Faiq Balabəyli şəxsiyyətinə bir baxış...

(Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Qızıl qələm" media mükafatı laureatı, şair-publisist, siyasətçi, eyni halda jurnalist və kapitan hörmətli Faiq müəllim Balabəyliyə ithaf olunur!)

Bu qısa yazıda əziz oxucuların doğma yurdumuz Cəlilabadın tanınmış simalarından sayılan, şair-publisist, siyasətçi, jurnalist və kapitan hörmətli Faiq Balabəyli ilə daha yaxından tanış olmasına çalışacam:

Qısa bioqrafik məlumat:

Faiq Balabəyli: 1964-cü il fevral ayının 23-də keçmiş Astraxanbazar (indiki Cəlilabad) rayonun Sabirabad kəndində bir zəhmətkeş ailədə anadan olub. 1971-1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981-1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub.

1982-1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992-1994-cü illər ərzində iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 2011-2014 cü illərdə Bakı Slavyan Universitetində təhsil alıb. ADDA-nın nəzdində Azərbaycan Dənizçilik Kollecində gəmi sürücüsü ixtisası üzrə yenidən dənizçilik sahəsində təhsil alıb. 1996-2017-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib. Bundan əlavə, "Yeni Xəbər" və "Millətin səsi" qəzetlərinin baş redaktor, "Axar.az" saytında müxbir vəzifəsində çalışıb. Hazırda "Müstəqil.az" saytının yaradıcısı və baş redaktorudur.

Faiq Balabəyli 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2009-cu ildə ədəbi fəaliyyətinə görə Prezident təqaüdünə təsdiq olunub. Siyasi fəaliyyətlə də məşğul olur.1998-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, 1999-cu ildən VHP Xətai Rayon Təşkilatının sədri, 2003-cü ildən isə VHP Siyasi Şurasının üzvüdür. İndiyədək Azərbaycan və eləcə də, qardaş Türkiyə, həmçinin, Rusiya, Tatarısrtan, İraq-Türkmən Cəbhəsi və Özbəkistanın bir sıra ədəbi ödülləri ilə təltif edilmişdir. Bundan əlavə, baş ofisi Bişkəkdə olan "Yanqi Ovoz" Orta Asiya Yazarları və Tarixçilər Birliyinin təsis etdiyi "Turan birliyi" medalına layiq görülüb.

O, "Eh ayrılıq, nə yamansan" (1993), "Kəsilməyən həyacan fiti" (2003), "Sənə yazılan şeirlər" (2005), "Burda darıxmaq olmaz" (2008), "Yaşıl yuxulu dəniz" (2010), "Yaxın uzaq Elazıx" (2011), "Bayıldan bayıra" (2017), "Yağışdan sonra" (2018), "Bakı buxtası - 20 yanvar" (2022). "Dənizçilərimiz Vətən müharibəsində", "Onlar qəhrəmandır" (2022) kitablarının müəllifidir. Əsərləri rus, ingilis, fransız, alman, mürcü, ivrit, türk, özbək, tatar və qırğız dillərinə tərcümə edilib.

Bundan əlavə, Milli qəhrəman Polad Həşimov haqqında "Qarabağ müharibəsinin ilk qalib genaralı", mərhum şairəmiz Fərqanə Mehtiyeva haqqında "Mən sizə darıxmaq öyrədəcəyəm", nəvəsi Dənizə ithaf olunan "Dəniz" və vətənpərvərlik ruhundan "Sən Vətənə bənzəyirsən" kitablarının tərtibçisidir. Qeyd etmək lazımdır ki, Faiq müəllim hal-hazırda AXDG QSC XDND İdarəsində gəmi kapitanı, eyni zamanda da "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinin sədridir.

Eyni zamanda "Müstəqil.az" portalının baş redaktoru vəzifəsində çalışan Faiq Balabəylinin iki övladı, 4 nəvəsi var. Oğlu Tural hər sahədə atasının davamçısıdır. ADDA-nın gəmi sürücüsü və naviqasiya mühəndisliyi fakultəsini bitirib. Dənizçidir. Tural Balabəyli həm də, şairdir. İndiyədək onun iki kitabı işıq üzü görüb və gənc yazar kimi Prezident təqaüdünə layiq görülüb.

Xüsusiyyətləri:

Doğma elimizin tanınmış və görkəmli şair-publisisti, siyasətçisi, peşəkar jurnalisti və Xəzər dənizində gəmi kapitanı hörmətli Faiq Balabəylinin bir sıra dəyərləri, bariz xüsusiyyətləri vardır. Bununla bağlı aşağıdakıları qeyd edə bilərəm:

1. Vətənpərvərlik;

2. Dövlətçilik;

3. Öz milli kimliyi və milli-mənəvi dəyərlərinə sadiq;

4. Siyasətçi;

5. Ziyalı, mədəni və mərhəmətli;

6. Dərin duyğu və incəsənət vurğunu;

7. Həyatda çoxşaxəli şəxsiyyət;

8. Mehriban ata və gözəl ailə başçısı və s...

Subyektiv baxışım:

Faiq müəllimi ətraflı şəkildə vəsf etmək, barəsində daha geniş danışmaq olar. Çünki həyatda elə insanlar var ki, malik olduqları əhatəli və çoxşaxəli bacarığa görə onların barəsində yalnız bir neçə səhifəlik məqalə kifayət etmir. Lakin burada ixtisara riayət edərək onun şəxsiyyəti barədə subyektiv baxışımı, öz ürək sözlərimi yazmaq istərdim:

Faiq Balabəyli doğma yurdumuzun fəxarətlə adını dilə gətirə biləcəyimiz görkəmli simalarından sayılır. Adətən, insanlar Ulu Tanrının onlara bəxş etdiyi bir ömür boyu yalnız müəyyən bir sahədə çalışır və müəyyən bir sahənin peşəkarı ola bilirlər. Lakin həyatda nadir insanlar da var ki, onlar müəyyən bir sahənin deyil, müxtəlif və çoxsaylı sahələrin peşəkarı sayılaraq müxtəlif sahələrdə uğurlara imza atmağı bacarırlar. Heç şübhəsiz, onlardan biri də, doğma Cəlilabad diyarı ilə yanaşı həm də Odlar Yurdu Azərbaycanımızın tanınmış simalarından sayılan hörmətli Faiq müəllim Balabəylidir.

Faiq Balabəyli dedikdə, istər-istəməz insanın zehnində ədəbiyyat, dərin duyğulu şer-poeziyadan jurnalistika və siyasət sahəsi, oradan isə ucsuz-bucaqsız dalğalı dəniz üzərində üzən gəmi və gəminin kapitanı canlanır. Bu, əslində onun həyatda çoxşaxəli bir insan olması ilə bağlı olan bir məsələdir. Çünki bu dəyərli insan şer və poeziyada olduğu kimi, həm də jurnalistika və siyasət, həmçinin gəmiçilik sahələrində peşəkarlıq qazanmış çoxşaxəli şəxsiyyətdir. Bu baxımdan, Faiq müəllim həyatda tək bir insan olsa da, əslində bir neçə sahədə sərgilədiyi peşəkarlığa görə sözün müsbət mənasında bir neçə insan və bir neçə şəxsiyyət kimi özünü təsbit etmişdir. O, şer və poeziyanı dənizə, dənizi ədəbiyyata, hər ikisini də jurnalistika və siyasət sahələrinə aparıb birləşdirən bacarıqlı və çoxşaxəli həmyerlimizdir. Bütün bunlar onun həyatda daxili zənginliyindən, bir şəxsiyyət olaraq əhatəli bacarığından xəbər verir.

Faiq müəllim müsahibələrinin birində öz maraqlı həyat hekayəsini belə izah edir: "Mən balaca olanda kənddə uşaqlarla uydurduğumuz oyunlar var idi. Kəndimizdə bir çay axırdı və çox dərin idi, indi quruyub. Uşaqlarla kağızlardan quş və gəmi düzəldirdik. Quş düzəldənlərin heç biri gedib təyyarəçi ola bilmədi. Mən isə gəmi düzəldib üzərinə də lövbər çəkirdim. Və gəmiçi oldum. Uşaqlıq arzularım, xəyallarım məni gəmiyə gətirib çıxardı.

Vasif Süleyman mənim haqqımda "Mən dənizi qısqanıram" adlı bir yazı yazmışdı. Onda hələ gənc idim. Deyir Faiq kağızdan gəmi düzəldərdi. Həmin gəmini də çaya buraxardı. Çaylar da sözsüz ki, üzü dənizə gəlir... Bax, mən o kağız gəminin arxasınca düşüb gəlib bura çıxdım...

Sonra gördüm ki, ən böyük dəniz mətbuatdı, yazmaqdı. Və uzun müddət mətbuatda çalışdım. "Ədəbiyyat qəzeti"ndə, ondan əvvəl "Şimali Azərbaycan"da. Bir neçə qəzetin baş redaktoru oldum. İndi də "Müstəqil.az" saytının baş redaktoru və həm də gəmi kapitanıyam. Dənizdən, gəmidən heç vaxt uzaqlaşmadım. Mən mətbuatla dənizçiliyi paralel aparmışam..." (Mənbə: "Lent.az" internet portalı).

Bu dəyərli şəxsiyyət həyatda çoxşaxəli bacarıqları ilə yanaşı həm də, gözəl ziyalı, xüsusilə də, öz milli kimliyinə möhkəm bağlı olan türkçü, dövlətçi və vətənpərvər insandır. Bütün bunlar onu çoxsaylı insanlar tərəfindən sevdirən, böyük hörmətə layiq görən xüsusiyyətlərdir.

Arzu və diləyim:

Ulu Tanrıdan doğma diyarımızın tanınmış simalarından sayılan, Odlar Yurdu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-publisist, eyni halda jurnalist, siyasətçi və kapitan hörmətli Faiq müəllim Balabəyliyə uzun və mənalı ömür, həyat xoşbəxtliyi, həmçinin çoxşaxəli həyatının hər bir sahəsində yeni-yeni uğurlar diləyirəm!

İlqar İsmayılzadə (İlahiyyat elmləri üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru və Azərbaycan Jurnalistlər Birliyinin üzvü)

[email protected]

29.09.2022

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31