Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
11:02 SiyasətDövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir.
Bu barədə Prezident İlham Əliyevin "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciətində bildirilib.
"Bu təcrübəmizin 50-dən çox ölkə ilə paylaşılması və artıq müxtəlif ölkələrdə uğurlu tətbiqi "ASAN xidmət"in dövlət xidmətlərinin təşkilində səmərəli institusional model olduğunu sübut edir", - deyə müraciətdə qeyd olunur.
Qeyd edək ki, Bakıda "BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.
2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur.
Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.