Qarabağın qapısı sayılan Yevlaxda yazıçı Yunus Oğuzla şəhər ictimaiyyətinin görüşü keçirilib - MÖHTƏŞƏM GÖRÜŞ

Qoca Səmədov: “Yunus Oğuzun bütün kitabları, əsərləri bizim milli köklərimizdən qaynaqlanıb, bizim xalqın, türk xalqının mərdliyi, rəşadəti, cəsarəti ilə tərənnüm olunub”

Yunus Oğuz: ""Gənclərimizin, uşaqlarımızın gözünü açmalıyıq ki, bizim tariximiz nədir və o tarixlə fəxr edin"

Yunus Oğuz nuru ətrafında görüş

Son illər qələmə aldığı bir sıra tarixi romanları ilə bu sahədə yenilik edən yazıçı-publisist Yunus Oğuz yaradıcılığına geniş oxucu marağı artır. Məhz bunun göstəricisidir ki, həm ölkə xaricində, həm də respublikanın ayrı-ayrı bölgələrində oxucuların Yunus Oğuzla görüşü təşkil olunur, yazıçı ilə oxucuları arasında canlı ünsiyyət yaradılır. Belə görüşlərdən biri bu günlərdə Yevlax şəhərində baş tutub. Şəhər İcra Hakimiyyəti və Yevlaxın "Kür" qəzetinin birgə təşkilatçılığı gerçəkləşən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, rayonun ictimai xadimləri, eləcə də kütləvi informasiya vasitələrinin rəhbərləri də iştirak edib. Tədbiri giriş sözü ilə açan Yevlaxın "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı deyib ki, görüşdə məqsəd yazıçı-publisist Yunus Oğuzu yevlaxlı oxuculara daha yaxından tanıtmaqdır. Yunus Oğuzun tarixi romanlar müəllifi kimi təkcə Azərbaycanda deyil, eləcə də ölkənin hüdudlarından kənarda da tanındığını qeyd edən baş redaktor yazıçının əsərlərinin Yevlax ictimaiyyəti tərəfindən də sevə-sevə oxunduğunu, Yunus Oğuz yaradıcılığına Yevlaxda böyük maraq olduğunu vurğulayıb. Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov qonaqları və şəhər ictimaiyyətini salamlayaraq qeyd edib ki, yevlaxlılar tanınmış yazıçı-publisist Yunus Oğuz nuru ətrafına toplaşıblar.  Yevlaxın ümummilli lider Heydər Əliyevin dediyi kimi Qarabağın qapısı olduğunu diqqətə çatdıran Qoca Səmədov bildirib ki, bu kimi tədbirlərin Yevlaxda təşkil edilməsi də bunu deməyə əsas verir: "Yunus Oğuzun bütün kitabları, əsərləri bizim milli köklərimizdən qaynaqlanıb, bizim xalqın, türk xalqının mərdliyi, rəşadəti, cəsarəti ilə tərənnüm olunub. Bu gün hər bir azərbaycanlı bu kitabları oxumalı, onlardan bəhrələnməlidir. Mən belə bir tədbiri Yevlaxda keçirdiyinə görə qonaqlara "çox sağ ol" deyirəm və Yunus Oğuza yaradıcılığında yeni-yeni uğurlar arzulayıram".

                      Xalqa gerçək tarixi çatdıran yazıçı

Şəhər 5 saylı orta məktəbin müəllimi Əmiraslan Bəşirov deyib ki, bu görüşlə yevlaxlılar türkçülük, azərbaycançılıq məfkurəsinin işığına toplaşıblar. Çıxışında Yunus Oğuzun qələmə aldığı əsərlərə toxunan Əmiraslan Bəşirov ayrı-ayrı dövrlərdə saxtalaşdırılan Azərbaycan tarixinin Yunus Oğuzun sayəsində üzə çıxdığını, tanınmış sərkərdə və qəhrəmanlarımızın öz layiqli yerini tutduğunu söyləyib: "Antitürk qüvvələr və antitürk siyasətin artdığı indiki dünyada bizim silahımız məqsədyönlü elmi fəaliyyət, tədqiqat və Avropada özünə oxucu rəğbəti qazana bilən nəşrlərə yol açmaqdır. Türkün tarixi yenidən yazılmalıdır. Bunun üçün yeni elmi qüvvələr, yeni tədqiqat işləri lazımdır. Bu missiyanı böyük cəsarətlə öz üzərinə götürənlərdən biri də tarixi romanlar, elmi-publisistik əsərlər müəllifi, tədqiqatçı Yunus Oğuzdur. Yunus Oğuzun qələmə aldığı "Attila", "Əmir Teymur", "Nadir şah", "Təhmasib şah" romanları tarixdən götürülüb. Onun tarixi roman janrına müraciət etməkdə məqsədi türk xalqlarının böyük dövlət xadimləri və sərkərdələrinin şübhə altına alınmış və hakimiyyət qüdrəti üzərinə salınmış qara örtükləri götürməkdir. Bu Yunus Oğuzun türk xalqları qarşısında fövqəladə xidmətidir. Yunus Oğuz elə şəxsiyyətləri qələmə alıb ki, əsrlər bir-birini əvəz etsə də həm Şərq, həm də Avropanın özündə onlara maraq nəinki azalmayıb, əksinə öz aktuallığını qoruyub saxlayıb". Əmiraslan Bəşirov deyib ki, Yunus Oğuz yaradıcılığının məhsulu olan əsərlər Azərbaycan sərhədlərini aşaraq Ukrayna, Böyük Britaniya, qardaş Türkiyədə nəşr olunmaqla böyük şöhrət qazanıb. Onun sözlərinə görə, bu təkcə Azərbaycan deyil, türkdilli ədəbiyyatın böyük nailiyyyətidir. Əmiraslan Bəşirov bildirib ki, xarici ölkələrdə nəşr olunmaq, özünə oxucu rəğbəti qazanmaq Azərbaycan yazıçısı üçün böyük ədəbi hadisədir. Natiq qeyd edib ki, Yunus Oğuzun bir müsbət cəhəti də Azərbaycanın dahi sərkərdələri, qəhrəmanları və hökmdarlarını xalqa olduğu kimi çatdırmasıdır: "Azərbaycan tarixi nəşrlərində Əmir Teymur, Nadir şah qaniçən kimi təqdim olunub. Tariximizin bir çox dövrləri qəsdən saxtalaşdırılıb, təhrif olunub. Şahlarımız əmir, ölkəmiz isə əyalət adlandırılıb. Yunus Oğuz bütün bunlara öz romanlarında aydınlıq gətirib, xalqa öz gerçək tarixini çatdırıb. Yunus Oğuz ədəbi proseslər və tədqiqat işlərində təkcə Azərbaycanı deyil, eləcə də türk dünyasını təmsil edib. Ortaq türk əlifbası, türk mədəniyyətlər məsələsinin gündəmə gətirildiyi bir zamanda ortaq ədəbi proseslər və tədqiqat işlərində iştirak etmək böyük bacarıq və fəaliyyət tələb edir ki, Yunus Oğuz öz qələmi və yaradıcılığı ilə bunları təsdiqləyib. Sərhədlərimizdən uzaq ölkələrdə onun əsərləri türkün kitabı kimi oxunur". Daha sonra Yevlax  Mərkəzi Mədəniyyət  Evinin musiqi kollektivi tərəfindən bir-birindən maraqlı ifalar səsləndirilib, rəqs nümunələri nümayiş olunub. Həmçinin mədəniyyət və incəsənət evinin aktyorlarının ifasında "Əmir Teymur" romanından səhnəcik göstərilib 

Yunus Oğuz türk ocağının mərkəzində

Mərasimdə çıxış edən yazıçı-publisist Yunus Oğuz Yevlax ictimaiyyəti ilə görüşməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb və belə bir görüşün keçilməsinə maraqlı olduğunu dilə gətirib. Yevlaxda daha çox rəsmi tədbirlərdə olduğunu qeyd edən Yunus Oğuz yazıçı kimi şəhər ictimaiyyəti ilə görüşməyin daha maraqlı və ürəkaçan olduğunu deyib: "Biz kütləvi informasiya vasitələrinin xətti ilə Əminə xanımla səfərlərdə tez-tez oluruq. Bir dəfə Əminə xanıma dedim ki, mən dünyanın hər yerinə gedirəm və ayrı-ayrı ölkələrdə kitablarım təqdim olunur, ancaq niyə Yevlaxda olmuram? Əminə xanım bildirdi ki, məsləhətləşim və belə bir tədbiri həyata keçirərik. Sağ olsun Əminə xanımı ki, məsləhətləşdi və belə bir görüçün keçirilməsi reallaşdı. Bu gün çox şadam, məsudam ki, türk ocağının mərkəzi olan Yevlax ictimaiyyəti, Ərəş camaatı ilə görüşürəm". Qələmə aldığı tarixi romanlarda Yevlaxı, Ərəş mahalını yaddan çıxarmadığını deyən yazıçı bildirib ki, şəhərin əvvəlki adını "Təhmasib şah" romanında qeyd edib: "Təhmasib şahın buradan Gürcüstana səfər etməsi, Şəkiyə gedib oranı almasını qeyd etmişəm. Yəni, mənim diqqətimdə Ərəş, Yevlax həmişə olub. Çünki Yevlax mənim üçün əziz bir yerdir, mən bu insanları dəyanətinə, mətanətinə görə, çox sevirəm. Fikirləşirəm ki, yevlaxlılar buna layiqdirlər". Daha sonra yazıçı Yevlax ictimaiyyətini maraqlandıran sualları cavablandırıb. Tarixi romanlara üstünlük verməsinin səbəbi barədə danışan Yunus Oğuz tarixi elmi-həqiqətləri xalqa çatdırmağın vacib olduğunu vurğulayıb: "Çünki tarixi həqiqətləri gənclərimizin, uşaqlarımızın məktəblərdə öyrənə bilmələri, eləcə də onların gələcəkdə millətini, dövlətini, xalqını sevmək üçün tarixi romanlara ehtiyac var. Onlar məhz həmin dövrdən formalaşmalıdırlar. Biz o dövrdən formalaşmışıq, tarixi əsərləri oxumuşuq. Biz o zaman az qala özümüzü öldürürdük ki, niyə inqilabçı olmadıq. Hətta oktyabr inqilabı ilə fəxr edirdik. Ancaq indi məlum olur ki, o zaman bizi aldadıblar. İndidən gənclərimizin, uşaqlarımızın gözünü açmalıyıq ki, bizim tariximiz nədir və o tarixlə fəxr edin. Məhz ona görə də gənclərimiz üçün tarixi romanlar yazıram". Yunus Oğuz tarixi romanlarla yanaşı müxtəlif şeirlər, pyeslər, hekayələr müəllifi olduğunu da diqqətə çatdırıb. Bildirib ki, 15 yaşından etibarən şeirlər yazıb və artıq 37 ildir ki, jurnalistika sahəsində fəaliyyət göstərir: "Ancaq indi sandıq ədəbiyyatına nəzər yetirib 15 yaşlı gəncin yazılarına baxanda utanıram ki, bunları mən yazmışam. Ədəbiyyat elə bir şeydir ki, təbii olsa yazacaqsan, təbi olmasa yazmayacaqsan. Bizdə də hər iki nəfərdən birinin təbi gəlir". Yazıçı qədim tarixlə yanaşı müstəqil Azərbaycanın tarixinə müraciət edib-etməyəcəyinə də aydınlıq gətirib. Qeyd edib ki, ilk növbədə keçmişin tarixi kölgəsini üzə çıxarmaq lazımdır: "İlk növbədə gərək keçmişin tarixi kölgəsini üzə çıxaraq. Müstəqil tarix onsuz da əlimizin altındadır. Əslində bir çoxları yazırlar. Hətta bir müddət elə oldu ki, müasir tarixin ağını çıxardılar və artıq rəsmi qərar verildi ki, bunlardan yazmayın. Kimsə Azərtacın yazılarını götürüb kitab halına salır və sonra da deyir ki, hansısa şəxs barəsində kitab yazmışam. Müstəqil tariximiz bütün sənədlərdə var və xalq da onu kifayət qədər bilir. Zaman gələndə onu da yazacağam". Yazıçı "Nadir şah" tarixi romanını yazarkən adı çəkilən şəxsiyyət barədə şifahi xalq ədəbiyyatında əksini tapan materialara nəzər salıb-salmadığına da aydınlıq gətirib. Bildirib ki, anoloji sual bir müddət əvvəl Ağcabədi rayonundakı Avşar kəndinin nümayəndəsi tərəfindən də verilib: "İctimai Televiziyada canlı yayım zamanı Ağcabədi rayonundan zəng gəldi və bir nəfər ağsaqqal mənə müraciət edərək "Sən avşarlardansan" dedi. Cavabıımda isə bildirdim ki, yox. Dedi bəs Nadir şahı niyə yazmısan? Fikirləşirəm ki, Nadir şah yalnız sizindir, Nadir şah bütün türk dünyasınındır. Eyni sualı həmin insan da mənə verdi ki, sən gəlib bizdən nəsə soruşmusan və ya Nadir şah haqqında olan bayatıları, əfsanələri kitaba daxil etmisənmi? Cavab verdim ki, xeyir. Çünki bu tarixi romandır və tarixi sənədlər burada əsas götürülür. Bayatıları tamamilə başqa bir şəkildə Əmir Teymur və Nadir şahda vermişəm. Bayatılar, tarixi əsərlər, mənbə deyil, tarixi yaddaşdır. Əgər mən tarixi mənbədən istifadə etməsəydim bir nəfər tənqdiçi deyərdi ki, tarixi təhrif edib, düz yazmayıb və Yunus Oğuzun romanlarına inanmayın. Mənim üçün birinci növbədə tarixi mənbələr əsasdır". Yazıçı-publisist Elçin Hüseynbəyli belə tədbirlərin keçirilməsini alqışlayıb və bildirib ki, bu cür görüşlər yazıçılar üçün bayramdır.

Yunus Oğuz tariximizi dirçəldir

Elçin Hüseynbəyli deyib ki, yazıçıların oxucusu heç zaman çoxluq təşkil etməyib. Yalnız Sovetlər dönəmində yazıçıların kütləvi oxucuları olub: "Çünki yazıçılar çox iddialı, sözünü deməyi bacaran, hansısa bir proqram və ideya ilə çıxış edən fərdlər olub. Onlar indi də sizlərin aranızdadır. Düşünürəm ki, əsil yazıçı mühiti də bu gün burada yaşanır". Yunus Oğuzla tanışlıq tarixinə nəzər salan Elçin Hüseynbəyli deyib ki, ki, o, həmişə ağ atın belində olan insandır: "Özü də o atı çapır. Yəni həm hərəkat, həm də siyasi dövrdə, eləcə də türkçülüklə bağlı yazdığı əsərlərdə Yunus Oğuz özünü dəyərli bir insan kimi cəmiyyətə təqdim edib. İnsanlar tarix kitabından yox, tarixi romanlardan öyrənirlər. Çünki tarixi romanlar quru faktlara söykənmir. Yunus Oğuz sağ olsun ki, tariximizi dirçəldir". Yazıçı qeyd edib ki, indiki tarixi romanlarımız bazis rolunu oynayır. Hesab edir ki, orada müəyyən səhvlər, naşılıqlar ola bilər. Ancaq bundan sonra yazılacaq tarixi romanlar fərqli rakurslarda, yozumlarda olacaq: "Tariximizin bir qismi Çində, digər qismi fars dilində Tehranın İsgəndəriyyə kitabxanasındadır. Şah Abbas romanını yazarkən bununla qarşılaşdım. Həmin mənbələri əldə etmək çox çətindir. Onu da nəzərə almaq lazımdır ki, bizim tariximizi əsasən xarici yazıçılar yazıb. Bizim tariximizi yazanlar içərisində yeganə Azərbaycan türkü İsgəndər Münşidir. O da Azərbaycan dilinə dəqiq tərcümə edilməyib. Hətta tərcümə edilibsə, belə müəyyən səbəblərdən çap edilməyib". Elçin Hüseynbəyli deyib ki, indiki dövrdə həm kitab yazmaq, həm də onu oxumaq, mütaliə etmək qəhrəmanlıqdır.

Digər xalqların ziyalılarına nümunə

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev yazıçı-publisist Yunus Oğuzun Yevlax ictimaiyyəti ilə görüşünü təşkil etdiyinə görə İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızına təşəkkürünü bildirib. Görüşdə əməyi olan hər bir insana minnətdarlığını ifadə edən baş redaktor deyib ki, Yevlax ictimaiyyətinin Yunus Oğuzla görüşə gəlməsi yevlaxlıların yazıçının şəxsiyyətinə, potensialına verdiyi dəyərdir: "Bunu həm də qədirbilən Yevlax ictimaiyyəti, ziyalılarının tariximizə, mədəniyyətimizə böyük ehtiramı, marağı kimi dəyərləndirirəm. İnanıram ki, Yunus Oğuzun yazdığı romanlarla Yevlaxda tanış olanlar çoxdur və bundan sonra da Yunus Oğuzun qələmə aldığı romanlar oxunacaq. Çünki həmin romanları Yunus Oğuz özü üçün deyil, bizim üçün yazıb". Aydın Quliyev onu da diqqətə çatdırıb ki, Yunus Oğuzun tarixi romanlarında yazılanlarla razılaşanlar olduğu kimi, müəyyən məqamlarla razılaşmayanlar da ola bilər və bu da təbiidir: "Hətta müəyyən mübahisəli məqamlar da ola bilər. Kimlərsə nəyləsə razılaşmaya bilər. O halda istənilən şəxs "OLAYLAR" və ya başqa qəzetlərə, eləcə də Yunus Oğuzun özünə yaza bilərlər ki, hansısa məqamla razılaşmadım və nə üçün bu cür yazmısan. Sizin reaksiyalarınız bizə lazımdır. Çünki sağlam tənqid lazımdır". Aydın Quliyev qeyd edib ki, Yunus Oğuz bu kimi tarixi romanlar yazmaqla çox böyük bir cəsarət nümunəsi ortaya qoyub. Yunus Oğuz o şəxsiyyətlər haqqında yazıb ki,  indiyə qədər bizim onlar barəsində təsəvvürlərimiz tamamilə fərqli olub. Təxminən 20 il əvvəl çap edilmiş dərsliklərə baxsaq, orada Nadir şahı tamamilə başqa formada görərik. Eləcə də bu sıraya Şah İsmayıl, Təhmasib şah, Attilanı aid etmək olar. Hətta elə kitablar var ki, orada Attila haqqında bir kəlmə belə yoxdur. Yazanlar da onları bir qayda olaraq qaniçən, başkəsən, zülmkar, insaniyyət əleyhinə böyük cinayətlər törətmiş insanlar kimi qələmə veriblər. Ancaq Yunus Oğuz çox böyük cəsarət nümunəsi ortaya qoyub və tarixi şəxsiyyətlərimizi olduğu kimi bizə çatdırmağa çalışıb. Bu Yunus Oğuzun çox böyük xidmətidir". Aydın Quliyev deyib ki, Yunus Oğuz öz tarixi romanları ilə digər xalqların yazarlarına bir örnək, nümunə olub: "Yunus Oğuzun türklərin tarixi haqqında bu cür gözəl əsərlər yazması başqa xalqlar və millətlərin ziyalılarını da öz  tarixlərinə bağlayacaq. Yəni, Yunus Oğuz bu cür obyektiv əsərləri ortaya qoymaqla hər bir millətin ziyalısına nümunə göstərir ki, hər bir millətin ziyalısı öz xalqının tarixini belə sevməli, ona qayğı göstərməlidir. Onu nə şişirtməməli, nə də alçaltmamalıdır. Öz tarixini olduğu kimi öyrənməlidir. Ermənilər kimi oğurluq etməməlidirlər. Hamıya məlumdur ki, ermənilərin tarixi yoxdur və onlar bütün ömürləri boyu tarixləri oğurlayıblar. Mən Yunus Oğuza təşəkkürümü bildirirəm ki, xalqımıza, ziyalılara bu cür gözəl əsərlər təqdim edir. İnanıram ki, siz də bu əsərlərin qədir-qiymətini biləcəksiniz.

Cəsarətli insan

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Yevlaxda dəfələrlə səfərdə olduğunu və hər dəfə də bu şəhərdən xoş təəssüratla ayrıldığını söyləyib. Bildirib ki, yevlaxlılarda həm qonaqpərvərlik, həm də səmimiyyət var. Baş redaktor Yevlaxda kitaba, mütaliəyə böyük maraq olduğunu da vurğulayıb. Qeyd edib ki, Yevlaxda kitab oxumağa maraq, hörmət olmasaydı şəhər ictimaiyyətini zorla görüşə cəlb etmək olmazdı: "Sizin üzünüzə baxanda hiss olunur ki, ziyalılarla görüşə, mütailəyə tələbat var. Bunun nəticəsidir ki, bizim görüşümüz baş tutdu və Yunus Oğuzu sizə geniş şəkildə təqdim edə bilirik". Bəhruz Quliyev Yunus Oğuzun həm tarixi romanlar müəllifi, həm də jurnalist kimi cəsarətli olduğunu da diqqətə çatdırıb: "Ümummilli lider Heydər Əliyev qeyd etmişdi ki, jurnalistika çətin və cəsarət tələb edən peşədir. Yunus Oğuz da təkcə yazıçı kimi deyil, jurnalist kimi çox cəsarətli bir insandır. Lazım olanda öz cəsarəti ilə qəzetinin səhifələrində mövqeyini ortaya qoyur, obyektiv fikirlərini cəmiyyətə çatdıra bilir. Bunun nəticəsidir ki, 70 ildən bəri bizə başqa formada çatdırılan tarixi Yunus Oğuz əsl həqiqəti yazıçı dili ilə bədiiləşdirərək çatdırır ". Baş redaktor tarixi roman yazmağın o qədər də asan olmadığını deyib və bildirib ki, tarixi roman yazanda həm də həmin xalqın ənənəsi, mədəniyyəti, irsini bilmək lazımdır: Bəhruz Quliyev onu da qeyd edib ki, Yunus Oğuz türkologiya sahəsində akademik biliyə malik olan bir insandır: "Ümumiyyətlə, bu gün Azərbaycanda türkologiya sahəsində yazanlar çox azdır. Barmaqla göstərilən insanlar var ki, onlar tükologiya sahəsində müxtəlif araşdırmalar, yazılar yazırlar. Onlardan biri də məhz Yunus Oğuzdur". Görüşə yekun vuran "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı yazıçı-publisist Yunus Oğuz başda olmaqla Yevlaxa təşrif buyurmuş qonaqlara minnətdarlığını bildirib. Baş redaktor qeyd edib ki, Yunus Oğuz yaradıcılığına daha yaxından bələd olmaq üçün yevlaxlılar gözəl bir gün yaşadılar. Görüşün sonunda yazıçı-publisist Yunus Oğuz müəllifi olduğu kitablara imza ataraq başda şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov olmaqla Yevlaxın ictimai-siyasi xadimləri və ziyalılarına təqdim edib.

 

Süleyman İsmayılbəyli

Bakı-Yevlax-Bakı

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31