Turizm İnstitutunun qonağı
25 İyul 2013 13:15 Mədəniyyət"OLAYLAR"ın məlumatına görə, ABŞ-ın ölkəmizdəki səfirliyinin birinci katibi Rocer Riqaud Azərbaycan Turizm İnstitutunun qonağı olub. Bir il əvvəl ölkəmizdə öz missiyasnın icrasına başladığını nəzərə çatdıran cənab Rocer Riqaud gənc ali təhsil müəssisəsi kimi Azərbaycan Turizm İnstitutunun fəaliyyəti ilə maraqlandığını bildirib. Turizmin inkişafı fonunda ATİ-nin ali təhsil müəssisəsi kimi kadr hazırlığı istiqamətində gördüyü işlərdən xəbərdar olmaq istəyini açıqladı. Qonağın suallarını cavablandıran ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov öncə 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutunun inkişaf strategiyası və beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor C.Cəfərov söhbət əsnasında xüsusi vurğuladı ki, 1 fakültə və 3 ixtisasla ilk tədris ilinə başlayan ATİ-də hazırda bakalavr səviyyəsi üzrə 11, magistratura, həmçinin doktorantura səviyyəsi üzrə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. 2013/2014-cü tədris ilindən etibarən tədris prosesinin 3 fakültədə təşkil ediləcəyini diqqətə çatdırıb. Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistratura səviyyəsində iki diplom proqramı haqqında ətraflı danışan rektor hazırda məzunlarımızın müxtəlif turizm müssisələrində uğurla çalışdığını, bir qisminin isə ölkəmizdə və xaricdə təhsillərini davam etdirdiklərini qeyd edib.
Tanışlıq görüşü zamanı qonağa ATİ əməkdaşlarının AHLEI (Amerika Otel Təhsili üzrə İnstitut) təlim kurslarında iştirakı barədə də məlumat verilib. Cənab Rocer Riqaud da öz növbəsində ABŞ-ın turizm müəssisələri, ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətlərində təkliflərin araşdırılacağını diqqətə çatdırıb.