ZƏFƏRDƏN DOĞAN QÜRUR: ALİ BAŞ KOMANDANIN RƏHBƏRLİYİ, AZƏRBAYCAN XALQININ MİLLİ BİRLİYİ VƏ TARİXİ QƏLƏBƏ

Xalqımızın əsrlərdən gələn tarixində elə parlaq səhifələr var ki, onların təsiri sadəcə hərbi-siyasi uğurlarla məhdudlaşmır. Belə hadisələr milli qürur hissini gücləndirir, dövlətçilik şüurunu dərinləşdirir və cəmiyyətin sabaha olan inamını əsaslı şəkildə möhkəmlədir. 2020-ci ildə reallaşan 44 günlük Vətən müharibəsi məhz müasir Azərbaycan dövlətçiliyinin ən qüdrətli zirvəsidir. Bu Qələbə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, millətin dəmir iradəsini və həmrəyliyini bütün planetə nümayiş etdirdi.

Tarixi Zəfərin qazanılmasında Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dərin strateji düşüncə tərzi və uzaqgörən rəhbərliyi həlledici rol oynamışdır. Ölkə rəhbərinin illər boyu həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və müasir standartlara cavab verən ordu quruculuğu hərbi gücümüzün artmasını şərtləndirən əsas amillər oldu. Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin fasiləsiz artırılması, ən son texnoloji yeniliklərin hərbi sferaya inteqrasiyası və şəxsi heyətin peşəkarlığı Vətən müharibəsindəki qələbəni təmin edən təməl daşları idi. 

Liderin idarəetmə modelinin başlıca xüsusiyyətlərindən biri hərbi və siyasi addımların vahid, qüsursuz strategiya daxilində əlaqələndirilməsi idi. 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatlarından başlayaraq atılan hər bir addım, verilən operativ qərarlar Ali Baş Komandanın dəqiq hesablanmış taktikasının nəticəsi idi. Dövlət başçısının əsas ali məqsədi işğalaltı torpaqlarımızın azad edilməsi və tarixi ədalətin bərpası idi. 

Müharibə günlərində Prezident İlham Əliyevin xalqa müraciətləri, eləcə də nüfuzlu xarici media qurumlarına verdiyi müsahibələr informasiya cəbhəsində əsl Qələbə missiyasını yerinə yetirirdi. O, cəbhədəki cari durum barədə ictimaiyyətə dürüst məlumatlar verir, xalqı sıx birləşməyə səsləyir və Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dünya tribunasından çatdırırdı. Prezidentin diplomatik müstəvidə apardığı mübarizə ölkəmizin imicini qorumaqla yanaşı, cəmiyyətdə qələbə əhval-ruhiyyəsini daha da coşdururdu. 

Zəfər tariximizin ən qürurlu zirvəsi şübhəsiz ki, 2020-ci il noyabrın 8-də mədəniyyət paytaxtımız Şuşanın azad olunmasıdır. Azərbaycanın qədim mərkəzinin düşmən tapdağından qurtarılması həm hərbi-strateji, həm də mənəvi-psixoloji baxımdan misilsiz hadisə idi. Çətin relyef və mürəkkəb coğrafi şəraitdə əsgər və zabitlərimizin göstərdiyi misilsiz şücaət hərb tariximizə qızıl hərflərlə yazıldı. Həmin gün Ali Baş Komandanın Şuşanın azad müjdəsini xalqa çatdırdığı an hər bir azərbaycanlının yaddaşına qürur səhifəsi kimi həkk olundu. 

Şuşanın azadlığı Ali Baş Komandanın qətiyyətinin, Ordumuzun igidliyinin və xalqın milli həmrəyliyinin təntənəsi idi. Bu tarixi Qələbə vahid bir məqsəd - Vətənin xilası ətrafında sıx birləşən xalq-ordur birliyinin qələbəsi kimi dəyərləndirilməlidir. 

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat müharibənin hərbi fazasına nöqtə qoyaraq bölgədə tamamilə yeni geosiyasi reallıqlar formalaşdırdı. Bundan dərhal sonra qarşıda duran prioritet vəzifələr dağıdılmış ərazilərin dirçəldilməsi, təhlükəsizlik mühitinin yaradılması və doğma yurdlarından didgün düşmüş soydaşlarımızın tədricən evlərinə qayıtmasının təmin edilməsi oldu. 

Hazırda Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa-quruculuq layihələri əldə olunan hərbi Zəfərin məntiqi davamıdır. Müasir avtomobil yolları, ağıllı kənd və şəhərlər, qabaqcıl infrastruktur obyektləri və "Böyük Qayıdış" Dövlət Proqramı ölkə siyasətinin əsas prioritetlərindəndir. Bütün bu nəhəng layihələrin təməlində azad torpaqlarda təhlükəsiz, firavan və dayanıqlı həyat mühitinin qurulması dayanır. 

Xülasə olaraq qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsinin, rəşadətli Azərbaycan Ordusunun qüdrətinin və xalqımızın sarsılmaz birliyinin təntənəsidir. Bu möhtəşəm Qələbə dövlətimizin qüdrətini bütün dünyaya göstərdi. 

Zəfərdən süzülüb gələn qürur hissi yalnız keçmişin uğurlarına ehtiram deyil, həm də gənc nəsillər və gələcək illər qarşısında duran böyük məsuliyyətdir. Tarixi qələbənin əsas fəlsəfəsi qazanılmış nailiyyətləri davamlı sülhə, iqtisadi rifaha və tərəqqiyə çevirməkdir. Müzəffər Liderin rəhbərliyi, xalqımızın dəmir iradəsi və dövlətimizin dinamik inkişafı Azərbaycanın parlaq gələcəyinin qarantıdır.

Müəllif: Dos. Əsgərova Fidan Əlinazim qızı , Azərbaycan Dövlət İqtisad Universiteti  (UNEC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31