Qəbələdə xalq teatrı yenidən fəaliyyətə başlayıb

Qəbələ Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrı uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb

Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, xalq teatrının yeni kollektivi ilk dəfə olaraq böyük həcmli tamaşa hazırlayaraq təqdim edib. Mədəniyyət mərkəzinin səhnəsində milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur" tamaşası böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.  Səhnə əsərinə 500-dən çox rayon sakini baxıb və tamaşaçılar xalq teatrının fəaliyyətini yüksək qiymətləndirib. Tamaşadan sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev teatrın yaradıcı heyəti ilə görüşüb, onları təbrik edərək uğurlar arzulayıb. Nazir müavini Ədalət Vəliyev teatrın kollektivinə yeni səhnə geyimlərinin veriləcəyini və bir neçə nəfərin Bakı teatrlarında təcrübə keçməsi üçün imkan yaradılacağını bildirib. Görüşdə məlumat verilib ki, Qəbələdə xalq teatrı 1964-cü ildə yaradılıb və müxtəlif vaxtlarda xırda səhnəciklər nümayiş etdirib. İlk dəfə irihəcmli səhnə əsərini təqdim edən xalq teatrının kollektivi Qəbələdə dram teatrının formalaşmasına çalışır. Hazırda xalq teatrının aktyor heyəti 2-si ali, 4-ü orta ixtisas təhsilli incəsənət işçisi və 9-u həvəskar olmaqla 15 nəfərdən ibarətdir. Kollektiv daha iki tamaşanın təqdimatına hazırlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31