqa bir qəbirstanlığa köçürüləcəyi barədə çıxan xəbərlər həmyerlilərimizin də narahatlığına səbəb olub. SSRİ və Rusiya qəhrəmanları, yüksək dövlət mükafatına layiq görülənlər, marşallar, ordu generalları, admirallar və prezidentin layiq bildiyi şəxslərin dəfn edildiyi bu qəbirstanlıqda Sovet Azərbaycanının rəhbərlərindən biri Nəriman Nərimanovun da məzarı var.
Mərkəzində Lenin Mavzoleyinin yerləşdiyi Nekropolda 116 nəfər dəfn olunub. Leninin mumyası da daxil olmaqla Stalin, Brejnev, Andropov, Çernenko ve digər məşhurların da məzarlarının olduğu bu qəbirstanlığın Moskva yaxınlığındakı Mıtışi Federal Hərbi Memorial Qəbirstanlığına köçürülməsi nəzərdə tutulub.
Moskvadakı Ocaq Cəmiyyətinin sədri Tofiq Məlikli Nərimanov kimi böyük şəxsiyyətlərin başqa qəbirstanlığa köçürülməsinin doğru bir addım olmayacağını və bunun tarixə də hörmətsizlik olacağını düşünür:
"Mənə görə bu gerçəkləşməsi mümkün olmayan şayə və ideyalardan biridir. Ancaq Rusiyada bəzən gözlənilməz şeylər də olur. Əgər məzar bu qəbirstanlığa köçürülsə, o zaman əlbətdəki Nərimanovun məzarı Bakıda Şəhidlər Xiyabanında dəfn olunmalıdır. Onun ruhu və Azərbaycan tarixindəki yerinə ən uygun olanı da budur" . Leninə qeyri-adi bənzərliyi ilə diqqət çəkən Anatoliy Koklentov da Kreml divarı yaxınlığındakı qəbirlərin köçürülməsinin tarixə qarşı xəyanət olacağını düşünür.
Leninin oxşarı Anatoli Koklentov: "Buradan qəbirlərin köçürülməsi Moskvanı ən görməli yerindən mərhum etmək və tarixə də hörmətsizlikdir. Bu barədə danışmaq çox tezdir. Bu qəbirləri ən tez 150 il sonra, bütün dünya kommunist olandan sonra başqa yerə köçürmək olar".
Digər Moskva sakinləri də Kreml divarları yaxınlığındakı qəbirlərin başqa yerə köçürülməsi ideyasını birmənalı qarşılamırlar. Moskva sakini Olqa Moxnatkina belə düşünür: "Qəbirləri başqa yerə köçürmək düzgün deyil. Çünki artıq basdırılıblarsa, onlara toxunmaq günahdır. Ancaq Leninin mumyasını basdırmaq lazımdır. Çünki xristianlığa görə, hamı toprağa verilməlidir"
Qeyd edək ki, sonuncu dəfə burada 1984-cü ildə SSRİ Müdafiə Naziri marşal Dmitriy Ustinov dəfn edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31