“Kino haqqında” qanun hazırlanacaq
25 İyul 2013 13:05 MədəniyyətMilli Məclisin payız sessiyasında mədəniyyət sahəsində bir sıra qanunların müzakirəyə çıxarılması planlaşdırılır. Bu barədə məlumat verən MM-in mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə "Kino haqqında" Qanun üzərində iş aparılacaq: "Muğam və aşıq sənəti ilə bağlı layihələrimiz də var. Muğam sənəti ilə bağlı layihə artıq komitədə müzakirə olunub, amma plenar iclasa buraxılmayıb. Bu qanun layihələrini komitənin sədr müavini Rafael Hüseynov hazırlayıb. Kulinariya mədəniyyəti ilə bağlı layihə hazırlanıb, müvafiq komitələrlə birlikdə onun üzərində də işləyəcəyik. Bundan əlavə planımızda var ki, Azərbaycanın böyük mədəniyyət mərkəzləri, onların qorunması, inkişafı ilə bağlı qanun layihələri hazırlayaq. Məsələn, Naxçıvan, Şəki, Gəncə bizim üçün təkcə şəhər, yaşayış yeri deyil, həm də xüsusi mədəniyyət sistemidir, tarixidir və özünəməxsus etnoqrafik xüsusiyyəti olan regionlardır. Bu məsələlərlə bağlı təkliflərimiz var".