Əliqismət Lalayev doğum gününü doğma kollektivlə qeyd edəcək
Əliqismət Lalayev doğum gününü doğma kollektivlə qeyd edəcək
3 İyul 2019 18:09 Mədəniyyətİyulun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin ad günüdür.
Olaylar.az bildirir ki, hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalan Ə.Lalayev doğum gününü doğma kollektivlə birlikdə qeyd edəcək.
"Teatrımız 109-ci mövsümünü başa vurmaq üzrədir. Çox böyük məsuliyyət hissi ilə deyə bilərəm ki, yekunlaşmaqda olan mövsüm Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üçün çox düşərli və əlamətdar olub. Bu ilin mart ayında ölkə başçısı, cənab İlham Əliyevin Sərəncamı ilə "Akademik" status almağımız ən böyük uğurumuz oldu. Mövsüm boyu teatrımızda bir sıra beynəlxalq tədbirlər keçirilib, neçə-neçə yeni əsərlərin premyerası olub. Kollektivimizin müxtəlif üzvləri səmərəli və uğurlu fəaliyyətlərinə görə il boyu istər rəsmi, istərsə də yaradıcı təşkilatlar tərəfindən təltif olunublar, Fəxri adlara, Prezident mükafatlarına layiq görülüblər.
109-cu mövsümün yekunlaşması ilə əlaqədar olaraq iyulun 4-də teatrımızda mükafatlandırma mərasimi də olacaq. Biz burda müxtəlif nominasiyalar üzrə əməkdaşlarımızı mükafatlandıracağıq. İnsanların əməyini dəyərləndirmək, onlara sevinc bəxş etməkdən ali heç nə ola bilməz. Buna görə də mən də təbii ki, ad günümdə doğma kollektivimlə bir yerdə olacağam və mövsüm ərzindəki uğurlarına görə mükafatlandırılacaq sənət dostlarımla, həmkarlarımızla sevincimizi birlikdə bölüşəcəyik", - deyə Əliqismət Lalayev bildirib.
Qeyd edək ki, Əliqismət Lalayev "Azərbaycan - Orta Asiya Teatr əlaqələri" kitabı ilə yanaşı, bir neçə elmi-nəzəri araşdırmanın və milli mədəniyyətimizin müxtəlif sahələrinə həsr olunmuş yüzlərlə elmi, bədii, publisistik yazıların da müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət Departamentinin direktorudur.